Akademik Cəlal Əliyevin Physiologia Plantarum jurnalında dərc edilmiş məqaləsi aktual problemə həsr olunmuşdur

 

 Bu yaxınlarda Avropa Bitki Bioloqları Cəmiyyətinin rəsmi dövri nəşri olan nüfuzlu "Physiologia Plantarum" jurnalında akademik Cəlal Əliyevin "Buğdasoya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı" mövzusunda məqaləsi dərc olunmuşdur. Xüsusi aktuallığı ilə seçilən həmin məqalə bitkilərdə fototənəffüs, karbon metabolizmi və məhsuldarlıq arasında maraqlı və ziddiyyətli bir problemə həsr olunmuşdur.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, akademik Cəlal Əliyevin dünya elminə verdiyi töhfələr fotosintez prosesinin kompleks şəkildə tədqiqini əhatə edir. Bu tədqiqatların əhatə dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofizikimolekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini özündə cəmləşdirir. Bitkilərin həyatında fotosintez qədər əhəmiyyətli olan fototənəffüs prosesi haqqında qiymətli nəticələr əldə edilmişdir.

Akademik Cəlal Əliyevin məqaləsində verilən nəzəri və təcrübi məlumatlar fototənəffüs hadisəsinin başa düşülməsində mühüm rol oynayır. Bu ideya tarla şəraitində becərilən müxtəlif genotiplərdən istifadə etməklə çoxillik, məqsədyönlü və hərtərəfli təcrübələrdən alınan nəticələrə əsaslanmışdır.

Fototənəffüsün israfçılıq olması haqqında uzun illər mövcud  təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast genotiplərlə qaz mübadiləsinin, karbon metabolizminin və RBFK/O fermentinin aktivliyi əsasında müxtəlif üsullarla aparılan 40 illik təcrübələr nəticəsində akademik Cəlal Əliyev tərəfindən sübut edilmişdir ki, fototənəffüs - təkamülün gedişində formalaşmış həyat əhəmiyyətli metabolik prosesdir və bitkilərin məhsuldarlığını artırmaq məqsədi ilə müxtəlif yollarla onu azaltmaq cəhdləri əsassızdır.

Qeyd edək ki, bu qlobal nəticə fotosintez tədqiqatları üzrə beynəlxalq cəmiyyətin (İSPR) keçən il iyulun 24-dən 30-dək Bakıda keçirdiyi konfransda təqdim olunmuş və tədbirin iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılanmışdır.

Dünyada ilk dəfə olaraq azərbaycanlı alimin məqaləsini əks etdirən görüntünün jurnalın üz qabığında verilməsi və məqalənin birinci kimi çap olunması onun əhəmiyyətindən xəbər verir.

 

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 11.