Koreya Respublikasının mütəxəssisləri
ilə görüş keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Koreya Respublikasının RIDD mobil proqram təminatı şirkətinin direktoru Alan Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, görüşdə biliklər iqtisadiyyatının formalaşmasına elmi dəstək verilməsi istiqamətində həyata keçirilən layihələr, aparılan elmi araşdırmalar, Azərbaycan və Koreya Respublikası alimləri arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə olunmuşdur.
İnstitutun fəaliyyəti haqqında geniş məlumat verən bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev aparıcı ölkələrin iqtisadi inkişafının əsasən texnoloji nailiyyətlərə əsaslandığını, bu uğurların qazanılmasında İKT-nin əhəmiyyətli rolu olduğunu qeyd etmişdir. Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən direktor Koreya Respublikasının İKT sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulayaraq, bu sahədə əlaqələrin möhkəmləndirilməsi, Koreya təcrübəsinin öyrənilməsinin zəruriliyini söyləmişdir. O, Azərbaycanda elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin dünyaya inteqrasiyasının təmin edilməsi istiqamətində institutda həyata keçirilən layihələri nəzərə çarpdırmış, mövcud əməkdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyətindən danışmışdır.
A. Kim ölkəsinin İKT-nin inkişafına dair xüsusi proqramlar və layihələr həyata keçirməklə mövcud infrastrukturu inkişaf etdirdiyini, texnoparklar yaradaraq sahibkarlığa dəstək verdiyini, elm, təhsil və iqtisadiyyatın vəhdətini reallaşdırdığını və bununla da dünyada İKT üzrə lider ölkəyə çevrildiyini vurğulamışdır. O demişdir ki, Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir. Bu gün bizim burada olmağımızın əsas səbəbi institutunuzla əməkdaşlığımızı genişləndirmək, təcrübə mübadiləsini reallaşdırmaqdır.
Görüşdə, həmçinin əldə edilən elmi nəticələr, biometrik texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin inkişaf meyilləri, birgə əməkdaşlıq üçün gənc tədqiqatçıların Koreyanın aparıcı elmi-tədqiqat mərkəzlərinə ezam edilməsinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, perspektivlər müzakirə edilmişdir. Milli kompyuter oyunlarından söhbət açılmış, uşaqların vətənpərvər ruhda böyüməsi məqsədi ilə bu oyunlarda adət və ənənələrin əksini tapmasının vacibliyi vurğulanmışdır.
Koreyalı nümayəndələr institutun Tədris-İnnovasiya və Multimedia mərkəzlərində olmuşlar.
Qonaqlar institutda
həyata keçirilən innovativ layihələri,
texniki və təşkilati tədbirləri
yüksək qiymətləndirmişlər.
Azərbaycan.- 2012.- 12 iyul.- S. 11.