Sözün minbir rəngi

 

 Onun haqqında yazılan xatirələrdə, tədqiqatlarda "söz sərrafı" olması fikri tez-tez işlədilir. Həqiqətən də söz onun qələmində mum kimi yumşaq və təsirli olardı. Şair Teymur Elçini oxuduqca sözün minbir rəngini görür, məna dərinliyinə varır, müəllifin sözə münasibətinə, sözlə işləmək qabiliyyətinə heyran olmaya bilmirsən. Azərbaycan uşaq ədəbiyyatının inkişafında, zənginləşməsində özünəməxsus xidməti və rolu olan Teymur Elçin bu sahənin ən qabaqcıl və tanınan nümayəndələrindən biri idi.

Ədəbiyyatşünas alim Zahid Xəlil onun haqqında qələmə aldığı "Söz adamı" məqaləsində yazırdı: "Teymur Elçin bir söz sərrafı kimi əsərlərində kəlmələri zərgər dəqiqliyi ilə seçirdi. Xalqın dilindən eşitdiyi sözləri ustalıqla oxucusuna öyrədirdi". Həqiqətən də yaddan çıxmış, unudulmuş, işləkdən düşmüş elə sözlər var ki, Teymur Elçin bir müəllim kimi onları uşaqlara öyrətmək, başa salmaq məqsədilə şeirlərində işlədib, onun bütün mahiyyətini kiçik yaşlı oxuculara çatdırmağa çalışıb. Məsələn:

 

Qonşuluqda təzə bir ev tikdilər,

Köhnəsini sökdülər.

Köçaköç düşdü,

İlxıya canavar gəldi,

Atlar hürküşdü,

Qaçaqaç düşdü.

 

Teymur Elçin kimi köhnə şairlərin şeirləri həmişə təzətərdir. Onları oxuduqca bir qəlb rahatlığı tapırsan.

Teymur Süleyman oğlu Əliyev 1924-cü ilin yazında Şuşa şəhərində anadan olub. Yeddi yaşında ikən Bakıya köçüblər. 132 saylı Bakı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Oxuduğu illərdə həm də Radio Komitəsində ştatdankənar müxbir, diktor, məsul redaktor vəzifələrində çalışıb. Hələ tələbə ikən İkinci Dünya müharibəsinin başlanması gənc Teymurun həyat tərzini dəyişib. Müharibə illərində müxtəlif səngərlərdə Teymur kursant, kiçik komandir kimi döyüş yolu keçib. Müharibə qələbə ilə başa çatdıqdan sonra vətənə dönən Teymur müxtəlif vəzifələrdə çalışıb. Ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilib. Onu bu vəzifədə görənlər, bir yerdə çalışanlar söyləyirlər ki, teleradio komitəsinə rəhbərlik etdiyi dövrlərdə həmişə dilimizin saflığı keşiyində dayanan bir şəxsiyyət olub. Xüsusilə də gənclərə məsləhət görürdü ki, kortəbii ifadələrdən, xarici sözlərdən qaçmağa çalışsınlar. Xatırlayırlar ki, o vaxt qaboy, klarnet, ney kimi nəfəslə çalınan musiqi alətlərinə adətən "nəfəsli alətlər" deyirdilər. Məhz Teymur müəllimin müdaxiləsi ilə bu söz "nəfəs alətləri" kimi əvəz edildi. O, hər kəsə başa salmağa çalışırdı ki, bu alətlərin özlərinin nəfəsi yoxdur. Onları dilləndirən insan nəfəsidir. Azərbaycan dilinin orfoepiyasına əməl etməyən efirə buraxılmazdı. Teymur Elçin elə bir iş üslubu yaratmışdı ki, verilişlərə cavabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdilər. Çünki sədrin qınağına gəlməkdən çəkinirdilər. Bu gün Azərbaycan teleməkanında baş verənləri nəzərdən keçirəndə həqiqətən bir təəssüf hissi adamı bürüyür. Ləhcələr, jarqon və latayır ifadələr baş alıb getməkdədir. Bəzi özəl kanallara baxanda sanki ekran qarşısında deyil, küçədə, hansısa bir dava-dalaşın, qalmaqalın, qeybətin içindəsən. Vaxtilə Teymur Elçin tərəfindən yaradılmış ənənələrin bu gün də tətbiqinə böyük ehtiyac var.

 

Ədəbi fəaliyyətə hələ orta məktəb illərindən başlayan şair uzun illər o dövrün mətbuatında "Teymur Əlizadə" imzası ilə çıxış etmişdir. Əsasən də uşaqlar üçün yazmağı sevən Teymur Elçinin ilk bədii əsəri 1938-ci ildə çap edilmiş "Azərbaycan" şeiridir. Sağlığında 15-ə yaxın şeir kitabı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ-nin müttəfiq respublikalarında çap edilmişdi. Şair tərcümə ilə də məşğul olurdu. N.Zabila, İ.V.Turgenev, S.Marşak, A.Tudoraş, K.Çukovski, P.Voronko, T.Xovman, Ş.Rəşidov, N.Zəkəriyyə və başqalarının əsərləri Azərbaycan oxucularına məhz Teymur Elçinin tərcüməsində çatdırılıb. Onun bir sıra şeirlərinə mahnılar da bəstələnib. Mənzum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Ədəbi xidməti dövlət tərəfindən dəfələrlə təltiflərlə ("Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri, 7 medal və müxtəlif fəxri fərmanlar) qiymətləndirilib. Dövlət mükafatı laureatı idi. 1975-ci ildən 1988-ci ilədək Azərbaycan mədəniyyət nazirinin müavini işləyib. Milli mədəniyyətimizin daha da çiçəklənməsində Teymur Elçinin də əməyi danılmazdır.

Bütün bunlarla bərabər Teymur Elçin ən məhsuldar uşaq şairlərindən biri idi. XIX əsrin ikinci yarısından təşəkkül tapan uşaq ədəbiyyatının sistemli şəkildə inkişafında S.Ə.Şirvani, F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.Vurğun, M.Seyidzadə, Ə.Cəmil, M.Dilbazi, X.Əlibəyli və onlarca başqaları özlərinə məxsus fədakarlıq göstəriblər. Bu şairlərin əksəriyyətinin əsərləri bir tərbiyə ocağı olub, maarifləndirmək missiyasını şərəflə yerinə yetirib. Nəsillər Abdulla Şaiqin, Sabirin, Səhhətin, eləcə də Teymur Elçinin şeirlərini sevə-sevə oxuyaraq, əzbərləyərək həm özləri öyrəniblər, həm də sonralar övladlarına, nəvələrinə öyrədiblər. Onun çoxlu sayda çapdan çıxmış kitablarının sadəcə adlarına fikir versək, şairin məqsəd və məramı dərhal bəlli olar. "Qar qız", "Bip-bip", "Qulaq asın, danışım", "Qızılduz, Yaşar və Nur nənə", "Din-dan", "Bahar, adlar, uşaqlar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Laylalar", "Şəkərim, duzum", "Xoruzbani gedirəm", "Torağayın nəğməsi", "Toğrul babanın nağıl ağacı", "Balaca Aytən", "Mənim kiçik ulduzlarım", "Oğul Buğac", "Babalar, nənələr, nəvələr" və başqaları. Teymur Elçin uşaq ədəbiyyatının zənginləşməsində çox böyük xidmətə malikdir. Onun şeirlərində dilimizin şəhdi-şirəsi duyulur. Misralar bir-birləri ilə elə ünsiyyət bağlayırlar ki, uşaqlar onu əzbərləməkdə, daha doğrusu, yadda saxlamaqda çətinlik çəkmirlər. Söz sözə bağlanaraq bir-birinin ardıcıllığına, yaddaşda iz salmasına kömək edir. Məsələn, "Gəl, bahar" şeirində təbiətin bu sevimli fəslini görün uşaqlar necə tərzdə çağırırlar:

 

Gəl bahar,

Çətir-çətir

Güllər gətir,

Otaqlara

Dolsun ətir.

 

Burada həm söz oyunu var, həm də ifadələrin mənası uşaqlara öyrədilir və tez də mənimsənilir. Teymur Elçinin şeirlərində daxili bir ritm və musiqi duyulur ki, bu da onların kiçik yaşlı oxucular tərəfindən qavranmasını asanlaşdırır.

Şairin yaradıcılığında yanıltmaclar da diqqət çəkir. Eyni və yaxın, oxşar səslərin ritmik təkrarı, ahəngdarlığı şeirlərə elə qəribə gözəllik gətirir ki, oxuduqca, öyrəndikcə onun cazibəsindən ayrıla bilmirsən. Uşaq ədəbiyyatında ən maraqlı janrlardan biri də laylalardır. Maraqlıdır ki, Teymur Elçin məhz öz laylalarını qələmə alıb. Məsələn, "Anamın laylası" şeirində oxuyuruq:

 

Layla dedim balama,

İl keçə, ay dolana.

Balam gedə yuxuya,

Başına Ay dolana.

Yat, ulduz balam,

Qorxusuz balam.

Ceyran körpə ahuya

Laylasını oxuya.

Canavarın balası

Çoxdan gedib yuxuya.

Yat, qoçaq balam,

Yat, oyaq balam.

 

Uşaq ədəbiyyatının folklordan gələn bir qanadı da tapmacalardır. Müəllifin bu janrda qələmə aldığı söz boxçasının rəngləri çox müxtəlifdir. Sadə və orijinaldır:

 

Gəldi qoyun sürüsü,

Göy üzünü bürüsün (buludlar).

 

Yaxud da:

 

Göydən gələ-gələ

Düşür yerə gilə-gilə (yağış).

 

 Kiçik yaşlı uşaqlar bilməcələrə çox bağlı olurlar. Bunun da yaxşı cəhəti var. Çünki tapmacalar zehni qabiliyyəti üzə çıxarır, ağıl və mühakimənin inkişafında böyük təsiri olur. Uşaq ədəbiyyatı üzrə cəfakeş tədqiqatçılardan biri olan professor Qara Namazov yazırdı: "Tapmacaların köməyi ilə uşaqlarda müəyyən əşya və hadisə haqqında tənqidi mühakimə yürütmək vərdişi, əlamət və keyfiyyətlərə uyğun fəal nəticə çıxarmaq bacarığı, hazırcavablıq tərbiyə olunur". Bu fikirlərin işığında Teymur Elçinin yaradıcılığına diqqətlə nəzər saldıqda görürük ki, tapmaca janrının ən yaxşı nümunələrini yaradıb:

 

Uca-uca evlərə

Pilləkənsiz çıxıram.

Günəşi damcı-damcı

Salxımlara yığıram;

Rəngləyirəm: , qara

Verirəm uşaqlara (üzüm).

 

 İstər yanıltmacları, istərsə də tapmacaları olsun, fərq etmir. Teymur Elçin bütün sözləri elə məharətlə tapıb zərgər dəqiqliyi ilə qafiyələndirib ki, yeni sözlər yaranıb. Bu, həm oxucunu düşündürür, həm də yeni bir ifadənin yaşamasını şərtləndirir. Son dərəcə zəngin bir yaradıcılıq yolu keçən Teymur Elçinin bütün şeirlərində bir səmimiyyət və təzə nəfəs var. Xüsusilə də təbiətdəki bitkilər və heyvanlar aləminə ünvanladığı şeirlər maraqlıdır. Bu şeirlərin hər birinin ahəngində öyrətmək missiyası duyulur. "Kirpinin laylası", "Turacın laylası", "Delfinin laylası", "Siçan balası" kimi şeirlərdə uşaq aləminin minbir marağı nəzərdə tutulub. Bu səbəbdən də Teymur Elçinin şeirlərində əbədi hökm sürən bir sehirli qüvvə var. Oxuduqca ondan ayrılmaq istəmirsən. Maraqlısı da budur ki, müəllifin uşaqlar üçün nəzərdə tutduğu şeirləri böyüklər də həvəs və maraqla oxuyurlar. Yəqin ki, buna əsas səbəb şeirin əsl poetik mündəricəyə malik olmasıdır. Bir də Teymur Elçin kimi söz sərrafları şair doğulduqları üçün şeir yazırdılar, zorən təbib deyildilər. Ona görə də onların şeirləri həmişəyaşar və məftunedicidir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 12 iyul.- S. 11.