Ali ordenlərlə təltif olunma mərasimi

 

 İyulun 12-də Azərbaycan-Tacikistan sənədlərinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.

Prezident İlham Əliyev Tacikistan dövlətinin başçısına Azərbaycanın ali mükafatı - "Heydər Əliyev" ordenini, Prezident Emoməli Rəhmon isə Azərbaycan dövlətinin başçısına Tacikistanın ali mükafatı - "İsmoili Somoni" ordenini təqdim etmişdir.

 

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

 

- Hörmətli Emoməli Şərifoviç!

 

Hörmətli dostlar!

 

Bu gün biz dövlətlərarası münasibətlərimizin inkişafının bir çox sahələrini müəyyənləşdirəcək mühüm sənədlər imzaladıq.

Bu gün biz əziz dostumuz, Tacikistan Respublikasının Prezidenti hörmətli Emoməli Şərifoviç Rəhmonu ölkəmizdə qəbul edirik. İndi Emoməli Şərifoviçə Azərbaycan dövlətinin ali mükafatı, müstəqil Azərbaycanın ən yüksək mükafatı olan "Heydər Əliyev" ordenini təqdim etmək istərdim.

Biz Emoməli Şərifoviçi görkəmli dövlət xadimi, bu gün dünyada böyük nüfuza malik olan, Tacikistantacik xalqının ən çətin dövründə bu ölkəyə rəhbərlik etmiş, onu ağır vəziyyətdən, xaos və vətəndaş müharibəsindən inkişaf və tərəqqi yoluna çıxaran insan kimi tanıyırıq.

Siz uzun illər ərzində qardaş Tacikistana çox uğurlu rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında respublikanızda böyük dəyişikliklər olmuşdur. Sizin respublika inkişaf edir. Mən rəsmi səfərim zamanı Tacikistanın inkişaf dinamikasını şəxsən görmüşəm. Yaxın vaxtlarda yenidən Tacikistana səfər etmək, danışıqlarımızı orada davam etdirmək niyyətindəyəm.

Biz Sizi həm də ölkəmizin dostu kimi tanıyırıq. Siz Azərbaycan dövlətinin dahi lideri Heydər Əliyevlə fəal işləmisiniz. Çox cəhətdən məhz Sizin birgə fəaliyyətiniz sayəsində ikitərəfli əməkdaşlığın bu cür səmərəli formatını yaratmaq mümkün olmuşdur. Mənim atam ilə birgə əsasını qoyduğunuz əməkdaşlıq ənənələri bu gün uğurla davam etdirilir.

Biz Sizi dövlətimizin və xalqımızın bütün problemlərinə həssaslıqla yanaşan insan, Azərbaycanın dostu kimi tanıyırıq. Sizə Azərbaycan dövlətinin yüksək mükafatını təqdim etmək, Sizə və qardaş tacik xalqına ən xoş arzularımı, yeni uğurlar və firavanlıq diləyimi bildirmək imkanına görə çox məmnunam.

Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Prezident Emoməli Rəhmona təqdim etdi.

 

*   *   *

 

Tacikistan Prezidenti Emoməli RƏHMON minnətdarlığını bildirərək dedi:

 

- Hörmətli həmkarlar!

 

Əziz dostlar!

 

Mən hörmətli İlham Heydər oğlunun söylədiyi fikirlərlə tamamilə razıyam. Biz hələ Heydər Əliyev ilə başladığımız işləri davam etdirmişik davam etdirəcəyik. Heydər Əliyev çox müdrik siyasi xadim idi. Mən bu ordeni bütün xalqıma verilən mükafat kimi qiymətləndirirəm. Biz həmişə yaxşı münasibətlər qurmağa çalışmışıq. Mən xalqım ölkəm üçün çətin illərdə bir sıra məsələlər barəsində həmişə Heydər Əliyevdən məsləhət almağa çalışmışam. O vaxtdan bəri biz yaxşı münasibətlər qurmuşuq.

Azərbaycanla dostluğumuz davam edir, ikitərəfli münasibətlərimizi inkişaf etdiririk. Bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığımız son 10 ildə xüsusilə dinamik inkişaf edir. Bugünkü görüşün yaxşı nəticələri vardır.

Mənim qardaşım, hörmətli İlham Heydər oğlunun dəvəti ilə bugünkü rəsmi səfərim ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəkdir.

Bu gün biz ikitərəfli ticari-iqtisadi humanitar sahələrdə, dövlətlərimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərində yeni, çox perspektivli plan haqqında razılıq əldə etdik.

Biz mənim dostum, hörmətli İlham Heydər oğlunu Tacikistan-Azərbaycan əməkdaşlığının möhkəmlənməsində, ikitərəfli əməkdaşlığın inkişafında xidmətlərinə, bütün beynəlxalq forum təşkilatlarda Tacikistanın mövqeyini, təşəbbüslərini dəstəklədiyinə görə Tacikistan Respublikasının ali mükafatı olan "İsmoili Somoni" ordeni ilə təltif etməyi qərara almışıq. Biz bir-birimizin təşəbbüslərini həmişə dəstəkləyirik.

İcazə verin, bu mükafatı dostum İlham Heydər oğluna təqdim edim. Sizi təbrik edirəm.

Prezident Emoməli Rəhmon "İsmoili Somoni" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

 

*   *   *

 

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV mükafat üçün minnətdarlığını bildirərək dedi:

 

- Əziz dost!

 

Mənim əməyimi belə yüksək qiymətləndirdiyinizə görə çox sağ olun. Sizə səmimi demək istəyirəm ki, bundan sonra da ölkələrimiz xalqlarımız arasında dostluq qardaşlıq münasibətlərini möhkəmlətmək üçün var qüvvəmlə çalışacağam. Bu münasibətlərin çox böyük tarixi vardır. Xalqlarımız həmişə qardaşlıq anlaşma şəraitində yaşamışlar.

Bu gün biz iki müstəqil dövlət kimi yenə bir yerdəyik, əməkdaşlığın möhkəmləndirilməsi regional təhlükəsizlik kimi mühüm məsələləri yenə birlikdə həll edirik.

Mən qardaş Tacikistan ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsi üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Bu ali mükafata görə bir daha sağ olun.

Prezident Emoməli RƏHMON: Sağ olun!                                        

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 2.