Ali qonağın şərəfinə
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilmişdir.
Tacikistan Prezidenti ilə ikitərəfli əlaqələr, həmçinin regional məsələlərə dair müzakirələr apardığını deyən Prezident İlham Əliyev səfər zamanı bir çox sahələri əhatə edən mühüm sənədlərin imzalandığını qeyd etdi. "Tacikistan və Azərbaycan müstəqil ölkələr olaraq öz gələcəyini uğurla qurur", - deyən Azərbaycan dövlətinin başçısı hər iki ölkənin 20 il ərzində inkişaf və tərəqqi yolu keçdiyini vurğuladı. Bu illər ərzində xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndiyini, bunun da öz növbəsində dövlətlərarası münasibətlərin inkişafına təkan verdiyini vurğulayan Prezident İlham Əliyev dedi:
- Bu gün biz iqtisadi sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün hərtərəfli müzakirələr apardıq və müvafiq tapşırıqlar verdik. Yaxşı perspektivlər mövcuddur və biz bu perspektivlərin real olduğunu görürük. Əminəm ki, müvafiq qurumlara verilən tapşırıqlar yaxşı nəticələrə gətirib çıxaracaq və bizə ticarət dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcəkdir. Energetikanı, sənayeni, sərmayələri əhatə edən bu layihələr ölkələrimizin yaxınlaşmasına xidmət edəcək, regional əlaqələri möhkəmləndirəcəkdir. Regional problemlərə, regional əməkdaşlığa gəldikdə, deməliyəm ki, Tacikistan Mərkəzi Asiyada, Azərbaycan Xəzər hövzəsi və Qafqazda sülhün, təhlükəsizliyin, regional əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bu gün həmçinin nəqliyyat siyasəti məsələləri müzakirə olundu. Əminəm ki, regionda həyata keçirilən nəqliyyat təşəbbüsləri ölkələrimizə tam şəkildə öz iqtisadi potensialını reallaşdırmağa imkan yaradacaqdır.
Prezident İlham Əliyev bildirdi ki, bugünkü danışıqlar bir daha Tacikistan və Azərbaycanın regional və qlobal siyasətə dair bir çox məsələlərdə oxşar mövqelərinin olduğunu təsdiqlədi. "Biz beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləyirik, həmişə bir-birimizə səs veririk", - deyən dövlət başçısı buna nümunə kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi zamanı Tacikistanın dəstəyini xatırladı. Prezident İlham Əliyev bu səfərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin göstəricisi olduğunu vurğuladı.
* * *
Tacikistan Prezidenti Emoməli Rəhmon göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin bir sıra aktual aspektlərinə dair çox faydalı və konstruktiv fikir mübadiləsinin aparıldığını deyən Emoməli Rəhmon qeyd etdi ki, 2007-ci ildə dostluq və əməkdaşlıq haqqında əsas müqavilə və daha 20 sənəd imzalandıqdan sonrakı dövrdə toplanan qarşılıqlı fəaliyyət təcrübəsi nəzərə alınmaqla Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, möhkəmlənməsi və genişlənməsi istiqamətləri və formaları konkretləşdirilmişdir.
Tacikistan Prezidenti dedi:
- Bu gün Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur. Biz Tacikistan-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsində, onun qarşılıqlı faydalı inkişaf sahələrinin və istiqamətlərinin şaxələndirilməsində maraqlıyıq. Ölkələrimiz və onların rəhbərləri arasında mövcud müqavilə-hüquqi bazası, qarşılıqlı etimad və qarşılıqlı rəğbət ruhu bu istək və planların həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmalar bizim daha fəal və konkret qarşılıqlı fəaliyyət göstərməyimizə, Tacikistan-Azərbaycan əməkdaşlığının və tərəfdaşlığının gələcəyinə nikbin baxmağa imkan verir. Bunun üçün maksimum səy göstərmək lazımdır.
Prezident Emoməli Rəhmon ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə və uzunmüddətli sıx tərəfdaşlıq səviyyəsinə çatmasını arzuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyul.- S. 3.