Meksika dinamik inkişaf edən Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

 

Azərbaycan inkişaf etdikcə dünya miqyasında mövqeləri möhkəmlənir. Meksika dinamik inkişaf edən ölkə kimi Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır və daim onun yanındadır.     

Bu sözləri Azərbaycanda səfərdə olan Meksika Senatı Sədrinin müavini Fransisko Arroyo Vieyra iyulun 12-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Oqtay Əsədov Milli Məclisin fəaliyyəti, Azərbaycanın dinamik inkişafı, həyata keçirdiyi irimiqyaslı layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan ilə Meksika arasında münasibətlər daha da genişlənir və möhkəmlənir. Coğrafi baxımdan bir-birimizdən uzaqda yerləşsək də Meksika Senatının, Nümayəndələr Palatasının qəbul etdiyi qərarlar bizim necə yaxın dost olduğumuzu sübut edir.

Ölkələrimiz arasında əməkdaşlığa dair 5 hüquqi  sənəd imzalanmışdır, daha 14 sənəd isə artıq hazırdır. İnanırıq ki, bu sənədlər təkcə siyasi sahədə deyil, iqtisadi, ticari, təhsil və mədəni sahələrdə də əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaqdır.

Milli Məclisin Sədri bütün çətinliklərə, erməni lobbisinin təsirlərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın haqq səsinin müdafiəsinə və Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qəbul etdikləri qərarlara görə Senatın üzvlərinə və Meksika xalqına minnətdarlıq etmişdir.

Fransisko Arroyo Vieyra demişdir ki, Meksikada Azərbaycana qarşı xüsusi simpatiya vardır. Azərbaycanın dinamik inkişafını, ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərini yüksək qiymətləndiririk.

Senatın Sədrinin müavini demişdir: "Biz bütün diaspor təşkilatlarına hörmətlə yanaşırıq, onların normal fəaliyyəti üçün şərait yaradırıq. Lakin dövlət maraqları hər şeydən üstündür. Ona görə də biz Azərbaycanın dünyada artan nüfuzunu, sülhpərvərliyini, həyata keçirdiyi qonşuluq siyasətini yüksək qiymətləndiririk. Bunu qəbul etdiyimiz qərarlarda görmək olar".

Fransisko Arroyo Vieyra Meksikanın Bakıda səfirliyinin açılması  istiqamətində səylərini artıracağını bildirmişdir.

Görüşdə parlament diplomatiyası, dövlətlərarası əlaqələrin inkişafında qanunverici orqanların rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, təcrübə mübadiləsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.