Qədim İçərişəhərlə tanışlıq macarıstanlı qonaqlarda zəngin təəssürat doğurmuşdur

 

 Macarıstanın Baş naziri Viktor Orbanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində iyunun 30-da İçərişəhərlə tanış olmuşdur.

Əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurmuşdur.

Gəzinti zamanı Macarıstanın Baş naziri və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 8.