Beynəlxalq təşkilatların
qətnamələri kağız üzərində
qalmamalıdır
İyulun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, meksikalı qonaqları ölkəmizdə salamlayan nazir Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına yeni imkanlar yaradacağına əminliyini ifadə etmişdir. Nazir parlamentlərarası əlaqələrin müasir diplomatiyadakı rolunu yüksək qiymətləndirmiş və Meksika Senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərara görə təşəkkürünü bildirmişdir.
Fransisko Arroyo Vieyra Azərbaycanda təkcə neft sənayesinin deyil, bütünlükdə energetika sahəsinin inkişaf etdiyini qeyd etmiş və iki ölkə arasında əməkdaşlığın bir çox sahələrində irəliləyişin hiss olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Meksika Senatının sədr müavini ərazi bütövlüyünü bərpa etmək istiqamətində ölkəmizin haqlı mövqeyini dəstəklədiklərini xüsusi vurğulamışdır. Fransisko Vieyra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün Meksikanın ölkəmizdə diplomatik nümayəndəliyinin açılmasının zəruriliyini qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Fransisko Arroyo Vieyra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin kağız üzərində qalmasından təəssüfləndiyini bildirmişdir.
Nazir Elmar Məmmədyarov azərbaycanlıların doğma vətənlərinə qayıtması üçün dünya ictimaiyyətinin Ermənistana təzyiq etməsinin vacibliyinə toxunmuş, Ermənistanın bu işğaldan heç nə qazanmadığını xüsusi vurğulamışdır.
Meksika parlamentinin bu ədalətsizliyə biganə qala bilməyəcəyini deyən Fransisko Arroyo Vieyra hər zaman Azərbaycanın yanında olduqlarını və onun ərazi bütövlüyünə səs verəcəklərini bildirmişdir.
Görüşdə təhsil sahəsində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi yolları, qarşılıqlı tələbə və ekspert mübadiləsi imkanları müzakirə edilmişdir.
Sonda Elmar Məmmədyarov Meksika parlamentinə prinsipial mövqeyinə görə bir daha minnətdarlığını bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.