Tacikistan Prezidenti Emoməli Rəhmon Sumqayıt Texnologiyalar Parkında olmuşdur

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 12-də Sumqayıt Texnologiyalar Parkında (STP) olmuşdur.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Tacikistan Prezidenti Emoməli Rəhmona məlumat verdi ki, 17 zavoddan ibarət olan STP-də müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir.

Yüksək gərginlikli elektrik avadanlıqları zavodu ilə tanış olan Tacikistan Prezidentinin diqqətinə çatdırıldı ki, burada transformator yarımstansiyaları üçün elektrik dolabları istehsal edilir. Zavod ildə 120 yarımstansiya üçün avadanlıq istehsal etmək imkanına malikdir. Hazırda zavodda müxtəlif çeşiddə 10 kilovolta qədər olan elektrik dolabları istehsal edilir. Burada 100-dən çox işçi çalışır. Yaxın gələcəkdə zavodun fəaliyyəti genişlənəcəkdir.

Sonra ali qonaq günəş kollektorları və qazanları zavodu ilə tanış olmuşdur. Bildirilmişdir ki, burada istehsal edilən günəş kollektorlarının hər biri yay dövründə sutkada 16 kilovat/saat, qışda isə 4 kilovat/saat elektrik enerjisi verə bilir.

Tacikistan dövlətinin başçısı avtobusla zavodun ərazisini gəzdi.

Kabel zavodunun fəaliyyəti ilə də tanış olan Prezident Emoməli Rəhmonın diqqətinə çatdırılmışdır ki, burada 400 voltdan 110 kilovoltadək polimer örtüklü güc kabelləri hazırlanır. İllik istehsal gücü 20 min ton olan zavodun özünəməxsusluğu ondadır ki, müəssisədə alüminium, dəmir və qurğuşun zirehli sualtı kabellər də hazırlanır. Bu ilin sonunadək zavodun ikinci hissəsi işə düşəcəkdir. Bununla da Cənubi Qafqazda yalnız burada 500 kilovoltadək güc kabelləri istehsal etmək mümkün olacaqdır.

STP-nin fəaliyyəti ilə tanış olan Tacikistan Prezidenti Emoməli Rəhmon kollektivə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 4.