“Azgüntex” günəş panelləri zavodu
ilə tanışlıq
Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 12-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən Sumqayıtda inşa edilmiş "Azgüntex" günəş panelləri zavodu ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin direktoru Akim Bədəlov Tacikistan Prezidentinə məlumat verdi ki, bu il aprelin 24-də fəaliyyətə başlayan "Azgüntex" zavodunda iki istehsal xətti - günəş panelləri və LED lampaları xətləri fəaliyyət göstərir. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan günəş panelləri xətti istifadəyə tam hazırdır.
Prezident Emoməli Rəhmon binanın foyesində "Azgüntex" zavodunda hazırlanan günəş panellərinin nümunələrinə baxdı. Bildirildi ki, müəssisədə hər birinin gücü 42 vattdan 250 vatta qədər olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcəkdir. Yaşayış binalarının, küçələrin, meydanların, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda yüksək texnologiyalı LED lampaların istehsalı da nəzərdə tutulmuşdur.
Tacikistan dövlətinin başçısına "min ev - min elektrostansiya" layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan bu layihə hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlmişdir. Bu elektrostansiyalardakı günəş panelləri vasitəsilə əldə olunan sabit enerji dəyişən enerjiyə çevrilərək istehlakçıların istifadəsinə veriləcəkdir. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaqdır. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülərin, ticarət obyektlərinin üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir.
Sonra Tacikistan Prezidenti zavodun günəş panelləri istehsalı xətti ilə tanış oldu. Bildirildi ki, alternativ və bərpa olunan enerji sahəsində dünyanın məşhur şirkətlərinin istehsal etdikləri ən müasir texnologiyalarla təmin olunan zavodda ekoloji normalara ciddi əməl edilir. Burada işçilərin sağlam və təhlükəsiz fəaliyyəti üçün yüksək şərait yaradılmışdır.
Diqqətə çatdırıldı ki, günəş panellərinin istehsal olunduğu texnoloji xətdə proses tam şəkildə avtomatlaşdırılmışdır. Zavodda ilkin mərhələdə il ərzində 120 min, gələcəkdə isə 240 min günəş paneli istehsal olunacaqdır. Hazırda avadanlığın quraşdırıldığı LED lampaları istehsalı sahəsi istismara verildikdən sonra burada ildə 36 milyon LED çipi və 12 milyon LED lampası hazırlanacaqdır.
Sonra ali qonaq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar Parkının layihəsi ilə tanış oldu.
Məlumat verildi ki, ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan
enerji və enerjidən səmərəli
istifadə texnologiyasına əsaslanan 15 zavodun
inşası planlaşdırılır. Parkın ərazisində
yaradılacaq optik linzalar,
şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və
istifadəsində lazım olan
avadanlığın ölkəmizdə hazırlanmasına
şərait yaradacaqdır. Bu, həm tələb
olunan avadanlığın daha
ucuz başa gəlməsinə,
həm də onların tətbiqinin xeyli
asanlaşmasına imkan verəcəkdir. Alternativ enerjinin
tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda
sürətlə yayılan
və yeni nəsil işıqlandırma
sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət
istifadəyə yararlılığı
ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.
Prezident Emoməli Rəhmona Sumqayıt məişət
tullantıları emalı
zavodunun layihəsi barədə də məlumat verildi. Bildirildi ki,
zavodun illik emal gücü 146 min ton olacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 13 iyul.- S. 4; 5.