Prezident Emoməli Rəhmon “Azərsun Holdinq”in müasir istixana kompleksi ilə tanış olmuşdur

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon iyulun 12-də Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Azərsun Holdinq" Şirkətlər Qrupuna məxsus "Green Tech" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) müasir istixana kompleksi ilə tanış olmuşdur.

Tacikistan Prezidenti əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin holdinqin müəssisələrinin açılışında iştiraklarını əks etdirən fotoguşəyə baxdı.

"Azərsun Holdinq" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal komplekslə yaxından tanış olan Tacikistan Prezidentinə məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən bir sıra layihələr həyata keçirilir. Binə qəsəbəsində 80 hektar ərazini əhatə edən "Green Tech" MMC-nin müasir istixana kompleksi də bu layihələrdən biridir. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına "Green Tech" MMC-yə 5 milyon manat kredit ayrılmışdır.

Bildirilmişdir ki, MMC-nin əsas məqsədi ölkədə müasir istixana kompleksi yaratmaq, əhalini keyfiyyətli tərəvəz məhsulları ilə təmin etməkdir. Müəssisədə inşaat və yeni investisiya layihələrinin reallaşdırılması davam edir və ümumilikdə obyektə 16 milyon manat sərmayə qoyuluşu nəzərdə tutulmuşdur.

İstixana kompleksinin inşasında ölkəmizdə ən son dünya təcrübəsinə əsaslanan inşaat materiallarından, avadanlıqdan, cihaz və qurğulardan istifadə edilmiş, müasir texnologiya tətbiq olunmuşdur. Hazırda müəssisədə 151 nəfər işləyir. Kompleks tam istifadəyə veriləndən sonra 300 nəfər işlə təmin olunacaqdır. İndi müəssisənin illik istehsal gücü 6 min tondur. Gələcəkdə bu rəqəmi 10 min tona çatdırmaq planlaşdırılır.

Müəssisə gələcəkdə kreditlər cəlb etməklə yeni layihələr də həyata keçirəcəkdir.

İstehsal prosesi ilə tanış olan Tacikistan Prezidenti yetişdirilən məhsulların dadına baxdı və razılığını bildirdi.

Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəmizdə kənd təsərrüfatına dövlət səviyyəsində göstərilən diqqət və qayğını, həmçinin iş adamları üçün əlverişli şəraitin yaradılmasını yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 5.