BTC Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurdu

 

Kəmərin tam sistem kimi işə düşməsindən 6 il ötür

 

2006-cı il iyul ayının 13-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri tam bir sistem kimi işə düşdü. Bu münasibətlə Türkiyənin Ceyhan şəhərində təntənəli mərasimlər keçirildi.

BTC-nin çəkilişi ideyası XX əsrin 90-cı illərinin ortalarında yaranmışdı. Layihə bir çox sınaqlardan keçdi və ulu öndər Heydər Əliyevin səyi, mübarizəsi, dünyada olan nüfuzu sayəsində qalib gəldi. 2005-ci ilin may ayında Səngəçal terminalından kəmərə ilk neft axıdıldı. Neft Ceyhana doğru bir il yol getdi və 2006-cı ilin mayında mənzilbaşına çatdı. Həmin il iyunun 4-də isə Ceyhan limanından Azərbaycan nefti ilə yüklənmiş ilk tanker dünya bazarlarına yola salındı.

O vaxtdan bəri Ceyhandan yola salınan tankerlərin sayı 1870-i ötüb. BTC fasiləsiz olaraq Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılan nefti etibarlı şəkildə Səngəçaldan Ceyhana çatdırır. Kəmərə həmçinin "Şahdəniz" yatağından çıxarılan kondensat vurulur. Artıq iki ilə yaxındır ki, BTC müəyyən həcmdə Türkmənistan nefti də daşıyır.

Təkcə keçən ay bu boru xətti ilə 2 milyon 732 min 994 ton Azərbaycan nefti nəql olunub. İlin birinci yarısında kəmərlə 15 milyon 775 min 144 ton neft ötürülüb. İstifadəyə verilən gündən indiyədək isə BTC 191 milyon 552 min 844 ton neft daşıyıb.

Həm də kəmər bu qədər nefti fasiləsiz və təhlükəsiz şəkildə nəql edir. Ümumiyyətlə, müasir dövrdə karbohidrogenlərin daşınması üçün ən etibarlı vasitə boru kəmərləri sayılır. Xüsusilə, borular torpaq altında basdırılanda daha təhlükəsiz olur. BTC də məhz belə kəmərdir. Boru xəttinin keçdiyi kənd və bölgələrdə isə həyat öz axarı ilə davam edir - insanlar altından kəmər keçən torpaqları əkib-becərir, bol məhsul götürürlər. Əlbəttə, bu ərazilər ciddi surətdə qorunur. Hər 10 kilometrə bir atlı patrul nəzarət edir.

BTC təkcə ölkəmizin deyil, bütün regionun həyatında böyük rol oynayır. Ötən ay Bakıda keçirilən 19-cu Beynəlxalq neft-qaz sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev demişdir: "Bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bilmişdir. Bu kəmər təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, eyni zamanda, yeni dəhlizin açılması üçün çox vacib, tarixi bir addım idi. Artıq bu dəhliz işə düşəndən sonra növbəti mərhələdə böyük "Şahdəniz" yatağının qaz  ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir".

BTC-nin Azərbaycana gətirdiyi gəlirlər ildən-ilə artır. Həmin vəsait Dövlət Neft Fonduna daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.

Dövlət başçısı İlham Əliyevin dediyi kimi, "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 5.