Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələr inkişaf edir

 

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə Xətai adına Mədəniyyət Mərkəzində "Türk metal" sendikasının toplantısı keçirilmişdir.

AzərTAc xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının iki qardaş ölkənin həmkarlar ittifaqları təşkilatları arasında əməkdaşlıq baxımından əhəmiyyətini vurğulamışdır. AHİK sədri Türkiyənin iri həmkarlar təşkilatının sonuncu qurultayından sonra ilk Direktorlar Şurasının yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir.

S.Mehbalıyev iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində ölkəmizdə mindən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Azərbaycana yeddi  milyard dollardan çox sərmayə qoyulmuşdur. Eyni zamanda, son 20 ildə Azərbaycan şirkətləri Türkiyəyə səkkiz milyard dollar həcmində investisiya yatırmışlar. Bu sərmayənin yeddi milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına düşür.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən AHİK sədri diqqətə çatdırmışdır ki, hazırda Türkiyədə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Tədbirdə çıxış edən "Türk metal" sendikasının baş direktoru Pevrul Kavlak Bakıda keçirilən tədbirin əhəmiyyətini vurğulamışdır. Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən P.Kavlak demişdir ki, bu toplantı ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə töhfəsini verəcəkdir.

Tədbirdə "Türk metal" sendikasının növbəti dörd il üçün fəaliyyət planı müzakirə olunmuş, gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.

İclasda konfederasiyanın bölgə komitələrinin fəaliyyəti və inkişafına dair fikir mübadiləsi aparılmışdır.

Sonda xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 5.