Faydalı
müzakirələr aparılıb
İyulun 12-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, qonaqları salamlayan S.Müslümov Azərbaycanın qardaş Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən sosial sahədə əməkdaşlığının möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını, Azərbaycanla Türkiyə arasında sosial sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Fondun sədri "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin 1998-ci ildə imzalandığını xatırladıb. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan həmin Sazişə uyğun olaraq, Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır.
S.Müslümov nəzərə çatdırıb ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş ölkənin vətəndaşları daha çoxdur. Ümumilikdə fondun fərdi uçot sistemində 92 ölkənin vətəndaşları qeydiyyatdadır və onların 58,2 faizi Türkiyə vətəndaşlarıdır.
Daha sonra Faruk Çelik dost və qardaş Azərbaycanda səfərdə olmağından məmnunluğunu bildirib. O, iki ölkə arasında sosial sığorta və pensiya təminatı sahəsində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. Türkiyəli nazir Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirdiyini bildirib.
Görüşdə ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemlərində baş verən dəyişikliklər nəzərdən keçirilib və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələr aparılıb. Türkiyənin nümayəndə heyəti fondda yaradılan müasir avtomatlaşdırılmış idarəetmə şəbəkəsi və Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla da yaxından tanış olublar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 13 iyul.- S. 5.