The Hill qəzeti: ABŞ hökuməti Azərbaycanla bağlı daha çox dəstəkləyici bəyanatlar səsləndirməlidir

 

 ABŞ Konqresinin mətbu orqanı olan "The Hill" qəzetinin 11 iyul tarixli nömrəsində dərc olunmuş məqalədə analitik Rob Söbhani ABŞ hökumətini Azərbaycanla bağlı daha çox dəstəkləyici bəyanatlar səsləndirməyə çağırmışdır. R.Söbhaninin fikrincə, bu bəyanatlar, xüsusilə də Azərbaycanın cənub qonşusu İrana münasibətdə nümayiş etdirilməli və Birləşmiş Ştatlar ona dost olan Azərbaycana xaricdən təhlükəli ideologiyaların və qeyri-tolerantlığın yeridilməsinə imkan verməməlidir.

Müəllif Konqresi ABŞ hökumətindən müttəfiq Azərbaycana bu istiqamətdə necə kömək edə biləcəkləri haqda konkret siyasi təkliflər tələb etməyə çağırır.

"The Hill" yazır ki, rəsmi Tehran Azərbaycanda qeyri-sabitlik yaratmaq imkanını heç vaxt əldən vermir. Bu, xüsusilə, Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etdiyi günlərdə daha çox hiss olunurdu. İran rejimi müsəlman ölkəsi olan Azərbaycanın Avropanın hər yerindən ifaçıları və turistləri mehribanlıqla qarşılamasını qəbul edə bilmirdi. Lakin bütün bunlar ABŞ-ın müttəfiqi Azərbaycana İran tərəfindən qınaq dolu bəyanatlar səsləndirmək üçün süni səbəblər idi. Əsl səbəblər isə İran rejiminin Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil xarici siyasət yürütməsinə, islam dəyərlərinə ehtiramla yanaşması ilə bərabər multikulturalizmə də üstünlük verməsinə, ABŞ və İsrail ilə yaxın əməkdaşlığa qısqanclıqla yanaşması, Azərbaycanda dünyəvi, tolerantiqtisadi cəhətdən inkişaf edən quruluşun İrandakı azadlıqsevər insanlar üçün model olmasını və İranın teokratiyasına təhlükə yaratmasını hesab etməsidir. Məqalənin müəllifi iqtisadi cəhətdən İran modeli ilə Azərbaycan modeli arasında fərqləri də qeyd  edir. O yazır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ilə müqayisədə daha sürətlə islahatlar apararaq iqtisadi göstəricilərini yaxşılaşdırmış, neftqaz hasilatına xarici şirkətləri cəlb edərək Avropanın əsas enerji təminatçılarından birinə çevrilmişdir. Bakı iqtisadi inkişafının Qərb ilə sağlam münasibətlərə bağlı olduğunu anlayır. Azərbaycan Dövlət Neft Fondu dünyanın ən şəffaf strukturlarından biri kimi tanınır. 

Rob Söbhani terrora qarşı müharibədə Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi olduğunu, İraq və Əfqanıstana əsgəri qüvvə göndərməklə bu ölkələrdəki sülhməramlı əməliyyatları dəstəklədiyini, öz hava məkanından Əfqanıstana yüklərin daşınması üçün icazə verdiyini xatırladır.

Sonda müəllif vurğulayır ki, bu yaxınlarda ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfərində bu ölkəyə möhkəm dəstəyini ifadə etmiş, əməkdaşlığı bütün sahələr üzrə dərinləşdirməyə çağırmışdır. Lakin bununla yanaşı, H.Klinton belə bir bəyanat da verməli idi ki, ABŞ heç bir şəraitdə Azərbaycandakı açıq və dinamik cəmiyyətə təzyiq göstərilməsinə imkan verməyəcəkdir.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 6.