Ukrayna Prezidenti: Azərbaycan ilə Ukraynanın qaz və neft emalı sahəsində əməkdaşlığı hər iki tərəfin xeyrinədir

 

Ukrayna qaz və neft emalı sahələrində Azərbaycan Respublikası ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Ukrayna dövlət başçısının mətbuat xidməti bildirir ki, Ukrayna Prezidenti Viktor Yanukoviç bu fikri MDB, Baltikyanı ölkələr və Gürcüstanın Baş Redaktorlar Klubu ilə qeyri-rəsmi görüşdə söyləmişdir.

V.Yanukoviç demişdir: "Azərbaycandan olan tərəfdaşlarımızla daim danışıqlar prosesindəyik. Hesab edirik ki, qaz və neft emalı sahələrində münasibətlər qurulması Azərbaycanın və Ukraynanın xeyrinədir".

Onun sözlərinə görə, hazırda Ukrayna hər il Azərbaycandan dörd milyon tona yaxın neft alır. Prezident onu da qeyd etmişdir ki, Ukrayna energetika sahəsində müxtəlif layihələrdə, o cümlədən qaz nəqletmə sistemlərinin tikintisi layihələrində iştirak etməkdə maraqlıdır. V.Yanukoviç xatırlatmışdır ki, bunun üçün Ukrayna dövlətinin müvafiq ehtiyatları və təcrübəsi vardır.

 

 

Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 6.