Zəngin ömür yoluna həsr edilmiş miniatür kitab

 

 Bu günlərdə respublika "Kitab" Cəmiyyətinin xətti ilə görkəmli elm dövlət  xadimləri seriyasından böyük alim, səhiyyə təhsil təşkilatçısı, ictimai siyasi fəaliyyətilə hamının dərin hörmət rəğbətini qazanan, dövrünün nüfuz sahibi olan Əziz Əliyevin 115 illik yubileyi ilə əlaqədar rus dilində yeni miniatür kitab işıq üzü görmüşdür. "İNDİQO" nəşriyyatında buraxılmış 55X60 mm formatlı "Əziz Əliyev-115 (1897-1962)" adlı nəşr supercildi və nəfis poliqrafik tərtibatı ilə ilk baxışdan diqqəti cəlb edir.

Görkəmli dövlət və elm xadiminin zəngin ömür yoluna həsr edilmiş 232 səhifəlik minikitabın müəllifi, yazıçı-publisist, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur. Burada böyük şəxsiyyətin həyatının ən əlamətdar, yaddaqalan anları, hadisələri əks olunmuşdur. Kitabda xüsusi vurğulanmışdır ki, Əziz Əliyev öz sələflərinin - mücahid və maarifpərvər N.Nərimanov, C.Əfəndiyev, Q.Musabəyov, M.İsrafilbəyov, T.Şahbazi, M.Vəkilov və digərlərinin şanlı irsini davam etdirən, Sovet Azərbaycanında səhiyyənin ilk qurucuları olan nəslə mənsubdur. Onların vətəndaş kimi formalaşması bütün Rusiya imperiyasına yayılmış azadlıq fikrinininqilabi məfkurənin güclü təsiri altında baş verirdi. Bu insanlar gözlənilən inqilabi yenidənqurma nəticəsində öz xalqlarının dirçəlməsinə, müstəqilliyinə, cəmiyyətin humanist başlanğıclar əsasında təzələnməsinə ümid edirdilər. Həmin dövrün ziyalıları, o cümlədən Əziz Əliyev belə bir tarixi mühitdə formalaşmışdı. O, şəxsi taleyində millətlərarası ədavətin, daşnak dəstələrinin cəzasız azğınlıqlarının, "bulanıq suda" hazırlanan ssenarilərin bütün ağrı-acısını dadmışdır.

Mininəşrdə güclü zəkası, gözlənilməz proqnozları, heyrətamiz fəhmi, qeyri-adi duyumu, yüksək təşkilatçılıq bacarığı, həssaslığı, mənəvi dünyası ilə seçilən professor Əziz Əliyevin səhiyyə sahəsində apardığı quruculuq işlərindən, Azərbaycanın tibb elminə gətirdiyi yeniliklərdən söhbət açılır, elm və təhsil  təşkilatçısı kimi Azərbaycan Tibb İnstitutuna, eyni zamanda, Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdiyi dövrlər geniş işıqlandırılır, elm məbədlərinin inkişafında, tibb mütəxəssislərinin yetişməsində müstəsna xidmətləri xüsusi vurğulanır. Bu dövrdə Əziz Əliyev öz məktəbini yaradır. O, Tibb İnstitutunda tibb elminin Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Cahangir Hüseynov, Kamil Balakişiyev, Əbülfəz Qarayev kimi ən məşhur simaları ilə çiyin-çiyinə işləyir. Müəllif bu böyük şəxsiyyətin alim, həkim, pedaqoq, dərin nəzəriyyəçi kimi fəaliyyəti barədə çoxsaylı faktlar əsasında bəhs edir, onun əsərlərinin əhəmiyyətindən yazır. Xüsusi qeyd edilir ki, klinik eksperimental tibbə aid bir çox tədqiqatların müəllifi olan Əziz Əliyevin "Kliniki analiz üzrə dərslik" kitabı o zaman tibb ictimaiyyətinin həyatında hadisəyə çevrilmişdir.

Miniatür kitabda Əziz Əliyevin uşaqlıq yoldaşı, sonralar isə onun həmkarlarından biri olan akademik Mustafa Topçubaşovun bu böyük insan haqqında xatirələri də verilir: "Əziz qeyri-adi gənc idi - təhsildə, rəftarda, çalışmaqda, həlimlikdə və xeyirxahlıqda tayı-bərabəri yox idi. Görünür, tibbin atası Hippokrat "həkim andı"nı onun kimilərə baxıb yazıb".

Bundan başqa, kitabda görkəmli dövlət xadiminin Azərbaycan KP(b) MK-nın katibi olduğu, Dağıstan Vilayət Partiya Komitəsinə rəhbərlik etdiyi dövrlər, İkinci Dünya müharibəsi illərindəki fəaliyyəti onunla işləmiş insanların xatirələri əsasında açılıb göstərilir, döyüş yolu ilə bağlı məqamlar oxucularda xüsusi maraq doğurur. Müəllif qeyd edir ki, "Böyük Vətən müharibəsi bu böyük şəxsiyyətin daha bir keyfiyyətini - onun bacarıqlı hərbi təşkilatçı və istedadlı siyasi rəhbər olduğunu üzə çıxarır. İranda sovet kontingentinin siyasi rəhbəri vəzifəsinə polkovnik Əziz Əliyev təyin olunur... O, İranda böyük ictimai-siyasihumanitar fəaliyyət göstərməkdən əlavə, həm də tədqiqatçı alim kimi işləmişdir. Əziz Əliyev bu ölkədə qazandığı təcrübələrini 1942-ci ildə nəşr olunan "Cənubi Azərbaycanın iqtisadi coğrafiyası oçerki" kitabında ümumiləşdirmişdi".

Miniatür kitabda elm xadiminin ziyalılığı, yüksək insani keyfiyyətləri, xarakterini səciyyələndirən xüsusiyyətlər müxtəlif epizodlarla açılıb göstərilmişdir. 100 nüsxə tirajla çap olunmuş kitabda 29 ağ-qara fotoşəkil yerləşdirilmişdir. Nəfis tərtibatlı bu nəşr "H.Halal: hər şey poliqrafiya üçün" müəssisəsinin sponsorluğu ilə çap olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 13 iyul.- S. 7.