“Açıq cəmiyyət
və mətbuat” kitabının təqdimatı
olmuşdur
İyulun 12-də Azərbaycan Mətbuat Şurasında (MŞ) tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Tofiq Yusifovun "Açıq cəmiyyət və mətbuat" kitabının təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə MŞ-nin sədri Əflatun Amaşov çıxış edərək kitabın mahiyyəti və əhəmiyyəti haqqında söhbət açmışdır. Bildirmişdir ki, təqdim olunan kitab Azərbaycan mediasının, eləcə də sosiologiyasının yeni cəmiyyət quruculuğu ilə bağlı aktual problemini bir müstəvidə birləşdirən vacib mövzuya həsr edilmişdir. Professor Tofiq Yusifovun 10 il ərzində apardığı araşdırmalar nəticəsində ərsəyə gələn kitabın əsas tədqiqat obyekti 1991-2004-cü illəri əhatə edən müasir Azərbaycan mətbuatıdır.
Açıq və vətəndaş cəmiyyətləri quruculuğuna mətbuatın mütləq təsirinin Qərb təcrübəsi, beynəlxalq media sistemlərinin yeni ictimai-siyasi formasiya reallığına müasir yanaşma tərzi kitabın əsas tədqiqat mövzusu olmuş və ölkədə gedən demokratik proseslər məhz bu aspektdən qiymətləndirilmişdir.
Qeyd edilmişdir ki, kitabın bütün fəsilləri ciddi araşdırma təsiri bağışlayır, tezisləri əsaslandırmaq üçün çoxlu sitatlar, elmi məxəzlər, əsaslı arqumentlər, örnəklər gətirilmişdir. Bildirilmişdir ki, 22 iyul - Milli Mətbuat Günü ərəfəsində çapdan çıxmış kitab jurnalistlər, eləcə də publisistikanın nəzəriyyəsi və təcrübəsi problemlərini araşdıran pedaqoqlar üçün dəyərli əyani vəsait olacaq və Azərbaycan jurnalistika elminin intellektual hüdudlarını xeyli genişləndirəcəkdir.
"Apostrof" Çap Evində çapdan çıxmış 220 səhifədən ibarət "Açıq cəmiyyət və mətbuat" kitabının reaktoru Əmanət Yusifzadə, "Ön söz"ün müəllifi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir. Kitabın rəyçiləri isə professorlar Nizami Cəfərov və Şamil Vəliyevdir.
Tədbirdə professorlar Nəsir Əhmədli, Şamil Vəliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri çıxış edərək kitabı milli jurnalistikamızın inkişafında dəyərli əsər kimi qiymətləndirmiş və müəllifə gələcək elmi fəaliyyətində yaradıcılıq uğurları arzulamışlar.
Sonda Tofiq
Yusifov tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirmişdir.
Azərbaycan.- 2012.- 13 iyul.- S. 7.