Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Fransua Ollanda

 

 Hörmətli cənab Prezident!

 

Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan - Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin daim genişlənməsi zəminində əməkdaşlığımızın bir sıra sahələrdə dərinləşməsi tərəfdaşlığımızı səciyyələndirən amillərdəndir.

Biz Fransanın regionumuzda sülhün və sabitliyin bərqərar olması işinə maraq və dəstəyindən məmnunluq duyuruq. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səyləriniz sayəsində xalqımızın ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə və ədalətli həlli işində tezliklə real nəticələr əldə olunacağına ümidlər bəsləyirik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına sülh və rifah diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 1.