Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
qanunun məqsədləri üçün
aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. əqli
mülkiyyət hüquqları - müəlliflik hüququnun
obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının
verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat
toplularına, folklor nümunələrinə (ənənəvi
mədəni nümunələrə), ixtiralara, faydalı
modellərə, sənaye nümunələrinə, əmtəə
nişanlarına, coğrafi göstəricilərə
hüquqlar;
1.0.2. əqli mülkiyyət hüquqlarının
sahibi (hüquq sahibi) - əqli mülkiyyət
hüquqlarının məxsus olduğu fiziki və ya
hüquqi şəxs, o cümlədən folklor nümunələrinə
(ənənəvi mədəni nümunələrə)
münasibətdə Azərbaycan Respublikası;
1.0.3. audiovizual əsər - müvafiq maddi daşıyıcıya
yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət
təsəvvürü doğuran və müvafiq texniki
qurğuların köməyi ilə görmə (eşitmə)
qavrayışı üçün nəzərdə tutulan təsvirlər
silsiləsindən ibarət (səslə müşayiət
olunan, yaxud olunmayan) kinematoqrafiya əsərləri və
kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə
ifadə edilmiş digər əsərlər (telefilmlər,
videofilmlər, diafilmlər, slaydfilmlər, animasiya filmləri
və sair);
1.0.4. fonoqram - ifaların və digər səslərin
müvafiq maddi daşıyıcıya müstəsna olaraq səsli
yazılması;
1.0.5. kompyuter proqramı - maşınla oxunan formada
ifadə edilən və müəyyən məqsədə və
ya nəticəyə
nail olmaq üçün kompyuteri hərəkətə gətirən
sözlər, kodlar, sxemlər və başqa şəkildə
təlimatlar məcmusu (kompyuter proqramı ilkin, yaxud obyekt kodlarında
ifadə edilmiş həm əməliyyat sistemi, həm də
tətbiqi proqramı əhatə edir);
1.0.6. məlumat toplusu - sistemli və ya metodik qaydada tərtib
edilmiş və elektron, yaxud digər vasitələrlə əldə
oluna bilən əsərlərin, verilənlərin və digər
materialların müvafiq maddi daşıyıcıda təqdiminin
obyektiv forması;
1.0.7. audiovizual əsərin, fonoqramın, kompyuter
proqramının, məlumat toplusunun və kitabın nüsxəsi
- audiovizual əsərdən, fonoqramdan, kompyuter proqramından,
məlumat toplusundan və kitabdan bilavasitə və ya
dolayısı ilə hazırlanmış və müvafiq
maddi daşıyıcıda əks olunmuş surət;
1.0.8. nüsxələrin yayılması - audiovizual əsərin,
fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və
kitabın nüsxələrinin satış və ya sahiblik
hüququnun başqa cür verilməsi yolu ilə mülki
dövriyyəyə buraxılması;
1.0.9. pirat məhsul - hüquq sahibinin
razılığı olmadan hazırlanan (istehsal edilən) və
yayılan audiovizual əsərin, fonoqramın, kompyuter
proqramının, məlumat toplusunun və kitabın nüsxələri;
1.0.10. piratçılıq - pirat məhsulun
hazırlanması (istehsalı) və yayılması;
1.0.11. kontrafakt məhsul - əmtəə
nişanları, coğrafi göstəricilər və ya
onları qarışdıracaq dərəcədə oxşar
nişanlarla qeyri-qanuni təchiz olunan mal;
1.0.12. beynəlxalq standart eyniləşdirmə
nömrələri (İSBN, İSMN, İSSN, İSAN və
İSRC) - kitabların, not yazılarının, dövri nəşrlərin,
audiovizual əsərlərin, audio və ya videoyazıların
eyniləşdirilməsini təmin edən unikal rəqəmli
kodlar;
1.0.13. nəzarət
markası - audiovizual əsərin, fonoqramın, kompyuter proqramının,
məlumat toplusunun, kitabın nüsxələrinin müəlliflik
hüququ və əlaqəli hüquqlara əməl edilməklə
hazırlandığını (istehsal olunduğunu) təsdiq
edən və həmin nüsxələri yaymaq hüququ verən,
nüsxələrə yapışdırılan hərf-rəqəm
kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik
istifadə üçün nəzərdə tutulan vahid
nümunəli xüsusi nişan.
Maddə 2. Bu qanunun tətbiq sahəsi
2.1. Bu
qanunla müəyyən edilən tədbirlər əqli
mülkiyyətə hüquq sahiblərinin
hüquqlarının təminatına və mənafelərinin
qorunmasına yönəldilir və əqli mülkiyyət
hüquqlarının pozulduğu hallarda müvafiq
qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq
edilir.
2.2. Əqli
mülkiyyət hüquqları sahəsində bu qanunda nəzərdə
tutulmayan məsələlər Azərbaycan
Respublikasının Konstitusiyası, "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında",
"Patent haqqında", "Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında", "Məlumat toplularının hüquqi
qorunması haqqında", "İnteqral sxem
topologiyalarının hüquqi qorunması haqqında",
"Azərbaycan folkloru nümunələrinin hüquqi
qorunması haqqında" Azərbaycan Respublikasının
qanunları, digər normativ hüquqi aktlar və Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənir.
2.3. Bu
qanun əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan
Respublikasının digər qanunlarında nəzərdə
tutulan hüquqların təminatına, istisnalara və məhdudiyyətlərə
dair müddəaları inkar etmir.
2.4. Bu
qanun onun qüvvəyə mindiyi
vaxt əqli mülkiyyət
qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş
müəlliflik hüququ və digər əqli mülkiyyət
hüquqları obyektlərinə, həmçinin dövlət
varidatı elan edilmiş əsərlərə şamil edilir.
2-ci fəsil
Əqli mülkiyyƏt hüquqlarının pozulması
zamanı mülki hüquqi vƏ inzibati prosedurlar vƏ
müdafiƏ vasitƏlƏri
Maddə 3. Mülki hüquqi müdafiəni təmin
edən prosedurlar
Əqli mülkiyyət hüquqlarının mülki
hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər,
ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə
gətirib çıxarmamalı və Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə
tutulan qaydada həyata keçirilməlidir.
Maddə 4. Sübutlar
Əqli mülkiyyət hüquqlarının
pozulmasına dair mülki işlərlə əlaqədar
sübutların tələb olunması və təmin edilməsi
üçün tədbirlər Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 5. İnformasiya hüququ
5.1.
Hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış
müraciəti olduqda, əqli mülkiyyət
hüquqlarının pozulması ilə əlaqədar
mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən
şəxsdən pirat və ya kontrafakt məhsulların
hazırlanmasında (istehsal edilməsində),
yayılmasında və əqli mülkiyyət
hüquqlarını pozan xidmətlərin göstərilməsində
birbaşa, yaxud dolayı yolla iştirak edən
üçüncü şəxslər barədə, həmçinin
belə malların yayılma kanalları haqqında
informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən
tələb etmək hüququna malikdir.
5.2. Bu
qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş halda
məhkəmə aşağıdakı informasiyaları tələb
edə bilər:
5.2.1. pirat və ya kontrafakt məhsulları istehsal edən,
saxlayan və yayan, o cümlədən onların
satışını həyata keçirən şəxslərin
adları və ünvanları;
5.2.2. hazırlanan (istehsal edilən), göndərilən,
qəbul edilən və ya sifariş olunan pirat və ya
kontrafakt məhsulların kəmiyyəti və qiyməti.
Maddə 6. Zərərin əvəzinin ödənilməsi
6.1.
Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən
qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin
qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə
kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə
hüquq sahibinin çəkdiyi zərərin əvəzinin
ödənilməsi barədə qərar qəbul etmək
hüququna malikdir.
6.2. Zərər
müəyyən edilərkən aşağıdakılar nəzərə
alınmalıdır:
6.2.1. hüquq sahibinə məxsus olan əqli
mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində
hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər;
6.2.2. hüquq sahibinin pozulmuş
hüquqlarının bərpası üçün vəkilə
ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli
olduğu xərclər;
6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin
ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə
verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər
(əldən çıxmış fayda).
Maddə 7. Məhkəmə qərarından irəli gələn
tədbirlər
Məhkəmə hüquqpozmaya səbəb olan
malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən
çıxarılması, malların hazırlanmasında
(istehsalında) istifadə olunan materialların və
avadanlıqların istifadəçidən götürülməsi,
müsadirə və ya məhv edilməsi barədə qərar
çıxarmaq hüququna malikdir. Belə məsələlərə
baxılarkən üçüncü şəxslərin
qanuni maraqları nəzərə alınmalıdır.
Maddə 8. Məhkəmə qərarlarının
açıqlanması
8.1. Məhkəmə
qərarları qanunvericiliklə müəyyən edilmiş
qaydada internet informasiya ehtiyatlarında yerləşdirilməlidir.
8.2.
Hüquq sahibinin əsaslandırılmış müraciəti
olduqda, məhkəmə hüquqpozmaya yol vermiş şəxsin
hesabına məhkəmə qərarları barədə məlumatların
yayılması, o cümlədən məhkəmə qərarlarının
bir hissəsinin və ya tam şəkildə
iddiaçının ərizəsində göstərdiyi
dövri mətbu nəşrlərdə də dərc edilməsi
üçün müvafiq tədbirlər görülməsinə
dair qərar çıxarır.
8.3. Bu
qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə
qərarları barədə məlumatların yayılması
məqsədi ilə məhkəmə hüquqpozmaya yol
vermiş şəxsin hesabına əlavə aşkarlıq tədbirləri
görülməsini, o cümlədən həmin məlumatların
hər kəs üçün yaxşı görünən
lövhələrdə yerləşdirilməsini təmin etmək
hüququna malikdir.
Maddə 9. İddianı təmin etmək üçün tədbirlər
9.1. Məhkəmə
mülki iddianın təmin edilməsi məqsədi ilə bu
qanuna və Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsinə uyğun olaraq təcili və səmərəli
müvəqqəti tədbirlər barədə qərardad
çıxarmaq hüququna malikdir.
9.2. Əqli
mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar
iddianı təmin etmək üçün tədbirlər
aşağıdakı məqsədlərlə həyata
keçirilir:
9.2.1. əqli mülkiyyət hüquqlarının
pozulmasına səbəb olan pirat və ya kontrafakt məhsulların
hazırlanmasının (istehsal edilməsinin) və müxtəlif
üsullarla yayılmasının qarşısını almaq;
9.2.2. pirat və ya kontrafakt məhsulların ticarət
şəbəkələrinə daxil edilməsinin
qarşısını almaq;
9.2.3. əqli mülkiyyət hüquqlarının
ehtimal olunan pozuntularına aid sübutları qorumaq.
9.3. Məhkəmə Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində nəzərdə
tutulmuş iddianın təmin edilməsi tədbirlərini tətbiq
edə bilər.
9.4. Qərardadın
qəbulu ilə bağlı hər hansı gecikdirmə
hüquq sahibinə bərpaedilməz zərər vuracaqsa və
ya sübutların məhv ediləcəyi barədə əsaslı
risk mövcuddursa, məhkəmə iddianı təmin etmək
haqqında qərardadı cavabdehin və ya işdə
iştirak edən digər şəxslərin iştirakı
olmadan, lakin qəbul edilmiş qərardad barədə onlara dərhal
xəbər vermək şərti ilə çıxarır.
9.5.
İddiaçı hüquq sahibi olduğunu və
hüquqlarının pozulduğunu, yaxud bu cür
hüquqpozmanın qaçılmaz olduğunu təsdiqləyən
sübutları məhkəmənin tələbi ilə ona təqdim
etməlidir.
9.6.
Hüquqpozma faktı təsdiq edilmədiyi təqdirdə
iddianı təmin etmək üçün həyata
keçiriləcək tədbirlərin cavabdehə vura biləcəyi
zərərin əvəzinin ödənilməsinin təmin
edilməsi məqsədi ilə məhkəmə iddianı təmin
etmək haqqında qərardad çıxararkən ərizəçidən
girov və ya bərabər qiymətli digər təminat
qoymasını tələb edə bilər.
9.7.
İddianı təmin etmək üçün tədbirləri
həyata keçirən orqan müvafiq malların eyniləşdirilməsi
ilə bağlı ərizəçidən zəruri
informasiyanın verilməsini tələb etmək hüququna
malikdir.
9.8. Əqli
mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar
mülki işlərə dair ərizə məhkəməyə
daxil olduğu vaxtdan 20 iş günü müddətində ərizəçinin
hərəkəti (hərəkətsizliyi) nəticəsində
işə mahiyyəti üzrə baxılmağa
başlanmadıqda məhkəmə cavabdehin müraciəti əsasında,
lakin işdə iştirak edən şəxsləri dinlədikdən
sonra iddianı təmin etmək üçün tədbirləri
ləğv edə bilər.
9.9. İddianı
təmin etmək üçün tədbirlərin ləğv
olunduğu və ya ərizəçinin hərəkəti (hərəkətsizliyi)
nəticəsində dayandırıldığı hallarda,
yaxud əqli mülkiyyət hüquqlarının
pozulmadığı və pozulma təhlükəsinin
olmadığı müəyyən edildikdə, məhkəmə
cavabdeh tərəfin ərizəsi əsasında həmin tədbirlərin
ona vurduğu zərərin iddiaçı tərəfindən
ödənilməsi barədə qərar çıxarmaq
hüququna malikdir.
Maddə 10. Sərhəd tədbirləri
Gömrük sərhədində əqli mülkiyyət hüquqlarının müdafiəsi, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədi ilə tədbirlər Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 11.
İnzibati və cinayət prosedurları
Əqli mülkiyyət hüquqlarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti ilə bağlı tədbirlər, həmçinin bu hüquqlarla bağlı inzibati mübahisələrə baxılması müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual və İnzibati Prosessual məcəllələrinin müddəalarına uyğun olaraq həyata keçirilir.
3-cü fƏsil müƏlliflik hüququ vƏ ƏlaqƏli hüquqlar obyektlƏrinin nüsxƏlƏrinin piratÇılıq yolu ilƏ istehsalına vƏ yayılmasına qarşı inzibati tƏdbirlƏr
Maddə 12. Eyniləşdirmə nömrələri
12.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hüquqi qorunmasını təmin etmək məqsədi ilə belə obyektlərdə unikal rəqəmli kodlardan istifadə olunur. Həmin kodlar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının mənşəyi haqqında informasiyanı eyniləşdirməyə imkan verir.
12.2. Müvafiq icra hakimiyyəti orqanı İSBN, İSMN, İSSN, İSAN və İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq işləri təşkil edir və həyata keçirir.
12.3. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarını və həmin nömrələrin verilməsinə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq standart eyniləşdirmə nömrələrinin alınmasının könüllü və məcburi olduğu hallar da müəyyən edilməlidir.
12.4. Müvafiq icra hakimiyyəti orqanı rəqəmsal şəbəkələrdə də müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət edir, hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq bu hüquqların kollektiv əsasda idarəçiliyini təşkil edir, hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğvi, yaxud dəyişdirildiyi hallarda müvafiq tədbirlər görür.
Maddə 13. Nəzarət
markası
13.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.
13.2. Nəzarət markası almaq hüququ olan şəxslərin dairəsini, nəzarət markasının və onun verilməsi üçün ərizənin nümunələrini, bu ərizəyə baxılma müddətini, nəzarət markalarının verilməsi üçün tələb olunan sənədlərin siyahısını, nəzarət markalarını verməkdən imtinanın əsaslarını, onların vurulma yeri və üsulunu da nəzərdə tutan nəzarət markalarının verilməsi və onlardan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.3. Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
13.4. Nəzarət markalarının hazırlanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 14. Nəzarət
markalarının və beynəlxalq standart eyniləşdirmə
nömrələrinin verilməsi
14.1. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsait müvafiq icra hakimiyyəti orqanının büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülür. Bu vəsaitdən nəzarət markalarının hazırlanması, verilməsi, eləcə də beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi üçün tədbirlərin həyata keçirilməsi, habelə bu qanunun icrasına nəzarətin təmin edilməsi məqsədi ilə istifadə olunur.
14.2. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülən vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 15.
Müəlliflik hüququ və əlaqəli hüquqlar
obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter
proqramı, məlumat toplusu, kitab) nüsxələrinin
yayılmasına nəzarət
15.1. Nəzarət markalarının verilməsi məqsədi ilə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) yayılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı təmin edir.
15.2. Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayım məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş audiovizual əsərlərin (filmlərin) nüsxələrinə nəzarət markaları həmin film "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındıqdan və filmlərin dövlət reyestrinə daxil edildikdən sonra yapışdırılır.
15.3. Nəzarət markası olmayan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına yol verilmir.
15.4. Müvafiq icra hakimiyyəti orqanı nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrini aparır, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirir, müvafiq məlumatları dərc edir və bu qanunun 3-cü fəslinin müddəalarından irəli gələn məsələlərin tənzimlənməsi ilə bağlı tədbirlər görür.
15.5. Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
15.6. Ölkəyə idxal edilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə nəzarət markalarının yapışdırılması proseduru gömrük rəsmiləşdirilməsindən sonra həyata keçirilir.
Maddə 16.
Müəlliflik hüququ və əlaqəli hüquqlar
obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter
proqramı, məlumat toplusu, kitab) nüsxələrindən və
nəzarət markalarından
qeyri-qanuni istifadəyə görə məsuliyyət
16.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı qadağandır.
16.2. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) pirat nüsxələri və bu qanunun tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr qanunla müəyyən edilmiş qaydada müsadirə edilir.
16.3. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin və nəzarət markalarının qeyri-qanuni hazırlanmasının (istehsal edilməsinin) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanı və qanunla səlahiyyət verilmiş digər dövlət orqanları həyata keçirirlər.
16.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərindən (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab), habelə nəzarət markalarından qeyri-qanuni istifadə edilməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
4-cü fəsil yekun müddəalar
Maddə 17. Qanunun qüvvəyə minməsi
Bu qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci
il
Azərbaycan.-
2012.- 14 iyul.- S. 2.