“Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.3.
həmin qanunun 12.3-cü maddəsində nəzərdə
tutulmuş beynəlxalq standart eyniləşdirmə nömrələrinin
verilməsi qaydalarını və həmin nömrələrin
verilməsinə görə haqqın məbləğini
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.4.
həmin qanunun 13.2-ci maddəsində nəzərdə
tutulmuş nəzarət markalarının verilməsi və
onlardan istifadə qaydalarını təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.5.
həmin qanunun 13.3-cü maddəsində nəzərdə
tutulmuş nəzarət markasının alınmasına
görə ödənilən haqqın məbləğini
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.6.
həmin qanunun 14.2-ci maddəsində nəzərdə
tutulmuş nəzarət markalarının və beynəlxalq
standart eyniləşdirmə nömrələrinin verilməsindən
əldə olunan vəsaitdən istifadə edilməsi və həmin
vəsaitdən istifadə haqqında hesabatın dərc
olunması qaydasını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.7.
həmin qanunun 15.5-ci maddəsində nəzərdə
tutulmuş nüsxələrinə nəzarət markası
yapışdırılması nəzərdə tutulan müəlliflik
hüququ və əlaqəli hüquqlar obyektlərinin
(audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat
toplusu, kitab) dövlət reyestrinin aparılması
qaydalarını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.1.8.
həmin qanunun 16.3-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.9.
həmin qanunun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə altı ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2.
Müəyyən edilsin ki:
2.1.
"Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü
maddəsinin birinci cümləsində, 13.2-ci və 13.3-cü
maddələrində, 14.2-ci maddəsində ikinci halda və 15.5-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2.
həmin qanunun 12.2-ci, 12.4-cü, 13.1-ci və 13.4-cü maddələrində,
14.1-ci maddəsinin birinci cümləsində, 14.2-ci maddəsində
birinci halda, 15.1-ci və 15.4-cü maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Müəllif Hüquqları Agentliyi həyata
keçirir;
2.3.
həmin qanunun 15.2-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata
keçirir.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu
fərmanın icrası ilə əlaqədar qəbul ediləcək
normativ hüquqi və normativ xarakterli aktlar "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
mindiyi gündən tez olmayaraq qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 14 iyul.- S. 2.