Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin
yaradılması və dövlət orqanları tərəfindən
vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini
rəhbər tutaraq, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılmasının, vətəndaşlara
göstərilən xidmətlərin daha keyfiyyətli, rahat,
yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə
həyata keçirilməsinin, vətəndaşlara
münasibətdə etik qaydalara, nəzakətli
davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun
təmin olunmasının zəruriliyini nəzərə
alaraq, dövlət orqanları tərəfindən göstərilən
xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə
keçidin sürətləndirilməsi məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi yaradılsın.
2.
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi bu fərmanın
3-cü bəndində göstərilən xidmət mərkəzlərinin
vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində
fəaliyyət göstərən dövlət
orqanlarının əməkdaşlarının fəaliyyətinin
əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin
aparılmasını, dövlət orqanlarının
informasiya bazalarının qarşılıqlı
inteqrasiyasını, elektron xidmətlərin təşkili
prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə
sisteminin təkmilləşdirilməsini təmin edən
dövlət orqanıdır.
3.
Dövlət orqanları tərəfindən vətəndaşlara
göstərilən xidmətlərin həyata keçirilməsini
təmin edən "ASAN xidmət" mərkəzləri
yaradılsın. Həmin mərkəzlərdə:
3.1.
xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik,
məsuliyyət və rahatlıq prinsipləri əsasında,
yaşayış yeri üzrə qeydiyyatından asılı
olmayaraq, bütün vətəndaşlar üçün və
təqvimin bütün günlərində həyata
keçirilsin;
3.2.
vətəndaşların bilavasitə, telefon və ya internet
vasitəsilə müraciətləri əsasında, səyyar
və digər üsullarla xidmətlərin həyata
keçirilməsi təmin edilsin;
3.3.
fəaliyyət göstərəcək dövlət
orqanlarının əməkdaşları üçün
etik kursların təşkili, vətəndaş
axınının idarə olunması, vətəndaşları
qarşılama, dinləmə, izahetmə bacarıqlarını
inkişaf etdirən müxtəlif treninqlərin həyata
keçirilməsi təmin edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
iki ay müddətində:
4.1. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
əsasnaməsinin və
strukturunun layihəsini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2.
"ASAN xidmət" mərkəzlərinin
nümunəvi əsasnaməsinin
layihəsini və xidmət mərkəzlərində
dövlət orqanları
tərəfindən göstərilən
xidmətlərin növləri
barədə təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
5. "Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması
və Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli, 1015 nömrəli sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin strukturu"nda
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 18 aprel tarixli 2187 nömrəli sərəncamı ləğv
edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
6.1. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyini
və "ASAN xidmət"
mərkəzlərini bina
və zəruri avadanlıqla təmin etsin;
6.2. Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
fəaliyyətinin təşkili
ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll
etsin.
6.3. Bu fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 14 iyul.- S. 3.