17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən verilmiş rəsmi dəvət məktubu;

2.2. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2.3. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Bu sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

3.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər - 2012-ci il avqustun 15-dən oktyabrın 15-dək;

3.2. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2012-ci il sentyabrın 1-dən oktyabrın 15-dək;

3.3. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər - 2012-ci il sentyabrın 10-dan oktyabrın 15-dək.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

5.1. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

5.2. 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 3.