Bakıda Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi mövzusunda konfrans keçirilmişdir

 

İyulun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak etmişlər.

Konfransı açan nazir Füzuli Ələkbərov bildirmişdir ki, cari ilin əvvəlinə olan statistik məlumata əsasən, respublikada 4 milyon 375 mindən çox məşğul əhalinin yalnız 1 milyon 381 min nəfərdən bir qədər çoxu, təxminən 31 faizi muzdla, yəni əmək müqaviləsi əsasında işləyir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək qeyri-leqal məşğul işçilərin hüquqlarının qorunmasında həmkarlar təşkilatlarının rolundan danışmış, bu sahəyə nəzarətin gücləndirilməsi üçün təkliflər səsləndirmişdir.

ASK-nın prezidenti Məmməd Musayev qeyri-leqal məşğulluğun qarşısının alınmasının vacibliyindən danışmış, bu mövzunun aktual olduğunu diqqətə çatdırmışdır.

Konfransda qeyri-leqal məşğulluğun aradan qaldırılması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində sahibkarların vəzifələri, əmək münasibətlərinə vergi nəzarəti sahəsində nəzərdə tutulan tədbirlər, işçilərin və gəlirlərin leqqallaşdırılması, əmək bazarında qeyri-leqal məşğulluğun mövcud vəziyyəti və s. müzakirə olunmuşdur.

Tədbirin sonunda aparılan müzakirələrin yekunu olaraq qərar qəbul olunmuşdur. Qərarda qeyri-leqal məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planının hazırlanması və həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi ilə işçi qrupunun yaradılması, həmçinin işçi qrupu tərəfindən ƏƏSMN, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi arasında işəgötürənlər və işçi qüvvəsinin hərəkətinə dair operativ məlumat mübadiləsinin həyata keçirilməsi əksini tapmışdır.

Həmçinin qərara əsasən bir sıra normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, əmək statistikasına dair hesabat formalarının unifikasiyası və qeyri-leqal məşğulluqla bağlı məlumat sisteminin təkmilləşdirilməsi və s. nəzərdə tutulur.

Tədbirin sonunda ƏƏSMN tərəfindən hazırlanmış əməyin mühafizəsinə və əmək münasibətlərinə dair videoçarxlar nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 3.