Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclası keçirilmişdir

 

 İyulun 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2012-ci ilin birinci yarısında görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası açan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cari ilin ilk yarısında ölkədə iqtisadi artımın sosial sahədə də müsbət göstəricilərin davamlı şəkildə yüksəlməsi ilə müşayiət olunduğunu bildirmişdir. Nazir qeyd etmişdir ki, bu ilin 6 ayında əhalinin pul gəlirləri 2,2 faizlik inflyasiya göstəricisini 12 faiz üstələyərək 14,2 faiz artmış, eyni zamanda, 37 mini daimi olan 46 min yeni yeri açılmışdır.

İclasda nazirlik tərəfindən görülən işlər barədə məlumat verilərək bildirilmişdir ki, cari il iyulun 1-nə respublikada 634 min 491 nəfəri əhatə edən 142 min 886 ailənin hər birinə ayda orta hesabla 109,50 manat ünvanlı yardım verilir. Ehtiyac meyarının məbləği isə 2006-cı ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3 dəfəyə qədər artırılaraq 84 manata çatdırılmışdır. Hazırda 27 rayonda vətəndaşlar ünvanlı yardım almaq üçün alternativ qaydada, yəni, poçtelektron qaydada müraciət etmək imkanına malikdirlər. Yardımların təyinatında şəffaflığın artırılması, məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün yaradılan alternativ müraciət mexanizmləri cari ilin sonunadək bütün ölkədə tətbiq ediləcəkdir.

Diqqətə çatdırılmışdır ki, ötən dövrdə də aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, dövlət yardımından asılı vəziyyətdən çıxmaları üçün fəal tədbirlər vasitəsilə dəstək verilməsi işləri davam etdirilmişdir. Artıq Tovuz, Xaçmaz, Masallı, İsmayıllı, Nizami, Füzuli rayonlarında və Sumqayıt şəhərində "Özünədəstək" - birdəfəlik ünvanlı sosial yardım proqramı tətbiq olunmuşdur. Bu proqram ilk növbədə mərhələli şəkildə bütün cəbhəyanı kəndlərdə, ümumən ölkənin hər bir rayonunda icra olunacaqdır.

Vurğulanmışdır ki, Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən fəal məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 min 519 vətəndaş münasib işlə təmin edilmiş, peşə hazırlığı kurslarına 1797 nəfər, haqqı ödənilən ictimai işlərə isə 778 nəfər cəlb olunmuşdur. Səyyar əmək birjalarının təşkili məqsədi ilə xüsusi hazırlanmış nəqliyyat vasitələrinin alınmasına başlanılmışdır.

Qeyd edilmişdir ki, ötən il nazirlikdə yaradılan, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu ictimai şura cari ilin birinci yarısında da yeni sosial proqramların icrası, sosial qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması işlərində fəal iştirak etmişdir. Bu ildən isə qabaqcıl dünya təcrübəsi əsasında ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq dövlət sifarişləri ilə reabilitasiya xidmətlərinə cəlb edilmişdir.

Bildirilmişdir ki, 2011-ci ildə və cari ilin birinci yarısında nazirnazirliyin digər rəhbər şəxsləri hər ay bir neçə dəfə müxtəlif bölgələrdə olaraq ümumilikdə 850 nəfərə yaxın vətəndaş, həmçinin nazirlikdə yaradılmış video-konfrans sistemi vasitəsilə bölgələrdə yaşayan ayrı-ayrı vətəndaşlarla distant formada görüşmüşlər.

İclasda görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilmişsonda kollegiyanın qərar layihəsi oxunaraq qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 3.