Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 13-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir O.Şirəliyev  əhalinin sosial müdafiəsi baxımından Türkiyə kimi inkişaf etmiş ölkənin nümayəndələri ilə təcrübə mübadiləsinin vacibliyini vurğulamışdır.

İki ölkə arasında səhiyyə və tibb elmi sahəsində qarşılıqlı əlaqələrə toxunan O.Şirəliyev yerli müdavimlərin Türkiyənin qabaqcıl ali təhsil ocaqlarında təhsil almalarını, zəngin təcrübə keçərək ölkəyə qayıtmalarını əhəmiyyətli faktor kimi dəyərləndirmişdir.

Azərbaycanda  tibbsosial müdafiə sahəsində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən danışan nazir ölkələrimiz arasında səhiyyə sahəsində imzalanmış protokolların daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirmişdir.

Türkiyəli nazir Faruk Çelik ikinci vətən saydıqları Azərbaycan ilə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirmişdir.

Hazırda Türkiyədə 17 min azərbaycanlının, Azərbaycanda isə 43 min Türkiyə vətəndaşının yaşadığını diqqətə çatdıran F.Çelik onların yüksək səviyyədə tibbi yardım alması üçün yeni xüsusi protokolların hazırlanmasını təklif etmişdir.

Türkiyəli nazir demişdir: "Hər iki ölkədə yaşayan vətəndaşlarımızın lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqi məqsədəuyğun olardı".

Azərbaycanın səhiyyə naziri belə bir layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 3.