Rusiya
Federasiyasının Federasiya Şurası erməni KİV-lərinin
yalan məlumatları barədə rəsmi bəyanat
yaymışdır
Rusiya Federasiyası Federasiya Şurasının mətbuat xidməti erməni KİV-lərinin guya Valentina Matviyenkonun Yerevanda Dağlıq Qarabağ problemi barədə fikir söyləməsinə dair yalan məlumatlarla əlaqədar rəsmi bəyanat yaymışdır.
AzərTAc həmin bəyanatın mətnini olduğu kimi təqdim edir:
"Ermənistanın bəzi KİV-lərində yayılmış məlumata görə, guya Federasiya Şurasının sədri V.İ.Matviyenko Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda fikir söyləmişdir. Bununla əlaqədar spikerin Ermənistan Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşlərdə və Federasiya Şurasının nümayəndə heyətinin 2012-ci il iyulun 11-də Yerevana rəsmi səfəri çərçivəsində jurnalistlərlə söhbət zamanı səsləndirdiyi bu məsələ ilə bağlı Rusiyanın mövqeyini izah etməyi zəruri sayırıq.
Rusiyada bunu əsas götürürlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız sülh danışıqları prosesi yolu ilə nail olmaq mümkündür. Danışıqların iştirakçıları beynəlxalq hüquq normalarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmalıdırlar. Münaqişənin həllində Ermənistanın və Azərbaycanın maraqları nəzərə alınmalı, zor işlətməmək, ərazi bütövlüyünə hörmət, hüquq bərabərliyi və xalqın təyini-müqəddərat hüququna riayət edilməsi kimi məlum prinsiplər gözlənilməlidir.
Buna görə də biz tərəflərin yığılıb qalmış etimadsızlığı aradan qaldırmaqla öz mövqelərini ardıcıl olaraq yaxınlaşdırmasını vacib hesab edirik. ATƏT-in Minsk qrupunun fəal vasitəçilik səyləri, habelə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli formatda birbaşa danışıqları buna şərait yaratmalıdır. Başa düşmək lazımdır ki, vasitəçilik səyləri münaqişənin tənzimlənməsinə doğru irəliləyişin mühüm elementi olsa da, bu, yalnız dialoqun qurulmasının vasitəsi olaraq qalır. Sülh sazişi bağlanması üçün məsuliyyət Ermənistanın və Azərbaycanın üzərinə düşür. Bu, Los-Kabosda "iyirmiliyin" sammitində Rusiya, Fransa və ABŞ liderlərinin qəbul etdiyi birgə bəyanatda da vurğulanmışdır".
Xatırladaq ki, Ermənistanda çıxan "Qraparak" qəzetinin verdiyi məlumata görə, guya Valentina Matviyenko "Köhnə Yerevan"da onun şərəfinə təşkil edilmiş naharda demişdir: "Dünyada hamı gözəl başa düşür ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaqdır, lakin Bakıda bunu deyə biləcək siyasətçilər hələ yoxdur".
AzərTAc
Azərbaycan.- 2012.- 14 iyul.- S, 4.