Valentina Matviyenko Ermənistanda
“Dağlıq Qarabağ
münaqişəsi barəsində heç
bir bəyanat verməmişdir”
İyulun 11-də Ermənistan Respublikasında səfərdə olmuş Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko "Dağlıq Qarabağ münaqişəsi barədə heç bir bəyanat verməmişdir".
Bu barədə Ermənistan Milli Məclisi aparatının İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələr idarəsinin bu gün İTAR-TASS agentliyində dərc edilmiş bəyanatında məlumat verilir.
Sözügedən bəyanat iyulun 13-də "Qraparak" qəzetində dərc edilmiş, guya V.Matviyenkonun Dağlıq Qarabağ münaqişəsi barədə söylədiyi fikirlə bağlı məqalə ilə əlaqədar yayılmışdır.
Ermənistan Milli Məclisi aparatının İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələr idarəsinin bəyanatında deyilir: "Biz bəyan edirik ki, yuxarıda adı çəkilən məqalə əsla həqiqətə uyğun deyildir. Rəsmi görüşlərdə, xüsusən nahar vaxtı bu cür müzakirələr olmamışdır".
İdarə daha sonra bildirir: "Təəssüf ki, bir sıra hallarda KİV-lərdə dərc edilən məlumatlar heç də həmişə həqiqətə uyğun olmur. Bu məqalə də həmin qəbildəndir".
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 14 iyul.- S. 4.