Qanunların aliliyinin qorunmasının təminatçısı

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi – 14 il

 

 XX əsrin sonlarında Azərbaycan Respublikası öz siyasi müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən siyasi qeyri-sabitlik və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizin reallaşdırılmasını qeyri-mümkün edirdi.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və dövlətimizin həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasına şərait yaratdı. Məhz bu dövrdən başlayaraq, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi. Şübhəsiz ki, bu irimiqyaslı tədbirlər sisteminin əsasında 1995-ci ildə qəbul edilmiş, hazırlanmasında və qəbulunda ümummilli lider Heydər Əliyevin müstəsna rolu olan Azərbaycan Respublikasının Konstitusiyası durur.

1995-ci il Konstitusiyası insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi, müdafiə mexanizmlərinin yaradılmasını isə başlıca vəzifə olaraq özündə əks etdirmişdir.

Konstitusiyamızın milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də hüquqi dövlətin ayrılmaz atributu olan və müasir tələblərə cavab verən müstəqil məhkəmə hakimiyyətinin yaradılmasının əsasını təşkil etməsi olmuşdur. Konstitusiyada əksini tapan prinsiplər çərçivəsində ölkəmizdə daha sonra həyata keçirilmiş məhkəmə-hüquq islahatları məhkəmə hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə etməsinə geniş imkanlar yaratmışdır. Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək  üçün müstəqil məhkəmə hakimiyyətini yaratmağa yönəlmiş qanunvericilik bazası formalaşmış, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə üçpilləli məhkəmə sistemi yaradılmışdır.

Konstitusiya ölkə və cəmiyyət həyatı üçün nə qədər əhəmiyyətli bir sənəd olsa da, cəmiyyətin və insan təfəkkürünün inkişafı, yeni ictimai-siyasi münasibətlərin yaranması bu sənəddə də islahatların aparılmasını zəruri edir. Azərbaycan Konstitusiyasında da bu cür islahatların aparılması ictimai, siyasi, iqtisadi və digər sahələrdə inkişaf dinamikası ilə əlaqəlidir. Azərbaycanın sosial-iqtisadi inkişafı, siyasi modernləşmənin vüsəti, demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsini tarixi zərurətə çevirmişdir.

Eyni zamanda, Konstitusiyanın qəbulu sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həmçinin ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət  ideyalarının durması ilə səciyyələnir.

Azərbaycan Respublikası Konstitusiyasının xarakterik xüsusiyyətlərindən biri də həmin dövrədək ölkəmizdə məhkəmə sistemi üçün səciyyəvi olmayan yeni institutun, dövlətçilik tariximizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsinin təsis edilməsi olmuşdur. On dörd il əvvəl - 1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi nəticəsində və iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı fərmanla bu orqan rəsmi fəaliyyətə başlamışdır.

Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya ədalət mühakiməsi ölkəmizdə məhkəmə hakimiyyətinin yeni fəaliyyət istiqaməti kimi nəzərdən keçirilir. Əsas yurisdiksiyası konstitusiya nəzarətini həyata keçirmək olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məqsədləri Konstitusiyanın aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir. Məhz buna görə konstitusiya ədalət mühakiməsi hakimiyyət sisteminin demokratikləşdirilməsi, insan hüquqlarının müdafiəsi və hüququn aliliyinin təmin edilməsinin aparıcı mexanizmlərindən biri kimi qəbul olunur. Bu anlayış normativ-hüquqi aktlar sisteminə nəzarət, qanunvericiliyə uyğun olaraq bu sistemin Konstitusiyaya müvafiqliyinin yoxlanılması, Konstitusiya və qanun normalarının rəsmi və məcburi xarakter daşıyan şərhi vasitəsilə hüququn inkişafı, hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi və düzgün istiqamətləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı yaranmış mübahisələrin həlli və sair kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir.

Ümumiyyətlə, müasir dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri də Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona dinamizm qazandırılmasıdır. Bu, dövlətin əsas qanununun siyasi sabitliyin təminatçısı kimi qəbul edilməsi və cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi zərurətindən irəli gəlir. Məhz belə yanaşma əsasında Konstitusiya normaların statik məcmusu olmaqdan çıxır, konstitusion dəyər və prinsiplər zamanın tələbləri çərçivəsində şərh edilir, eləcə də onların müasir demokratik cəmiyyətlərdə hakim olan anlayışlar baxımından daim inkişaf etdirilməsi təmin olunur. Bununla da, Konstitusiya ictimai inkişafın ortaya çıxan yeni tələbatlarının nizama salınmasında canlı vasitə rolunu oynayır. Bu isə öz növbəsində ona cəmiyyətdəki yeniliklərə adekvat təsir imkanı verən xüsusi dinamizm qazandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biri normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaqdır. Konstitusiya Məhkəməsi bu səlahiyyəti vasitəsilə Konstitusiyanın aliliyini təmin etmiş olur. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə onu qüvvədən düşmüş elan edir. Bununla, həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Buradakı mühüm məqam ondan ibarətdir ki, qeyd etdiyimiz kimi, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədə müvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın fəlsəfəsinə və prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir. Beləliklə, Konstitusiya Məhkəməsi yoxlanılan normativ-hüquqi aktı bütövlükdə və ya onun ayrı-ayrı hissəsini qüvvədən salmaqla Konstitusiya ilə uyğunsuzluq təşkil edən həmin normaları qanunvericilik sistemindən kənarlaşdırmış olur. Lakin Konstitusiya Məhkəməsi yoxlanılan aktların Konstitusiyaya uyğunluğu məsələsini həyata keçirməklə öz fəaliyyətini bitmiş hesab etmir. Çünki "Konstitusiyaya uyğunlaşdırma" fəaliyyəti daha geniş şəkildə qəbul edilməli, zərurət yarandıqda Konstitusiya Məhkəməsi tərəfindən dövlət hakimiyyət orqanlarını müvafiq olaraq əlavə tədbirlər görməyə sövq edilməlidir. Konstitusiya Məhkəməsinin fəaliyyətini diqqətlə izləyən zaman aydın şəkildə müşahidə olunur ki, məhkəmə öz qərarları ilə yeri gəldikcə sonradan görülməsi zəruri olan tədbirləri əhatə edən müəyyən prosedurlara müraciət edir. Konstitusiya normalarının daha dolğun təmin edilməsi üçün səlahiyyətli dövlət orqanlarına qanunvericilik tənzimləmələrinin həyata keçirilməsinin zəruriliyinə dair ünvanlanmış tövsiyələr buna misal kimi göstərilə bilər. Bununla da,  hakimiyyətlər bölgüsü prinsipinə ciddi riayət edilməklə bəzən normayaradıcı orqanların hüquqyaratma səlahiyyətləri müəyyən hədlər çərçivəsinə salınır, bəzən də gələcək norma yaradıcılığının konturları müəyyənləşdirilməklə səlahiyyətli orqanlar konkret hüquqyaratma fəaliyyətinə dəvət edilir. Prosedurların işlək mexanizminin olması və arzulanan səmərəni verməsi isə sözsüz ki, dövlət hakimiyyəti orqanlarının digər qollarının fəal dəstəyindən əhəmiyyətli dərəcədə asılıdır. Həmçinin qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin institutları arasında bilavasitə birləşdirici funksiyanı həyata keçirir, çünki o, ölkəmizin Əsas Qanunundan irəli gələn prinsiplərin aliliyinin qorunmasının təminatçısı kimi çıxış edir.

Ümumiyyətlə, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti, əsas qanuna uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsinin yolverilməzliyi ilə səciyyələnir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmamasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiqini də qeyri-mümkün edir. Bu mənada, normayaradıcı orqanlar öz fəaliyyətlərində yeri gəldikcə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini diqqətlə nəzərə almalı, hüquqi tənzimləmələri məhz ondan irəli gələn tələblərə uyğun qaydada həyata keçirməlidirlər.

Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 2002-ci il avqust ayının 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər mühüm əhəmiyyətə malik olmuş və məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik Konstitusiya nəzarəti orqanıdır. Bu nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə Konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanun normalarının təfsiri vasitəsilə hüququn inkişafı və tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətlər deməkdir. Konstitusiya islahatlarından sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu dəyişikliklərdən sonra 2004-cü il yanvarın 8-də "Konstitusiya Məhkəməsi haqqında" yeni qanunun qüvvəyə minməsi ilə Azərbaycanda ilk dəfə olaraq konstitusiya şikayəti institutunun tətbiqinə başlanılmış, eləcə də ombudsmana və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanları verilmişdir. Şübhəsiz ki, bütün bunlar, ilk növbədə, Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli bir vasitənin əldə edilməsi deməkdir. Xüsusilə də, konstitusiya şikayətinin verilməsinin mümkün olduğu məsələlərin dairəsi geniş müəyyən edilmişdir.

Konstitusiya şikayəti institutu Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biri kimi insan hüquqlarının və azadlıqlarının müdafiəsinin və Konstitusiyanın birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi baxımından olduqca əhəmiyyətli imkanlar yaradır. Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, Konstitusiyanın aliliyinin reallaşdırılması, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi digər yeni demokratik rejimli dövlətlərdə müşahidə olunduğu kimi, bizim ölkəmizdə də bəzi qüsurlarla müşayiət olunur. Belə ki, bəzi hallarda hüquq realizə edən orqan Konstitusiyanı öz gündəlik fəaliyyətində kənar və əsasən təcrübədə əhəmiyyətə malik olmayan deklarativ sənəd kimi nəzərdən keçirir. Halbuki hüquqi dövlətin əsas prinsipi hüquq tətbiqedicinin bu cür yanaşmasının əsaslı olaraq dəyişməsini tələb edir.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən olan Konstitusiyanın və qanunların şərh edilməsinin məqsədi normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmaqdan ibarətdir. Bu zaman Konstitusiya Məhkəməsi verdiyi rəsmi şərhlə hüquq normasının hər hansı digər Konstitusiyaya uyğun olmayan şəkildə tətbiqini mümkünsüz edir, onun icraatı qaydasını dəqiqləşdirir, müvafiq formada tətbiqi təcrübəsini istisna edir. Verilən rəsmi şərh vasitəsilə hüquq norması, eyni zamanda, müasir dəyərlər baxımından dolğunlaşdırılaraq təkmilləşmiş formanı qəbul edir. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Konstitusiya ilə müəyyənləşdirilmiş formada fəaliyyət göstərən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi səlahiyyətlərini həyata keçirərkən hakimiyyətin digər qolları ilə qarşılıqlı fəaliyyət göstərməklə qəbul etdiyi qərarları ilə milli hüquq sisteminin formalaşmasına, qanunvericiliyin inkişafına və onun konstitusiya ideyaları ilə zənginləşdirilməsinə öz töhfəsini verir. Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi qanunvericiliyə uyğun olaraq hakimiyyətin digər qollarının normayaratma fəaliyyətinə müdaxilə etmir. Lakin konstitusiya nəzarəti orqanı olmaqla hüququn tənzimlənməsi sahəsində boşluqların aradan qaldırılması və normaların şərhi, əsas qanuna zidd olan hüquq normalarının qüvvədən düşməsi, müvafiq tövsiyələrin verilməsi kimi fəaliyyət sahələri yeni hüququn yaranması ilə nəticələnir. Məhkəmənin bu cür fəaliyyəti milli hüququn inkişafının ümumi qanunauyğunluğundan və inkişaf istiqamətlərindən kənara çıxmır. Eyni zamanda,  bunun vasitəsilə hüquq elminin bazasında yeni hüquqi prinsiplər yaranır.

Qeyd etmək lazımdır ki, bəzi hallarda Konstitusiya Məhkəməsinin səlahiyyətləri barədə ictimaiyyətdə dəqiq təsəvvürün olmaması müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olur. Hesab edirik ki, zaman keçdikcə və cəmiyyət Konstitusiya Məhkəməsinin statusu və səlahiyyətləri barədə daha geniş məlumatlara malik olduqca anlaşılmazlıqlar da aradan qalxacaqdır.

On dörd ilin təcrübəsi göstərir ki, Konstitusiya Məhkəməsinə verilmiş geniş səlahiyyətlər məhz dövrün tələblərindən irəli gəlmiş, bu qurumun dövlət və hüquq sistemimizdə yeni təsisat olmasına baxmayaraq, yaranmasının ilk dövrlərindən fəal fəaliyyəti ilə müvafiq subyektlərin müraciətləri əsasında bəzi konstitusiya normalarını rəsmi şərh etmiş, mülkiyyət hüququ, cinayət və cinayət-prosessual hüququ, əmək və sosial təminat hüququnun bir sıra institutları ilə bağlı zəruri qərarlar qəbul etmiş, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təmin olunması ilə əlaqədar konkret məsələlər üzrə hüquqi mövqelərini formalaşdırmışdır.

Qeyd etmək istərdim ki, 14 illik fəaliyyəti dövründə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 229 qərar və 50 qərardad qəbul edilmişdir.

Vətəndaşların konstitusiya şikayəti institutundan səmərəli müdafiə vasitəsi kimi olduqca fəal istifadə etmələri Konstitusiya Məhkəməsinin fəaliyyətinin nəticəsi kimi çıxış edir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, vətəndaşlar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etdikdən sonra bu günədək ümumi olaraq, fərdi şikayətlərlə bağlı 82 qərar və 35 qərardad qəbul olunmuşdur.

Qeyd olunan qərar və qərardadlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, o cümlədən məhkəməyə müraciət etmək hüququ, əmək, mənzil, sosial-təminat, birləşmək hüququ və mülkiyyət hüquqlarının müdafiəsi kimi mühüm məsələlərə dair hüququn realizəsi prosesində hüquq sistemi üçün əhəmiyyətə malik hüquqi mövqelər formalaşdırılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti açıq xarakter daşıyır və nəinki dövlət orqanları və hüquq ictimaiyyəti, həmçinin hər bir vətəndaş üçün əlçatandır. Məhkəmənin bütün qərarları rəsmi mətbuatda dərc edilir və Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilir. Məhkəmənin fəaliyyətinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin rolu xüsusilə diqqətəlayiqdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətində beynəlxalq təcrübəni nəzərə almaqla hüquqi mövqeyini daim təkmilləşdirir və müntəzəm formada Avropa hüququnu presedent kimi fəal tətbiq edir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 14 illik fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət vermişdir. İlk növbədə vurğulamaq istərdik ki, Azərbaycan Konstitusiya Məhkəməsi 2000-ci ildən etibarən Avropa konstitusiya nəzarəti orqanlarını birləşdirən Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvüdür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, ATƏT və bir sıra digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası çərçivəsində konstitusiya məhkəmələrinin təcrübəsini əks etdirən xüsusi "Venesiya Forumu" adlanan şəbəkənin üzvüdür. Ümumiyyətlə, Konstitusiya Məhkəməsi Türkiyə, Rusiya, Almaniya, Avstriya, İtaliya, Bolqarıstan, Moldova, Ukrayna, Koreya Respublikası, Cənubi Afrika Respublikası və bir çox digər Avropa, Asiya və Afrika ölkələrinin yüksək məhkəmə hakimiyyəti orqanları ilə ikitərəfli əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Türkiyə, Belarus, Moldova və Bolqarıstan Konstitusiya məhkəmələri ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalamışdır. Bütün bunlar Konstitusiya Məhkəməsinin təcrübəsini zənginləşdirməklə və onun qəbul etdiyi qərarlarda müasir hüquqi meyillərin tətbiqinə zəmin yaratmaqla, həm praktiki, həm də nəzəri sahələrdə təcrübə mübadiləsinə geniş imkanlar yaradır. Həyata keçirilən beynəlxalq əməkdaşlıq qarşılıqlı faydalı məzmun daşıyır, dünyada və Avropada gedən sürətli inkişaf və inteqrasiya prosesləri bu əlaqələrin daha da genişləndirilməsini zəruri edir.

On dörd illik fəaliyyəti dövründə Konstitusiya Məhkəməsi ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak etməklə yanaşı, qəbul etdiyi qərarlarla hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasına və digər normalara hörmət və ehtiramını, ədalət, azadlıq, humanizm və hüquqi müəyyənlik kimi prinsiplərin möhkəmləndirilməsinə, hüquq düşüncəsinin və mədəniyyətinin inkişafına, konstitusionalizm ideyalarının bərqərar olması işlərində öz dəyərli töhfəsini vermişdir. Təbiidir ki, bu cür fəaliyyət ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən quruculuq, sürətli inkişaf və demokratikləşmə prosesləri sayəsində həyata keçirilir.

Bu gün Azərbaycan Respublikasında iqtisadiyyatın dinamik inkişafı, dövlət və cəmiyyət həyatının bütün sahələrində əldə olunan nailiyyətlər, genişmiqyaslı quruculuq işləri və sosial layihələrin uğurla həyata keçirilməsi, ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin gündən-günə güclənməsi müşahidə olunur. Bu, möhtərəm Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin bilavasitə nəticəsidir. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, bir çox regional və dünya əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı olması ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması ilə səciyyələnir. Əminliklə qeyd etmək istərdik ki, Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi dövlət quruculuğuna, Əsas Qanunun aliliyinin təmin edilməsinə, cəmiyyətimizdə hüquq düşüncəsinin daha da inkişaf etməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə olunması işlərinə bundan sonrakı fəaliyyəti ilə də öz töhfəsini verəcəkdir.

 

 

Fərhad ABDULLAYEV,

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin sədri

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 5.