Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərinin yekunlarına dair birgə bəyanat yaymışlar

 

 ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik iyulun 10-dan 13-dək Azərbaycan və Ermənistana etdikləri səfərin yekunlarına dair birgə bəyanat yaymışlar.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda qeyd edilir ki, həmsədrlər səfər müddətində Azərbaycan və Ermənistanın dövlət başçıları, xarici işlər nazirləri, Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşlər keçirmişlər. Həmsədrlər bütün görüşlərdə həmsədr ölkələrin rəhbərlərinin 18 iyunda Los Kabosda verdikləri birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair öz ölkələrinin qətiyyətli fikrini bir daha vurğulamışlar.

Həmsədrlər səfər zamanı, həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə iyunun 18-də Paris görüşündəki müzakirələri davam etdirmişlər. Həmsədrlər cəbhə xətti boyunca ən son insidentlərdən narahatlıqlarını ifadə etmiş və təkrarlamışlar ki, sülh əldə etmək üçün tərəflərin siyasi iradəsi ən yaxşı formada maksimalist mövqedən çəkinmək, 1994-cü il atəşkəs razılaşmasına riayət etmək və düşmənsayağı ritorikadan imtina etməklə nümayiş oluna bilər.

Dağlıq Qarabağda aeroportun nəzərdə tutulan açılışına dair məlumatlarla bağlı tərəflər həmsədrləri yenidən əmin etmişlər ki, mülki hava nəqliyyatı vasitələrinə hədə və güc tətbiqindən imtina edəcək, məsələni diplomatik vasitələrlə diqqətdə saxlayacaqmövzunu siyasiləşdirməyəcəklər. Həmsədrlər təsdiq etmişlər ki, aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişmək üçün hər hansısa bir iddianı dəstəkləmək üçün istifadə oluna bilməz, həmçinin tərəflərə beynəlxalq hüquqa əsaslanaraq və öz əraziləri üzərindən uçuşların hazırkı təcrübəsinə uyğun olaraq hərəkət etmək xəbərdarlığını etmişdir.

Həmsədrlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sentyabr ayında görüşünü hazırlamaq məqsədilə regiona yenidən səfər etmək və nazirlərlə ayrı-ayrılıqda görüşməyi planlaşdırırlar.

 

 

Elgün NİFTƏLİYEV

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 5.