Eqemen Baqış: Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi neytrallığını qoruyub saxlamağa borcludur

 

 Əgər Fransanın indiki Prezidenti Fransua Ollandın administrasiyası Türkiyəyə münasibətdə öz sələfinin səhvlərini təkrarlasa, bu, tərəflərin heç birinin xeyrinə olmayacaqdır.

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu fikri Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Eqemen Baqış söyləmişdir.

Nazir qeyd etmişdir ki, Türkiyə ilə Fransa arasında münasibətlərin 1600 illik tarixi vardır və şübhəli qərarlar nəticəsində bu münasibətləri pisləşdirməyə dəyməz.

Nazir demişdir: "Dəfələrlə təkrarlamışıq ki, bizim tariximizdə soyqırımı yoxdurkim onu tapmaq istəyirsə, zəhmət çəksin, öz tarixini diqqətlə öyrənsin".

E.Baqış vurğulamışdır ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri kimi neytrallığını qoruyub saxlamalı və münaqişə tərəflərindən heç birini dəstəkləməməlidir.

Nazir demişdir: "Ermənilərin iddiaları barədə qanun layihəsi qəbul etmək cəhdləri isə Ermənistanı dəstəkləməkdən başqa bir şey deyildir. Bu, ATƏT-in Minsk qrupunun həmsədri üçün qəbuledilməzdir".

Nazir qeyd etmişdir ki, Türkiyə 1915-ci il hadisələrinin obyektiv öyrənilməsi üçün həmişə konstruktiv və yaradıcı ideyalar irəli sürmüşdür. O demişdir: "Lakin arxivlərin öyrənilməsi və müştərək tarix komissiyası yaradılması barədə bizim yeddi il bundan əvvəl etdiyimiz müraciətə Ermənistan tərəfinin cavabını hələ də almamışıq. Ümid edirik ki, yeni seçilmiş Prezident Olland başda olmaqla, Fransa köhnə səhvləri təkrarlamayacaqdır". 

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 5.