Prezident İlham
ƏLİYEV: “Biz
Azərbaycan bayrağını Xankəndidə
qaldıracağıq”
"Bu gün dünyada əfsuslar olsun ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq hüquq normalarına məhəl qoyulmur. Güc amili ön plana çıxır. Güclü kimdir, haqlı da odur. Bu, bizim seçimimiz deyildir, amma əfsuslar olsun ki, dünyada gedən proseslər bunu göstərir. Güclü olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye potensialı və böyük əhali lazımdır. Ona görə biz bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq". Bu fikirləri iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söyləyib.
Ölkəmizin daxili və xarici siyasətinin uğurları, sosial-iqtisadi inkişaf, ordu quruculuğu və həyata keçirilən transmilli layihələr barədə geniş nitq söyləyən dövlət başçısı bu sahələrdə görülən işləri müsbət qiymətləndirib. Prezident qeyd edib ki, altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf edib və qarşıda duran bütün vəzifələr icra edilib: "Bizim yanaşmamız tam başqadır. Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq".
Azərbaycanın güclənən ordusu və ordu quruculuğu istiqamətində aparılan işlərdən danışan dövlət başçısı vurğulayıb ki, bütün siyasi və diplomatik səylərlə yanaşı, Azərbaycan öz hərbi qüdrətini artırır, gücləndirir. Güclü ordu danışıqlarda dövlətimizin mövqeyini böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə də hesab edir ki, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi yüksəlişi, daxili və xarici siyasətinin uğurları, ordu quruculuğu və digər sahələrlə bağlı çox əhatəli şərhi Azərbaycanın bu gün düzgün yolda olduğunu göstərir. Aydın Mirzəzadənin sözlərinə görə, Prezidentin nitqində diqqəti cəlb edən məsələlərdən biri də ölkəmizin müdafiə qabiliyyəti, ordusu ilə bağlı idi: "Bu fikirlər cənab Prezident tərəfindən əvvəllər də səslənib. Ancaq dövlətimizin başçısı bir daha orduya qayğının daim dövlətin diqqətində olacağını, Azərbaycanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün böyük səy göstəriləcəyini vurğuladı. Çünki ordumuz Azərbaycan dövlətinin varlığının əsas faktorlarından biridir. Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub, ona görə də ordu nəinki sadəcə dövlət atributudur, eyni zamanda, torpaqların işğaldan azad edilməsi üçün atılan addımlardan biri sayılır".
A.Mirzəzadə bildirib ki, bu gün Azərbaycan ordusu çox güclüdür və istənilən vaxt ona verilən döyüş əmrini yerinə yetirməyə qadirdir. Çünki Ali Baş Komandan daim ordumuza nəzarət edir, fəaliyyəti ilə bağlı tapşırıqlar verir və icra edilməsini diqqət mərkəzində saxlayır. Deputatın fikrincə, bu günlərdə cəhbə bölgəsində Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlim keçirməsi də müdafiə məsələlərinin şəxsən dövlət başçısının nəzarətində olduğunu göstərir: "Prezidentin çıxışı zamanı bir daha hər kəsə bəlli oldu ki, Ali Baş Komandan müdafiə məsələlərini diqqətdə saxlayır, ordunun ən müasir silahlarla təchiz edilməsi üçün ciddi tapşırıqlar verir. Buna görə də Azərbaycan ordusu günü-gündən güclənir və hərbi qulluqçular onlara verilən bütün tapşırıqlara ciddi şəkildə əməl edirlər".
Hökumətin iclasında dövlət başçısı Azərbaycanın müstəqil siyasət aparmasından və sürətli inkişafından narahat olan, xarici və daxili qüvvələr barədə də fikirlər səsləndirib. Həmin qüvvələr Bakıda keçirilən "Eurovision" beynəlxalq mahnı festivalı ərəfəsində xeyli fəallıq göstərsələr də, bu gün onların varlığı hiss olunmur: "Azərbaycanın inkişafını qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var. Biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr var. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm, daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparıblar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil ediblər. Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da, öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr".
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da düşünür ki, "Eurovision" mahnı müsabiqəsi ərəfəsində antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardığı çirkin kampaniya Azərbaycan xalqının həm xaricdə, həm də daxildə qatı düşməni olan həmin qüvvələrin kimliyini bir daha üzə çıxardı. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında antimilli qüvvələr barədə söylədiyi fikirlər tamamilə həqiqəti əks etdirir: "Hər bir Azərbaycan vətəndaşı kimi mən də bu proseslərin şahidiyəm. Bu mötəbər yarışın Azərbaycanda keçirilməməsi üçün ölkəmizə qarşı bir neçə istiqamətdə hücumlar başlamışdı. Bir tərəfdən erməni diasporu və erməni lobbisinin maliyyəsi ilə hərəkət edən Avropanın ayrı-ayrı dövlətlərinin siyasətçiləri, konqresmenləri, Avropada fəaliyyət göstərən beynəlxalq hüquq müdafiəçiləri, digər tərəfdən İranın məlum qüvvələri və ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon"un üzvləri çirkin kampaniyaya qoşuldular. Antiazərbaycan təbliğatı aparan beynəlxalq mərkəzlərin dəyirmanına su tökən daxili qüvvələr bu hərəkətləri ilə özlərini gülünc vəziyyətə saldılar".
F.Ağamalı bildirir ki, Azərbaycan bu gün təkcə regionda deyil, dünyada öz dinamik inkişafına görə seçilən öncül ölkələr sırasına qoşulub. Antiazərbaycançı qüvvələr isə dövlətimizin bu cür sürətlə inkişafını mənimsəyə bilmirlər. Ona görə də ölkəmizə qarşı təzyiq, təhdidlərdən əl çəkmirlər. Azərbaycanda isə həmin qüvvələrə dəstək olan "beşinci kolon"un nümayəndələri öz ənənələrinə sadiq qalıblar: "Onlar bir daha öz xəyanətlərini sübut etdilər. Düşünürəm ki, "İctimai Palata" adlandırılan bir qurumun çətiri altında birləşən qüvvələrin və Leyla Yunus kimi antiazərbaycan, antimilli fəaliyyətlə məşğul olan şəxslərin hazırladıqları ssenari iflasa uğradı. Bu şəxslər ölkə daxilində özlərinə bir daha zərbə vurdular". F.Ağamalının sözlərinə görə, dövlət başçısının bütün bu məsələlərə bir daha toxunması bəzi qüvvələrə ciddi mesajdır və onlar bundan ibrət dərsi almalıdırlar.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 14 iyul.- S. 6.