Tanınmış
müğənni və bəstəkar Emin
Ağalarovun Bakıda geniş
konsert proqramı ilə
çıxışı olmuşdur
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov iyulun 13-də Bakıda, Yaşıl Teatrda geniş konsert proqramı ilə çıxış etmişdir.
AzərTAc xəbər verir ki, xeyriyyə məqsədli konsertdə Emin Ağalarov pərəstişkarlarının qarşısına "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsində ifa etdiyi "Never enough" mahnısı ilə çıxmışdır.
Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni ötən konsertlərindəki kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, "After the Thunder" albomuna daxil olan mahnıları tamaşaçılara təqdim etmişdir.
Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov "After the Thunder" albomu haqqında danışaraq demişdir ki, albom dünyanın bir çox ölkələrində təqdim ediləcəkdir.
Konsertdə, həmçinin ölkəmizi 57-ci "Eurovision" musiqi yarışmasında təmsil edən Səbinə Babayeva "When the music dies" mahnısını tamaşaçılar üçün bir daha ifa etmişdir.
Tamaşaçılar Bakıda keçirilmiş 57-ci "Eurovision" mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olmuşlar.
E.Ağalarov, həmçinin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayeviin repertuarından da mahnı səsləndirmişdir.
Hər zaman Müslüm Maqomayevi uca tutduğunu dilə gətirən müğənni, məhz ondan nümunə götürərək sənətdən zövq aldığını qeyd etmişdir.
Anşlaqla keçən konsertdə müğənninin yeni albomundan ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
"After
the Thunder" albomundakı mahnılardan 11-i ingilis,
2-si isə rus dilindədir. Müğənninin "Eurovision-2012" mahnı müsabiqəsinin finalında
oxuduğu "Never enough" mahnısı da alboma daxildir.
Azərbaycan.- 2012.- 14 iyul.- S. 6.