Tarixin şahid
yadigarları
Bir vaxtı Goranboyda Mirzə Adıgözəlbəyin türbələrinə heç də yaxşı baxılmırdı. Mətbuatda həyəcan siqnalı çaldırdıq. Bundan sonra abidələrin tədqiqi, təbliği və mühafizəsi üçün xeyli işlər görüldü; türbələr qeydiyyata götürüldü, göstərici lövhələr vuruldu. Məzarlığın ətrafı bərkidildi. Goranboy mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev deyir ki, indi rayonda abidələrin mühafizəsi, bərpası və təbliği üçün geniş proqram həyata keçirilir. Çoxlu yurd yerlərini gəzdik. Qədim Goran torpağı tarixi abidələrlə, qalalarla, türbələrlə, kurqanlarla zəngindir. Tarixin neçə-neçə canlı yadigarı ilə tanış olduq. Ölkədə turizmin inkişafı ilə əlaqədar onları oxuculara da tanıtmaq istəyirik.
TÜRBƏLƏR: Dövrün görkəmli şəxslərinin xatirəsini əbədiləşdirmək üçün qəbirlərin üzərində tikilən memarlıq abidələridir. Əsasən XII-XIV əsrlərə aiddir. İslam dininə görə canlıların təsviri günah sayıldığından qəbirlərin üzərində heykəllər əvəzinə türbələr inşa edilərdi. Türbələr əsasən kubşəkilli, səkkizguşəli və qülləvari olurdu. Bəzilərində sənduqə döşəmə səviyyəsində, bəzilərində isə yeraltı sərdabədə yerləşirdi. Türbələrin tikintisində əhəng daşından, bişmiş kərpicdən, yaxud çay daşından istifadə olunurdu. Divarlara nəbati rəsmlər çəkilirdi. Çoxbucaqlı türbələrə Borsunlu, Mollavələdli, Səfikürd, Rəhimli abidələri aiddir.
Onlardan
biri də Xudu baba türbəsidir. Səfikürd kəndində
yerləşir. XVIII əsrin yadigarıdır. Arran memarlıq
üslubunda, çay
daşı ilə və bişmiş kərpiclə
tikilib. Hündürlüyü 2,2 metrdir. Türbənin
hörgüsündə süd, yumurta və irəmə
torpağının qarışığından istifadə
olunub. İçərisi kəclə suvanıb.
Belə
deyirlər ki, Səfikürddə Xudu adlı bir pəhləvan
yaşayırdı. Goran çayının
yaxınlığında indi də izi duran mağarada həmin
Xudu pəhləvan ona hücum edən pələngi boğub
öldürmüşdü. Onun şücaəti haqda xəbər
Gəncəyə çatanda adlı-sanlı pəhləvanlardan
biri Xudu babanın sorağı ilə Səfikürdə gəlir.
Xudu özünü pəhləvanın nökəri kimi təqdim
edir. Gəncəli pəhləvanı evinə aparır, gecə
qonaq saxlayır.
Gəncəli
pəhləvan gücünü göstərmək
üçün evin nisbətən az ağırlıq
düşən dirəyini qaldıraraq
çarıqlarını onun altına qoyur. Bunu görən
Xudu baba çarıqlarını daha çox
ağırlıq düşən dirəyin altına yerləşdirir.
"Nökərin" əməlini görən qonaq Xudu pəhləvanla
qarşılaşmağa ehtiyat edir və tələsik geri
dönür.
Xudu baba
belə baba olub.
KURQANLAR. Əsasən mühüm
strateji əhəmiyyət kəsb edən və mühafizə
olunan yerlərdə yaradılardı. Varlı tayfa
başçıları və nəslin adlı-sanlı
insanları öləndə böyük təntənə ilə
dəfn edilər, hörmət əlaməti olaraq onların məzarları
üzərində möhtəşəm kurqan-abidələr,
yəni, torpaq təpələr (qalalar) ucaldılardı.
İstər
sayına və istərsə də zənginliyinə görə
Goranboy kurqanları ölkə üzrə xüsusi fərqlənir.
Onlar heç də pərakəndə deyil, müəyyən
bir istiqamət, ərazi boyunca düzülüb. Kurqanlara daha
çox dağətəyi yerlərdə, qədim "Dəvəçi"
ticarət-karvan yolu boyunca təsadüf olunur.
Qazıntılar
zamanı müxtəlif əmək alətləri, sadə
silah növləri, binaların forması, dəfn ayini, qədim
insanların antropoloji görkəmi, istehkam tikmə üslubu
və s. haqqında geniş təsəvvür
üçün zəngin məlumatlar əldə edilir. Qara
saxsılar, oxlar, qolbağlar, xəncərlər və s.
dövrün yaşayış tərzi, məişəti, adət-ənənələri
haqqında ətraflı məlumat verir.
Respublika
Prezidenti cənab İlham Əliyevin arxeologiya elminin
inkişafı ilə bağlı müvafiq sərəncamından
sonra kurqanlara qayğı və diqqət daha da
artmışdır. Son vaxtlarda rayonun iki yaşayış məntəqəsində
- Səfikürd və Qaradağlı kəndlərinin ərazisində
aparılan qazıntılar zamanı ilkin tunc dövrünə
aid zəngin maddi mədəniyyət nümunələri
aşkar edilmişdir. Gündüz Hacıyev deyir ki,
hazırda rayonumuzda 113 daşınmaz tarix və mədəniyyət
abidəsi var. Onun da 31-i kurqandır. Son bir neçə il ərzində
14-dən çox kurqan aşkar edilərək mühafizəyə
götürülmüş, onların qeydiyyata alınması
üçün müvafiq sənədlər Mədəniyyət
və Turizm Nazirliyinə təqdim olunmuşdur.
Axtarışlar davam edir.
QALALAR.
Goran torpağında ulu keçmişimizdən xəbər
verən qalalar çoxdur. Biz yalnız Kürəkçay
qalaları haqqında danışmaq istəyirik. Birinci qala Hazırəhmədli
kəndinin yaxınlığındadır. Mütəxəssislər
onu II-IX əsrlərə aid ilk
şəhər tipli yaşayış yeri hesab edirlər. Gəncədən
15 kilometr şimalda, Hazırəhmədli
və Göynüyən kəndləri arasında, alçaq
təpəlikdə yerləşir. Qala divarının
uzunluğu 500, eni 100 metrdir. Ətraf yerləri nəzarətdə
saxlamaq, əhalinin təhlükəsizliyini qorumaq, Gəncəni
müdafiə etmək üçün salınıb.
1988-ci ildə
aparılan arxeoloji qazıntılar zamanı ümumi
qalınlığı 25 metr olan iki mədəni təbəqə
aşkara çıxarılıb. Təsərrüfat
quyuları, iri küplər, təndir, ocaq yerləri, dəmir
(oraq, kəsici alət, ox ucluğu) və daş (kirkirə)
alətlər, saxsı qablar, küp, sərnic tipli qablar, su
qabları, tuncdan və sümükdən bəzək əşyaları
tapılıb. Görünür, əhali əkinçilik,
maldarlıq, dulusçuluqla məşğul olurmuş.
İkinci
qala Qaradağlı kəndi yaxınlığında yerləşir.
Alimlər onu III-XIII əsrlərə aid edirlər. Kürəkçayın
sahilində yerləşir. Qalanın uzunluğu 200, eni 120-130
metr olmaqla ikiqat divarla əhatə olunub. Qalanın ortasında
otlaqlara və tunelə açılan qapı yerləri mövcuddur.
Hündürlüyü 3, eni 3,5 metrdir. Dağın altında
tunel üç qola ayrılır. Birinci qolu çayın
altından keçərək sağ və sol sahili birləşdirir.
Alimlər
monqolların hücumuna qədər Kürəkçay
qalasından istifadə olunduğunu göstərirlər.
ŞƏTƏL
ŞƏHƏRİ. Rayonun Rəhimli kəndinin cənub-şərq
hissəsində, Gəncə-Bərdə yolunun üstündə
yerləşir. Bütövlükdə ərazisi 40 hektardan
çoxdur.
Şəhər
nə vaxt və necə yaranıb? Nizami Gəncəvinin
"Xosrov və Şirin" poemasında deyilir ki, Harun
hökmdarının oğlu Şəddad tərəfindən
Gəncə yaxınlığında Şətəl adlı
qala tikdirib. Orta əsr müəlliflərindən Gəncəli
Kirokos "Tarix" adlı əsərində yazır:
"Katalikos Viros xəzər knyazı Cəbi xanın
oğlu Şatının şərəfinə altı şəhər
tikdirib. Onlardan biri Şatardır. Ərəb
coğrafiyaşünası Yaqut əl-Həməvi ölkələrin
coğrafi lüğətində şəhərin
yerini-yurdunu dəqiqləşdirir: "Şatar Arran əyalətlərindən
birində Bərdə ilə Gəncə arasında
qaladır".
Arxeoloq
Arif Məmmədovun tədqiqatlarından aydın olur ki, Şətəl
qalası üçüncü, beşinci yüzilliklərdə
kiçik yaşayış məntəqəsi kimi mövcud
olmuş, sonralar xeyli böyüyərək on
üçüncü yüzillikdə özünün ən gur inkişaf dövrünü
yaşamışdır.
Akademik
Ziya Bünyadovun "Azərbaycan Atabəyləri dövləti"
kitabında Atabəylərin xəzinələrinin
saxlandığı qalalar sırasında öz
alınmazlığı ilə fərqlənən
Şütur qalasının da adı çəkilir.
Şətəl
şəhərinin strateji mövqeyindən xəbər verən
bir faktı da xatırlatmaq istəyirik. 1231-ci il Gəncə
üsyanı zamanı Xarəzmşah Cəlaləddin öz
katibi ən-Nəsəvini usta Bəndərlə
danışıqlar üçün Şütur (Şətəl)
şəhərinə göndərmişdi.
Bir
sözlə, Şətəlin açılmamış sirləri
çoxdur. Onun tədqiqi Azərbaycanın qədim yurd yerlərinin
neçə-neçə səhifəsinə işıq
saçar.
QIZILHACILI
MƏSCİDİ. Goranboyda məscidlərdən söz
düşəndə ilk əvvəl bu müqəddəs
guşənin adı çəkilir. Qoşa minarəli bu məscid
xalqın inam, güman yeri sayılırdı.
Qızılhacılı
Goran torpağının ən iri yaşayış məntəqələrindən
biridir. Tarixi qədim, ənənəsi böyükdür. Bu
yerlərin adını qaraqoyunluların Hacalı tayfası ilə
bağlayırlar.
Hazırda
Qızılhacılı öz abadlığına görə
qəsəbə statusu alıb. O, həyatın çox sahəsində
birinci olmağa, öndə getməyə
çalışır. Rayonda ilk şadlıq sarayı -
"Ozan" Qızılhacılıda açılıb.
Bütövlükdə respublika üzrə ilk modern kitabxana -
mədəniyyət mərkəzi Qızılhacılıda fəaliyyət
göstərir.
Qoşa
minarəli məscidin isə tayı-bərabəri yoxdur. Milli
memarlığın gözəl nümunəsi sayıla bilər.
Bəzi mənbələrə
görə məscid XVIII əsrdə inşa edilib. Digər
bir məlumat da var. Guya 1861-ci ildə yerli əhalinin köməyi
ilə dağıstanlı usta Məhəmməd tərəfindən
inşa edilib. 10 günbəzdən ibarət məscidə 12
üzlü 4 sütun Xanqərvənd sakini Əhməd bəy
Məmmədxanov tərəfindən hədiyyə edilib.
İnşaat işlərində kürədə
bişirilmiş kərpicdən istifadə olunub, heç yanda
mismar işlədilməyib. Məscidin həyətində
çarhovuz və çayxana fəaliyyət göstərirdi.
Məscidin
qoşa minarəsi ötən əsrin 37-ci illərində
uçurulmuş, bir müddət binadan müxtəlif məqsədlər
üçün istifadə olunmuşdu. Nəhayət,
1984-cü ildə Qızılhacılı məscidi xeyirxah
insanların köməyi ilə təmir edilərək əhalinin
istifadəsinə verilib.
GÜLÜSTAN QALASI. Bu əsrarəngiz guşənin nə günahı? Deyirlər, üstündə ləkəsi var. Hər dəfə adı çəkiləndə istər-istəməz qanlı olaylar, gərgin günlər yada düşür. 1813-cü il oktyabrın 12-də burada rus-İran dövlətləri arasında bədnam əhdnamə imzalandı. 1828-ci ildə isə Türkmənçay müqaviləsi bağlandı. Azərbaycan iki yerə parçalandı, səfalı yaylalarımıza ermənilər axışıb gəldilər. Beləcə gözəlliyi Gülüstana bəla gətirdi.
Adı dillərdə gəzən bu qala Murovdağın ətəyində Ağdərə və Ağcakəndin sərhədində, İncəçayın qovuşduğu bir sahədə, dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir.
Qala öz formasına görə gəmini xatırladır. Mənbələrdən birində göstərilir ki, bu qədimi qala hələ eramızdan əvvəl Xaldey hakimləri tərəfindən tikilib. Digər məlumatda isə deyilir ki, XII əsrdə müdafiə məqsədilə ucaldılıb və sonralar Gülüstan məlikləri tərəfindən bərpa edilib.
Qala divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var idi. Şərq-qərb və cənub-qərb tərəflərdən sıldırımlı dərə, şimaldan isə sərt enişli meşəliklə əhatə olunub. Qalaya daxil olmağın ən əlverişli yolu cənub-şərq tərəfdəndir.
Qalanın təxminən iki kilometrliyində Gülüstan kəndi yerləşir. Qalada uzunluğu iki yüz metrdən çox olan gizli yol var idi.
1938-ci ildə burada tədqiqat işləri aparan E.A.Paxomov yazır ki, öz əlverişli coğrafi mövqeyinə görə qaladan həm ətrafda yaşayan əhalini qorumaq, həm dağətəyi yolları nəzarətdə saxlamaq, həm də təhlükə vaxtı gizli sığınacaq kimi istifadə olunurdu. Gülüstan qalası ərəb xilafətindən və monqol hakimiyyətindən başqa bütün orta əsrlər boyu öz mənliyini qoruyub saxlaya bilmişdir. Tarixin müxtəlif dövrlərində əhalinin etibarlı sığınacaq yeri, saf, sağlam istirahət məkanı olmuşdur.
Zəruri bir qeyd. İndi zaman başqadır. Müstəqil dövlətimiz maddi-mədəni irsimizin mühafizəsinə xüsusi qayğı göstərir. Bu mənada tarixi abidələr həmişə diqqət mərkəzindədir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda birmənalı şəkildə bildirilir ki, onları qorumaq hər kəsin borcudur.
Gərək bu borcu hər birimiz şərəflə, ləyaqətlə, əsl vətəndaşlıq qeyrəti ilə yerinə yetirək.
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.- 1 iyul.- S. 10.