Turizm İnstitutunun üçüncü buraxılışı

 

 "Hilton Bakı" hotelində Azərbaycan Turizm İnstitutunun "Məzun-2012" adlı üçüncü buraxılış mərasimi keçirildi. Bu təhsil ocağı ölkədə turizm sahəsində ixtisaslaşmış ali təhsil, treninq və tədqiqat mərkəzidir.

İnstitut ölkə Prezidenti İlham Əliyevin 25 avqust 2005-ci il tarixli fərmanı ilə yaradılıb. 200 tələbə, 1 fakültə, 2 kafedra, 2 ixtisasla tədris prosesinə başlayan ATİ-də hazırda bakalavr sahəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Ötən iki ildə institut məzunlarının sayı 288 nəfər olub. Bu ilki üçüncü məzun buraxılışında 206 gənc bu sevinci yaşadı. 2010-2011-ci tədris ilindən ATİ-də magistratura pilləsi də fəaliyyətə başlayıb. Hazırda bu təhsil pilləsində 7 ixtisas üzrə 41 nəfər təhsilini davam etdirir. İnstitutda həmçinin doktorantura da açılıb. Hazırda 8 ixtisas üzrə 16 gənc fəlsəfə doktorluğu üzrə təhsil alır.

İnstitut bu günədək 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqələr qurub. ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə bağladığı müqaviləyə əsasən 2010-cu ildə 14, ötən il 19, bu il isə 24 məzun eyni zamanda hər iki təhsil ocağının diplomunu alıb.

Belə bir fərəhli nailiyyətlərə imza atan ATİ-nin "Məzun-2012" mərasiminin açılışından sonra dövlət himni səsləndi. İnstitutun rektoru Cəfər Cəfərov tədbirə gələnləri salamladıqdan sonra ali təhsil ocağının altı il ərzində keçdiyi uğurlu yoldan söz açdı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında institut kollektivini və məzunları təbrik edərək ölkədə turizm sahəsində xidmət keyfiyyətinin artırılması ilə əlaqədar təhsil ocağının üzərinə düşən vəzifələrdən danışdı.

Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Kaybiç və başqaları çıxış edərək məzunlara xoş arzularını bildirdilər. Çıxışlardan sonra məzunlara diplom və xatirə hədiyyələri verildi. Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının konserti oldu.

Tədbirdə Milli Məclisin deputatları, xarici ölkə səfirliklərinin nümayəndələri, tanınmış ziyalılar, pedaqoqlarmedia işçiləri iştirak edirdilər.

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 6.