012 Bakı Public Art Festivalı çərçivəsində xalq rəssamı Fuad Salayevin Torpağın nəfəsi əsəri təqdim edilmişdir

 

İyulun 13-də Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində xalq rəssamı Fuad Salayevin "Torpağın nəfəsi" əsəri təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, metaldan hazırlanmış və əsasən şəbəkəli fiqurdan ibarət heykəltəraşlıq kompozisiyası özlüyündə bir neçə oxunma səviyyəsini təklif edir. Dinamikaformal əlamətlərinə görə əsər yüksəkliklərə can atan təsirini bağışlayır - bu, yerin səthindən qopmağa çalışanların nəfəsi, havası, yüksəliş istiqaməti ilə əlaqəli ola bilər. Heykəltəraşlıq əsərinin şəhər mühitində yerdə (asfaltda) yerləşdirilməyini nəzərə alsaq, onun torpağın nəfəsi ilə bağlılığını söyləmək olar.

Əsərin ideyası müəllifdə Bakıdan çox da uzaq olmayan Lökbatandakı palçıq vulkanlarını müşahidə edərkən yaranmışdır. Püskürən vulkanların özü torpağın canlı nəfəsini xatırladır. Lakin əsərin hazırlanması zamanı heykəltəraşlıq kompozisiyası əlavə assosiativ məna kəsb etmişdir. Məsələn, əsərin çevrəsi rəqsi xatırladır. Dəmir konstruksiyaların rəqsi özlüyündə paradoksdur. Çünki rəqs canlı varlığa xasdır, dəmir isə ağırdır, yöndəmsizdir. Lakin əsərin şəbəkəli formada olması ona yüngüllük, çəkisizlik və hətta oynaqlıq vermişdir. Bundan əlavə, kompozisiyanın əhəmiyyətli xüsusiyyəti onun interaktivliyindədir. İş elə hazırlanmışdır ki, tamaşaçılar kompozisiyanı yalnız "xaricdən deyil, həm də daxildən "oxuya" bilərlər. Əsərə baxış bucağının dəyişməsindən asılı olaraq assosiasiya da dəyişir. Lakin kompozisiyanın "optik" yüksələn vektoru da əhəmiyyət kəsb edir. Hansı tərəfdən yanaşmaqdan asılı olmayaraq tamaşaçının nəzəri yuxarı yönəlir və əsərin dinamik formaları sayəsində yüksələn nöqtəyə cəlb edilir.

Tarixə nəzər salsaq görərik ki, palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yerdədir. Təxminən 800 palçıq vulkan növünün 350-si ölkəmizdə mövcuddur. Coğrafi terminlə yanaşı, "palçıq vulkanlarına" xalq arasında "yanardağ", "pilpilə", "qaynaça", "bozdağ" da deyilir.

1810-cu ildən indiyədək Azərbaycan ərazisində 50 vulkandan təxminən 200-də püskürmə baş vermişdir. Palçıq vulkanlarının püskürməsi güclü partlayışla və yeraltı səslə müşahidə olunur. Yerin dərin təbəqələrindən bayıra qaz çıxır və dərhal alışaraq yanır. Vulkan üzərində alovun yüksəkliyi 1000 metrə (Qarasu vulkanı) çatır. Tuoroqay vulkanı 1841-ci ildən 1950-ci ilədək 6 dəfə püskürmüşdür. Belə bir fikir mövcuddur ki, Azərbaycanda palçıq vulkanlarının ilk püskürməsi 25 milyon il bundan əvvəl baş vermişdir.

Mənşəyinə görə palçıq vulkanları neft-qaz yataqları ilə əlaqəlidir. Palçıq vulkanlarının mövcud olduğu ərazilərdə (Lökbatan, Qaradağ, Neft Daşları, Mişovdağs.) zəngin neftqaz yataqları aşkar edilmişdir. Bundan əlavə, palçıq vulkanlarının püskürdüyü lava, palçıq və mayedən kimyatikinti sənayesində, eləcə də farmakologiyada istifadə edilir.

Marsın təbiətini öyrənən NASA geoloqları belə bir qənaətə gəlmişlər ki, Azərbaycanın palçıq vulkanları öz tərkibinə görə qırmızı planetin yaylalarına bənzəyir. İsveçrənin qeyri-kommersiya təşkilatının təşkil etdiyi "Təbiətin yeddi möcüzəsi" beynəlxalq müsabiqəsində Azərbaycanın palçıq vulkanları 5-ci yeri tutmuşdur.

Fuad Salayev həm Bakı, həm də Moskvada təhsil almış tanınmış heykəltəraşdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rusiya İncəsənət Akademiyasının fəxri akademikidir. Onun bürüncdən və digər metallardan hazırladığı heykəllər ictimai yerləri bəzəyir.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 14 iyul.- S. 7.