“Bakı, mən səni sevirəm!” kinolayihəsinin çəkilişləri başa çatmışdır
İyulun 8-də "Bakı, mən səni sevirəm!" filminin çəkilişləri başa çatmışdır. İyulun 12-də isə "Bakı, mən səni sevirəm!" kinolayihəsinin çəkiliş qrupu Moskvaya yola düşmüşdür.
Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayeva AzərTAc-a bildirmişdir ki, çəkilişləri yaz və yay sessiyalarından ibarət kinolayihəyə hər biri 9 dəqiqədən ibarət olan 10 film daxildir.
Kinolayihəyə daxil olan ilk filmi prodüser Yeqor Kançolovski, son ekran əsərini isə digər prodüser - Nadir Maçanov çəkmişlər. Layihəyə yerli rejissorlarla yanaşı, Rusiya, Böyük Britaniya və İtaliyadan da rejissorlar dəvət olunmuşlar.
Filmlərdə Laləzar Mustafayeva, Sənubər İsgəndərova, Məbud Məhərrəmov, Rasim Balayev, Fərhad İsrafilov, Şamil Süleymanov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, Qurban İsmayılov, Rasim Cəfər, Fuad Osmanov, Bəhram Bağırzadə, həmçinin Hollivudun məşhur ulduzlarından Aziya Arcento, İtaliyanın məşhur aktyoru Alessandro Bertaluççi, qardaş Türkiyənin tanınmış aktrisası Eyşan Özhim, qonşu Rusiyadan bir neçə tanınmış aktyor və aktrisa, Belarus, Litva, Böyük Britaniyadan aktrisalar, Özbəkistanın əməkdar artisti Seydulla Maldaxanov çəkilmişlər.
Filmlərin musiqi prodüseri Rusiyanın məşhur kino musiqisi bəstəkarı Viktor Salaqubdur. Filmlərdə Azərbaycan bəstəkarlarından Siyavuş Kərimi, Vüqar Camalzadənin musiqilərindən də istifadə olunacaqdır.
Yaxın günlərdə Rusiya paytaxtının "Mosfilm" kinokonsernində filmin montaj və səsləndirilmə proseslərinə başlanılacaqdır.
Layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
"Bakı, mən səni sevirəm!" kinolayihəsinin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubevdir.
Kinolayihənin rejissorları Yeqor
Konçalovski (Rusiya),
Nadir Maçanov (Azərbaycan),
Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev
(Azərbaycan), Andrey Razenkov
(Rusiya), Aleksander Fodor (İngiltərə), Andre
Badalodur (İtaliya).
Azərbaycan.- 2012.- 14 iyul.- S. 7.