Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Bu qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
FƏSİL 1
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1.
tutulmuş şəxs - cinayət törətməkdə
şübhəli olduğu üçün tutulmuş şəxs,
ittiham elan etmək üçün tutulmuş şəxs, barəsində
seçilmiş qətimkan tədbirinin şərtlərini
pozduğu üçün tutulmuş təqsirləndirilən
şəxs, hökmün və ya məhkəmənin digər
yekun qərarının icrası yerinə məcburi göndərilməsi
və ya təyin olunmuş cəzanın digər cəza
növü ilə əvəz edilməsi, habelə şərti
məhkum etmənin və ya cəzadan şərti olaraq
vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin
həlli məqsədi ilə tutulmuş məhkum;
1.0.2.
həbs edilmiş şəxs - barəsində məhkəmə
tərəfindən həbs qətimkan tədbiri
seçilmiş təqsirləndirilən şəxs;
1.0.3.
məhkum olunmuş şəxs - barəsində məhkəmə
tərəfindən çıxarılan ittiham hökmü
qanuni qüvvəyə minmiş şəxs;
1.0.4.
qadağan olunmuş əşyalar - tutulmuş və ya həbs
edilmiş şəxslər tərəfindən həbs yerlərində
hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və istifadəsi qadağan olunmuş əşyalar,
habelə həbs yerində saxlanılan tutulmuş və ya həbs
edilmiş şəxslərə digər şəxslər tərəfindən
yoxlamadan gizlətməklə və ya hər hansı digər
üsulla verilməsi və ya ötürülməsi
qadağan olunmuş əşyalar.
Maddə 2. Həbs yerlərində
saxlanılmanın əsas məqsədi
Tutulmuş
və ya həbs edilmiş şəxslərin həbs yerlərində
saxlanılmasında əsas məqsəd cinayət mühakimə
icraatının vəzifələrinin həyata keçirilməsini
təmin etməkdən ibarətdir.
Maddə 3. Şəxsin
tutulması və ya həbs olunması üçün əsaslar
3.1. Cinayət törətməkdə
şübhəli olduğu üçün tutulmuş şəxsin
müvəqqəti saxlama yerində saxlanılması Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
müəyyən edilmiş qaydada və hallarda cinayət
prosesini həyata keçirən orqanlar tərəfindən tərtib
edilmiş tutulma haqqında protokol əsasında həyata
keçirilir.
3.2. Cinayət prosesində ittiham elan
edilməli olan şəxsin və ya barəsində
seçilmiş qətimkan tədbirinin şərtlərini
pozan təqsirləndirilən şəxsin tutulması Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
müəyyən edilmiş qaydada və hallarda cinayət təqibi
orqanının müvafiq qərarı əsasında həyata
keçirilir.
3.3. Hökmün və ya məhkəmənin
digər yekun qərarının icrası yerinə məcburi
göndərilməsi və ya təyin olunmuş cəzanın
digər cəza növü ilə əvəz edilməsi,
habelə şərti məhkum etmənin və ya cəzadan
şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi
məsələsinin həlli məqsədi ilə məhkumun
tutulması və ya təqsirləndirilən şəxsin barəsində
həbs qətimkan tədbirinin seçilməsi Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
müəyyən edilmiş qaydada və hallarda yalnız məhkəmənin
qərarına əsasən həyata keçirilir.
3.4. Bu qanunun 3.1-3.3-cü maddələrində
göstərilən əsaslar olmadıqda şəxsin həbs
yerlərində saxlanılması qadağandır.
Maddə 4. Həbs yerləri
4.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər
aşağıdakı həbs yerlərində
saxlanılırlar:
4.1.1.
müvəqqəti saxlama yerləri;
4.1.2.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrin
qarnizon hauptvaxtları (bundan sonra - hauptvaxtlar);
4.1.3.
istintaq təcridxanaları.
4.2.
Səfərə çıxmış gəmidə cinayət
törətməkdə şübhəli olduğuna görə
dəniz gəmisinin kapitanı və ya onu əvəz edən
şəxs tərəfindən Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
uyğun olaraq tutulmuş şəxs bunun üçün
xüsusi ayrılmış yerlərdə saxlanılır.
4.3.
Həbs yerlərinin fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına
maliyyələşdirilir.
Maddə 5. Müvəqqəti
saxlama yerləri
5.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi və
bu qanunla müəyyən edilmiş hallarda və müddətlərdə
müvəqqəti saxlama yerlərində saxlanılırlar.
5.2.
Hökmün və ya məhkəmənin digər yekun qərarının
icrası yerinə məcburi göndərilməsi və ya təyin
olunmuş cəzanın digər cəza növü ilə əvəz
edilməsi, habelə şərti məhkum etmənin və ya
cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin
ləğvi məsələsinin həlli üçün
tutulmuş şəxs ən geci 7 gün ərzində, digər
hallarda isə tutulma anından ən geci 48 saat keçənədək
(bu müddətdə həbs qətimkan tədbirinin
seçilməsi barədə qərar qəbul olunmazsa)
müvəqqəti saxlama yerində saxlanıla bilər.
5.3.
Məhkəmə qərarına əsasən həbs
edilmiş şəxs müvəqqəti saxlama yerində 24
saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək
o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin
nəqliyyat vasitələri ilə istintaq təcridxanasına
aparılması müddəti göstərilən müddətə
daxil deyildir).
5.4.
Müvəqqəti saxlama yerləri Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır, yenidən təşkil edilir və ya ləğv
edilir.
Maddə 6. Hauptvaxtlar
6.1.
Hauptvaxtlar hərbi qulluqçular üçün müvəqqəti
saxlama yerlərinin funksiyalarını həyata keçirir.
6.2.
Hauptvaxtlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən yaradılır, yenidən təşkil
edilir və ya ləğv edilir.
Maddə 7. İstintaq təcridxanaları
7.1. Həbs edilmiş şəxslər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş müddətlərdə
istintaq təcridxanalarında saxlanılırlar.
7.2. Həbs edilmiş şəxs müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə növündə
cəzaya məhkum olunduqda o, istintaq təcridxanası
müdiriyyətinin hökmün surətini və onun
icrası barədə məhkəmənin göstərişini
aldığı gündən ən geci 10 gün keçənədək
istintaq təcridxanasında saxlanıla bilər.
7.3. İstintaq təcridxanaları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır, yenidən təşkil edilir və ya ləğv
edilir.
7.4.
Məhkum olunmuş şəxslər Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin
69.1-ci maddəsinə uyğun olaraq, onların
razılığı ilə təsərrüfat və məişət
xidməti işi üçün istintaq təcridxanasında
saxlanıla bilərlər.
Maddə 8. Həbs edilmiş şəxsin
istintaq təcridxanasından müvəqqəti saxlama yerinə
keçirilməsi
8.1. İstintaq təcridxanasının
yerləşdiyi yaşayış məntəqəsindən
uzaq yerdə istintaq hərəkətlərinin
aparılması və ya həbs edilmiş şəxsin məhkəmə
icraatında iştirakının təmin edilməsi zərurəti
olduqda və onun hər gün gətirilib aparılması
mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəmənin
əsaslandırılmış qərarı ilə 1 ayda 10
gündən artıq olmayan müddətə istintaq təcridxanasından
müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs
edilmiş şəxsin vəsatəti əsasında həmin
müddət məhkəmənin əsaslandırılmış
qərarı ilə məhkəmə icraatının sonunadək
uzadıla bilər.
8.2. Həbs edilmiş şəxs
istintaq təcridxanasından müvəqqəti saxlama yerinə
keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən
keçirilir.
8.3.
Həbs edilmiş şəxsin əməliyyat-axtarış tədbirlərinin
həyata keçirilməsi məqsədi ilə istintaq təcridxanasından
müvəqqəti saxlama yerinə keçirilməsi
qadağandır.
Maddə 9. Müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə növündə
cəzalara məhkum olunmuş şəxslərin cəzaçəkmə
müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi
Müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə növündə
cəzalara məhkum olunmuş şəxslər digər cinayət
işləri üzrə şübhəli və ya təqsirləndirilən
şəxs qismində cəlb olunması, onların işlərinə
apelyasiya, kassasiya, əlavə kassasiya və ya hökmlərin
icrası qaydasında baxılması, yaxud digər şəxslər
tərəfindən törədilmiş cinayət işləri
üzrə istintaq hərəkətlərinin həyata
keçirilməsi və ya digər şəxslər tərəfindən
törədilmiş cinayət işlərinə məhkəmədə
baxılması ilə əlaqədar Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin
69-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada və
müddətdə cəzaçəkmə müəssisəsindən
istintaq təcridxanalarına keçirilə bilərlər.
Maddə 10. Həbs yerlərinin
işçiləri
10.1.
Həbs yerlərinin işçiləri həbs yerlərinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı xidməti vəzifələrini
yerinə yetirən şəxslərdir. Həbs yerlərinin
işçiləri hazırlıqlı və peşəkar
olmalıdırlar.
10.2.
Həbs yerlərinin müdiriyyəti (rəisləri) həbs
yerlərində təşkilati-sərəncamverici səlahiyyəti
həyata keçirən şəxslərdir.
10.3.
Həbs yerlərinin rəisləri
aşağıdakılardır:
10.3.1.
istintaq təcridxanasının rəisi;
10.3.2.
müvəqqəti saxlama yerinin rəisi;
10.3.3.
hauptvaxtın rəisi.
Maddə 11. Həbs yerlərində
rejim
11.1.
Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs
yerlərində onların bu qanunla və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə nəzərdə
tutulmuş hüquqlarının və qanuni mənafelərinin
qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin
yerinə yetirilməsinə və onların təcrid edilməsinə
yönəlmiş qaydaları təmin edən rejim müəyyən
edilir.
11.2.
Həbs yerlərində rejimi təmin etmək məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həbs yerlərinin Daxili intizam qaydaları (bundan sonra - Daxili
intizam qaydaları) qəbul edilir. Hauptvaxtlarda rejim bu Qanun,
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nə
"Hauptvaxt haqqında" Əlavə və digər normativ
hüquqi aktlar ilə tənzimlənir.
11.3.
Həbs yerlərində rejim həbs yerlərinin rəisləri
və işçiləri tərəfindən təmin edilir.
Onlar xidməti vəzifələrini yerinə yetirmədikdə
və ya lazımınca yerinə yetirmədikdə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12. Daxili intizam qaydaları
12.1.
Daxili intizam qaydalarında aşağıdakı qaydalar müəyyən
edilir:
12.1.1.
tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul
edilməsi, onların qeydiyyatının və şəxsi
axtarışının aparılması, əşyalarının
yoxlanılması, tibbi müayinədən keçirilməsi
və kameralarda yerləşdirilməsi;
12.1.2.
tutulmuş və ya həbs edilmiş şəxslərin
daktiloskopik qeydiyyatının aparılması;
12.1.3.
tutulmuş və ya həbs edilmiş şəxslərin
bağlama, sovqat və banderol qəbul etməsi və ya verməsi,
habelə bağlamalara, sovqatlara və banderollara həbs yerinin
işçiləri tərəfindən baxış
keçirilməsi;
12.1.4.
tutulmuş və ya həbs edilmiş şəxsin həbs
yerinə gətirildikdən dərhal sonra yaxın
qohumlarına və ya əlaqə saxlaması onun
üçün qanuni maraq doğuran digər şəxslərə
telefonla bu barədə məlumat verməsi;
12.1.5.
tutulmuş və ya həbs edilmiş şəxslərin ərzaq
məhsulları və ən zəruri malları əldə
etməsi;
12.1.6.
tutulmuş və ya həbs edilmiş şəxslərin
yazışması, həbs edilmiş şəxslərin
şəxsi hesabları vasitəsilə pul baratları
alması və ya göndərməsi;
12.1.7.
həbs edilmiş şəxsin telefon
danışıqlarından istifadə etməsi;
12.1.8.
həbs edilmiş şəxslərin könüllülük əsasında
həbs yerlərinin ərazisində əməyə cəlb
olunması;
12.1.9.
tutulmuş və ya həbs edilmiş şəxslərin hər
gün gəzintiyə çıxarılması;
12.1.10.
tutulmuş və ya həbs edilmiş şəxslərin
idmanla məşğul olması,
stolüstü oyunlar oynaması və televiziya
verilişlərinə baxması;
12.1.11.
tutulmuş şəxsin müdafiəçisi və qanuni
nümayəndəsi ilə görüşlərinin təmin
edilməsi;
12.1.12.
həbs edilmiş şəxsin müdafiəçisi, qanuni
nümayəndəsi, yaxın qohumları və əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərlə görüşlərinin təmin edilməsi;
12.1.13.
tutulmuş və ya həbs edilmiş şəxslərin
istintaq hərəkətlərinin aparılmasında və ya
məhkəmə iclaslarında iştirakının təmin
edilməsi;
12.1.14.
tutulmuş və ya həbs edilmiş şəxslərin həbs
yerlərinin rəisləri tərəfindən qəbul edilməsi;
12.1.15.
tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən
dini ayinlərin yerinə yetirilməsi;
12.1.16.
tutulmuş və ya həbs edilmiş şəxslərin
maddi-məişət təminatı;
12.1.17.
tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən
təkliflərin, şikayətlərin və ərizələrin
göndərilməsi;
12.1.18.
tutulmuş və ya həbs edilmiş şəxsin məcburi
qidalandırılması;
12.1.19.
tutulmuş və ya həbs edilmiş şəxslərin
tibbi-sanitariya təminatı;
12.1.20.
tutulmuş və ya həbs edilmiş şəxslərin
mülki hüquq münasibətlərində iştirakı;
12.1.21.
həbs edilmiş şəxslərin ailə hüquq
münasibətlərində iştirakı və notariusun xidmətlərindən
istifadəsi;
12.1.22.
həbs yerlərində vəfat edən tutulmuş və ya həbs
edilmiş şəxslərin meyitinin verilməsi;
12.1.23.
həbs yerində rejimin təmin edilməsi ilə əlaqədar
digər məsələlər.
12.2.
Qadağan olunmuş əşyaların siyahısı,
tutulmuş və ya həbs edilmiş şəxslərin
özlərində saxlamasına icazə verilən əşyaların,
malların və ərzaq məhsullarının siyahısı,
habelə tutulmuş və ya həbs edilmiş şəxslərin
özlərində saxlamasına icazə verilməyən əşyaların
həbs yerinin müdiriyyətinin əsaslandırılmış
qərarına əsasən məhv edildiyi hallar da Daxili intizam
qaydaları ilə müəyyən olunur.
12.3.
Tutulmuş və ya həbs edilmiş şəxslərin bu
qanunla müəyyən edilmiş hüquq və
azadlıqlarının həyata keçirilməsi Daxili
intizam qaydaları ilə məhdudlaşdırıla bilməz.
12.4.
Tutulmuş və ya həbs edilmiş şəxslər həbs
yerlərinin müdiriyyəti tərəfindən bu qanunla və
Daxili intizam qaydaları ilə tanış edilməli və bu
qanun və Daxili intizam qaydaları onlara izah olunmalıdır.
12.5.
Qadağan olunmuş əşyaların tutulmuş və ya həbs
edilmiş şəxslər tərəfindən
hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin,
daşınmasının və ya istifadəsinin cinayət məsuliyyətinə
səbəb olması barədə tutulmuş və ya həbs
edilmiş şəxslərə, o cümlədən həmin
əşyaların onlara verilməsinin və ya
ötürülməsinin cinayət məsuliyyətinə səbəb
olması barədə digər şəxslərə həbs
yerlərinin müdiriyyəti tərəfindən
yazılı iltizam alınmaqla məlumat verilir.
Maddə 13. Həbs yerlərində
əməliyyat-axtarış fəaliyyəti
13.1.
Həbs yerlərində əməliyyat-axtarış tədbirləri
"Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada tətbiq edilə bilər.
13.2.
Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətini
həbs yerlərinin müdiriyyəti həyata keçirir.
Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətlərinə
aid edilmiş cinayət işləri üzrə əməliyyat-axtarış
fəaliyyətini həbs yerlərinin müdiriyyəti ilə
birgə həyata keçirirlər.
13.3.
Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətinin
həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti
qanunla müəyyən edilmiş qaydada prokurorluq orqanları
həyata keçirirlər.
FƏSİL
2
HƏBS YERLƏRİNDƏ
SAXLANILAN ŞƏXSLƏRİN HÜQUQİ VƏZİYYƏTİ
Maddə 14. Tutulmuş və ya həbs
edilmiş şəxslərin hüquqi vəziyyətinin əsasları
14.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi, bu
qanun və digər qanunlar ilə müəyyən edilmiş
hüquq və azadlıqlardan istifadə edir və vəzifələr
daşıyırlar.
14.2.
Azərbaycan Respublikasının ərazisində həbs yerlərində
saxlanılan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları ilə müəyyən
edilmiş məhdudiyyətlər nəzərə alınmaqla
Azərbaycan Respublikasının vətəndaşları
üçün müəyyən edilmiş hüquq və
azadlıqlardan istifadə edir, vəzifələr
daşıyırlar.
Maddə 15. Tutulmuş və ya həbs
edilmiş şəxslərin əsas hüquqları
15.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
onlar üçün nəzərdə tutulmuş
hüquqlardan əlavə, aşağıdakı hüquqlara
da malikdirlər:
15.1.1.
həbs yerinə gətirildikdən dərhal sonra yaxın
qohumlarına və ya əlaqə saxlaması onun
üçün qanuni maraq doğuran digər şəxslərə
telefonla bu barədə məlumat vermək imkanı ilə təmin
olunmaq;
15.1.2.
şəxsi təhlükəsizliyi təmin edilməklə
saxlanılmaq;
15.1.3.
həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə
saxlama zamanı öz hüquq və vəzifələri, Daxili
intizam qaydaları, o cümlədən həbs yerində rejim,
təkliflərin, ərizələrin və şikayətlərin
verilməsi qaydası ilə yazılı şəkildə
onlara aydın olan dildə tanış olmaq, bu barədə
yazılı məlumatı özündə saxlamaq;
15.1.4.
işgəncəyə və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
15.1.5.
həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün
prosessual hərəkətlər barədə məlumatlandırılmaq;
15.1.6.
müdafiəçisi və qanuni nümayəndəsi ilə
görüşmək;
15.1.7.
həbs yerində saxlanıldığı müddət ərzində
pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya
xidmətləri ilə təmin olunmaq;
15.1.8.
ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan
istifadə etmək, həbs yerinin kitabxanasından istifadə
üçün ədəbiyyat, qəzet və jurnal
götürmək və ya öz vəsaiti hesabına həbs
yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən
yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya
jurnal əldə etmək;
15.1.9.
dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan
istifadə etmək;
15.1.10. bağlama, sovqat və banderol almaq;
15.1.11. mülki hüquq münasibətlərində
iştirak etmək, notariusun xidmətlərindən istifadə
etmək;
15.1.12. etik davranışa uyğun rəftar olunmaq;
15.1.13. həbs yerinin müdiriyyəti tərəfindən
qəbul edilmək;
15.1.14.
hüquqa zidd məqsədlər üçün istifadə
edilə bilən və ya dövlət sirrini və qanunla
qorunan digər sirləri özündə əks etdirən sənədlər
və yazılar istisna olmaqla, cinayət işi ilə
tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin
həyata keçirilməsi ilə bağlı olan sənədləri,
yaxud əqli fəaliyyətinin nəticəsi olan
yazıları və ya onların surətlərini, o cümlədən
təklif, ərizə və şikayətlərinə verilən
cavabların surətlərini özündə saxlamaq;
15.1.15. həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı
və ya hüquqlarının və qanuni mənafelərinin
pozulması məsələləri ilə bağlı təklif,
ərizə və şikayətlərlə müraciət etmək;
15.1.16. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin
aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin
aparılmasına cəlb edilməsinin qadağan olunduğu
müddətdə - gecə vaxtı səkkiz saat yatmaq;
15.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik
gəzintiyə çıxarılmaq;
15.1.18. idmanla məşğul olmaq və
stolüstü oyunlar oynamaq;
15.1.19. siyahısı və sayı Daxili intizam
qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan
istifadə etmək;
15.1.20. öz paltar və ayaqqabısından istifadə
etmək, münasib paltarı olmadıqda iqlimə uyğun
paltarla təmin olunmaq;
15.1.21. öz vəsaiti hesabına həbs yerinin
müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən
ərzaq məhsulları və ən zəruri mallar əldə
etmək;
15.1.22. psixoloji yardım almaq;
15.1.23. həbs yerinin müdiriyyəti tərəfindən
barəsində çıxarılmış qərardan
şikayət etmək.
15.2. Həbs
edilmiş şəxslər bu qanunun 15.1-ci maddəsində
göstərilən hüquqlardan əlavə, aşağıdakı
hüquqlara malikdirlər:
15.2.1. bu qanunla nəzərdə tutulmuş qaydada
yaxın qohumları və ya əlaqə saxlaması onun
üçün qanuni maraq doğuran digər şəxslərlə
görüşmək;
15.2.2. öz vəsaiti hesabına qəzet və
jurnallara abunə yazılmaq;
15.2.3. şəxsi hesabları vasitəsilə pul
baratları almaq və yaxın qohumlarına pul baratları
göndərmək;
15.2.4. şəxsi hesablarında olan vəsaitlə
istintaq təcridxanasının ticarət köşkündən
ərzaq məhsulları və ən zəruri mallar əldə
etmək;
15.2.5. bu qanunun və Daxili intizam qaydalarının tələbləri
nəzərə alınmaqla nikah bağlamaq və nikahı
pozmaq, habelə digər ailə-hüquq münasibətlərində
iştirak etmək;
15.2.6. bu qanunda və Daxili intizam qaydalarında nəzərdə
tutulmuş qaydada telefon danışıqlarından istifadə
etmək;
15.2.7.
Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada
televiziya verilişlərinə baxmaq.
15.3.
Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər öz dövlətlərinin Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəlikləri və
ya konsulluqları ilə və ya onlara himayədarlığı
öz üzərinə götürmüş milli, yaxud beynəlxalq
təşkilatlarla təxirə salınmadan əlaqəyə
girmək hüququna malikdirlər.
Maddə 16. Şəxsi təhlükəsizlik hüququ
16.1.
Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına
və sağlamlığına qarşı digər tutulmuş
və ya həbs edilmiş şəxslər tərəfindən
təhlükə yaranarsa, həbs yerinin müdiriyyəti belə
təhlükəyə məruz qalan şəxslərin təhlükəsizliyini
təmin etmək üçün dərhal lazımi tədbirlər
görməlidir.
16.2.
Tutulmuş və ya həbs edilmiş şəxsin həyatına
və sağlamlığına qarşı həbs yerinin
işçiləri və ya ibtidai araşdırmanı həyata
keçirən şəxslər tərəfindən təhlükə
yaranarsa, həbs yerinin müdiriyyəti belə təhlükəyə
məruz qalan şəxslərin təhlükəsizliyini təmin
etmək üçün dərhal lazımi tədbirlər
görməli və müvafiq prokuroru məlumatlandırmalıdır.
Maddə 17. Tutulmuş və ya həbs edilmiş şəxslərin
yazışmaları
17.1. Bu
qanunun 17.3-cü maddəsində nəzərdə tutulan
hallardan başqa, tutulmuş və ya həbs edilmiş şəxslər
məhdudiyyətsiz sayda məktub, teleqram ala və ya göndərə
bilərlər. Tutulmuş və ya həbs
edilmiş şəxslər tərəfindən bu qanunun
18.1-ci maddəsində nəzərdə tutulmuş təklif, ərizə
və şikayətlərdən başqa, digər məktub və
teleqramların göndərilməsi onların öz vəsaiti
hesabına həyata keçirilir.
17.2.
Tutulmuş və ya həbs edilmiş şəxslərin məktub
və teleqramlarının poçt göndərişləri
həbs yerinin müdiriyyəti vasitəsilə həyata
keçirilir.
17.3.
Tutulmuş və ya həbs edilmiş şəxslərin
müdafiəçi və ya qanuni əsaslarla hüquqi
yardım göstərən digər şəxslərlə
yazışmaları istisna olmaqla, onların aldıqları və
göndərdikləri digər yazışmalar hazırlanan
cinayətlərin qarşısını almaq, cinayət təqibini
və şəxslərin təhlükəsizliyini təmin etmək
məqsədi ilə cinayət prosesini həyata keçirən
orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti
yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış
qərarı ilə məhdudlaşdırıla və ya
senzuradan keçirilə bilər. Bu maddədə
nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına
dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə,
həbs yerinin müdiriyyətinin qərarından isə habelə
yuxarı vəzifəli şəxsə şikayət edilə
bilər.
17.4.
Qadağan olunmuş əşyaların ötürülməsinin
qarşısını almaq məqsədi ilə tutulmuş və
ya həbs edilmiş şəxslərin adına
gələn və onlar tərəfindən göndərilən
məktublar həbs yerinin müdiriyyəti tərəfindən
açıla bilər. Bu halda həmin məktubların
oxunmasına yol verilmir. Tutulmuş və ya
həbs edilmiş şəxslər həbs yerlərində və
cəzaçəkmə müəssisələrində
saxlanılan şəxslərlə yalnız cinayət
prosesini həyata keçirən orqanın
razılığı ilə yazışa bilərlər.
17.5. Tutulmuş
və ya həbs edilmiş şəxslərin adına
gəlmiş məktubların verilməsi, habelə onların
məktublarının ünvan sahiblərinə göndərilməsi
məktubun gəldiyi, yaxud tutulmuş və ya həbs
edilmiş şəxs tərəfindən verildiyi gündən
ən geci 1 gün keçənədək həbs yerinin müdiriyyəti
tərəfindən həyata keçirilir. Teleqramlar
tutulmuş və ya həbs edilmiş şəxslərə həbs
yerinin müdiriyyəti tərəfindən dərhal verilir.
17.6. Həbs
yerini tərk edən tutulmuş və ya həbs edilmiş
şəxslərin ünvanına daxil olan məktublar həbs
yerinin müdiriyyəti tərəfindən ən geci 1 gün
müddətində tutulmuş və ya həbs edilmiş
şəxslərin yaşadığı yerə göndərilir.
Maddə 18. Təkliflərin, ərizələrin və şikayətlərin
göndərilməsi
18.1.
Tutulmuş və ya həbs edilmiş şəxslərin
müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurora, məhkəməyə, həbs
yerinin fəaliyyətinə nəzarəti həyata keçirən
orqanlara, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə (ombudsmana),
BMT-nin insan hüquqlarının və azadlıqlarının
müdafiəsi ilə məşğul olan qurumlarına,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
və ya İşgəncənin və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftarın və ya cəzanın
qarşısının alınması üzrə Avropa Komitəsinə
ünvanladıqları təkliflər, ərizələr və
şikayətlər təxirə salınmadan aidiyyəti
üzrə göndərilir. Bu təkliflər, ərizələr
və şikayətlər, habelə onlara verilən cavablar
senzuradan keçirilmir.
18.2.
Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror, məhkəmə və ya həbs
yerinin fəaliyyətinə nəzarəti həyata keçirən
orqanlar tərəfindən təkliflərə, ərizələrə
və şikayətlərə verilən cavablar tutulmuş və
ya həbs edilmiş şəxslərə imza etdirməklə
elan olunur. Cavabların əsli onların şəxsi
işlərinə, surətləri isə cinayət işinə
əlavə edilir. Tutulmuş və ya həbs
edilmiş şəxslərin xahişi ilə cavabların surəti
həm də onlara verilir.
18.3.
Tutulmuş və ya həbs edilmiş şəxslər təklif,
ərizə və ya şikayət göndərdiklərinə
görə hər hansı şəkildə təqib edilə
bilməzlər. Belə təqiblərə yol
vermiş şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 19. Tutulmuş və ya həbs edilmiş şəxslərin
müdafiəçi və ya digər şəxslərlə əlaqələri
19.1.
Tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və
ya barəsində həbs qətimkan tədbiri seçilməsi
haqqında qərar elan olunduğu andan görüşlərin
sayı və müddəti məhdudlaşdırılmadan
müdafiəçisi və qanuni nümayəndəsi ilə
təklikdə görüşə və konfidensial ünsiyyət
saxlaya bilər.
19.2.
Hüquqi yardım istədiyini bildirən tutulmuş və ya
həbs edilmiş şəxs hüquqi yardımı almayanadək
dindirilməməli və ya onun dindirilməsi vəkilin
iştirakı olmadan davam etdirilməməlidir.
19.3.
Müdafiəçidən imtina etməyən tutulmuş və
ya həbs edilmiş şəxsin müdafiəçinin
iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə
baxışı zamanı sübut kimi istinad edilə bilməz.
Bu ifadələrin Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin
vəsatəti əsasında sübut qismində qəbul edilməsinə
yol verilir.
19.4.
Tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən
imtina etməsi protokolda göstərilir. Təhqiqatçı,
müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən
imtinanı yalnız o halda qəbul edir ki, tutulmuş və ya
həbs edilmiş şəxs bu barədə ərizəni
öz təşəbbüsü ilə könüllü və
müdafiəçinin və ya müdafiəçi qismində
təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun.
Hüquqi yardımı ödəmək
üçün vəsaiti olmadığına görə,
habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində
müəyyən edilmiş hallarda tutulmuş və ya həbs
edilmiş şəxsin müdafiəçidən imtina etməsi
qəbul olunmur, ona müdafiəçi məcburi təyin
olunur və ya müdafiəçisi qismində təyin
olunmuş vəkilin səlahiyyətləri saxlanılır.
19.5.
Müdafiəçidən imtina edən tutulmuş və ya həbs
edilmiş şəxs müdafiəçi ilə təmin
olunmaq istəyini bildirdiyi halda bu hüquqdan istifadə edə
bilər.
19.6. Həbs
edilmiş şəxs yaxın qohumları və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslər ilə ayda dörd dəfə 4 saatadək
müddətə ləyaqətli şəraitdə və nəzarət
altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər
zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər
vaxtından əvvəl dayandırıla bilər və bu
halda həmin fakt protokollaşdırılmalıdır.
19.7.
Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə
gətirildikdən dərhal sonra yaxın qohumlarına və
ya əlaqə saxlaması onun üçün qanuni maraq
doğuran digər şəxslərə bu barədə məlumat
vermək üçün bir dəfə telefonla zəng etmək
hüququna malikdir. Həbs edilmiş şəxslər
həftədə iki dəfə 15 dəqiqəyədək
müddətdə telefonla danışmaq hüququna malikdirlər.
Şəhərlərarası və mobil telefon
danışıqlarının haqqı həbs edilmiş
şəxsin, onun yaxın qohumlarının və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərin vəsaiti hesabına ödənilir.
19.8.
Tutulmuş şəxsin telefonla zəng etmək, həbs
edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər
şəxslərlə görüşmək, telefonla zəng
etmək və telefon danışıqlarından istifadə
etmək hüququ hazırlanan cinayətlərin
qarşısını almaq, cinayət təqibini və şəxslərin
təhlükəsizliyini təmin etmək məqsədi ilə
cinayət prosesini həyata keçirən orqanın və ya
həbs yerində rejimi təmin etmək zərurəti
yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış
qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla
bilər. Belə qərar qəbul edildikdə
tutulmuş və ya həbs edilmiş şəxs həmin
hüquqlardan yalnız müvafiq qərarı qəbul
etmiş orqanın yazılı razılığı olduqda
istifadə edir. Bu maddədə nəzərdə
tutulan hüquqların məhdudlaşdırılmasına dair
qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə,
həbs yerinin müdiriyyətinin qərarından isə habelə
yuxarı vəzifəli şəxsə şikayət edilə
bilər.
Maddə 20. Yemək təminatı, ərzaq məhsullarının
və ən zəruri malların əldə edilməsi
20.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş yemək və maddi-məişət
normalarına uyğun olaraq keyfiyyət baxımından
müasir gigiyena tələblərinə və qida
normalarına cavab verən pulsuz yeməklə gündə
üç dəfə təmin edilirlər. Həmin
yeməklər hazırlanarkən tutulmuş və ya həbs
edilmiş şəxslərin yaşı, sağlamlıq vəziyyəti
və dini ənənələri nəzərə
alınmalıdır.
20.2. Tutulmuş
və ya həbs edilmiş şəxslər, öz vəsaiti
hesabına Daxili intizam qaydaları müəyyən edilmiş
qaydada şəxsi istifadə məqsədi ilə gigiyena tələblərinə
cavab verən ərzaq məhsullarını və ən zəruri
malları ticarət şəbəkəsindən əldə
edə bilərlər.
20.3.
Tutulmuş və ya həbs edilmiş şəxslərin
özlərində saxlamasına icazə verilən əşyaların
və malların siyahısı Daxili intizam qaydaları ilə
müəyyən edilir.
Maddə 21. Maddi-məişət təminatı
21.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər həbs
yerlərində sanitariya-gigiyena və yanğın təhlükəsizliyi
qaydalarının tələblərinə uyğun olaraq zəruri
maddi-məişət şəraiti ilə təmin olunurlar. Tutulmuş və ya həbs edilmiş şəxslərin
münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla
təmin olunurlar. Belə paltar insan ləyaqətinə
uyğun olmalı, habelə azadlıqdan məhrum etmə
növündə cəza çəkən şəxslərə
verilən paltardan fərqlənməlidir.
21.2.
Tutulmuş və ya həbs edilmiş şəxslərə fərdi
çarpayı və yataq ləvazimatı verilir. Tutulmuş və
ya həbs edilmiş şəxslər üçün həbs
yerlərində yaşayış sahəsinin norması
dörd kvadrat- metrdən az ola bilməz.
Maddə 22. Tibbi-sanitariya təminatı
22.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər həbs
yerlərinə qəbul edildikdən dərhal sonra onların hər
hansı müşahidə olunan bədən xəsarətləri
və həbs yerinə daxil olanadək məruz
qaldığı hər hansı işgəncə və
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə
şikayətləri həbs yerinin müdiriyyəti tərəfindən
qeydiyyata alınır.
22.2. Həbs
edilmiş şəxslər həbs yerlərinə qəbul
edildiyi andan 24 saat ərzində həbs yerinin tibb
işçiləri tərəfindən tibbi müayinədən
keçirilirlər. Müayinənin nəticələrinə
dair müvafiq qeydiyyat aparılır.
22.3.
İşgəncə və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar ilə əlaqədar şikayətlər,
habelə tibbi müayinə zamanı müəyyən edilən
işgəncə və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar nəticəsində törədildiyi
güman edilən bədən xəsarətləri barədə
yazılı məlumatlar müvafiq araşdırma
aparılması üçün dərhal ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora göndərilməlidir.
22.4. Həbs
yerlərində tibbi-müayinə, müalicə-profilaktika,
sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər
qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Tutulmuş və ya həbs edilmiş şəxslərə
tibbi və psixoloji yardım göstərilməsi, habelə
onların tibb müəssisələrində
saxlanılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
22.5.
Tutulmuş və ya həbs edilmiş şəxs xəstələndikdə
və ya bədən xəsarəti aldıqda onun tibbi
müayinəsi tibb işçiləri tərəfindən dərhal
həyata keçirilir. Tibbi müayinənin nəticələri
qeydə alınır və tutulmuş və ya həbs
edilmiş şəxsə, eləcə də müraciət
olduqda həmin şəxsin vəkilinə təqdim edilir.
22.6.
Tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun
müdafiəçisinin vəsatəti ilə, cinayət
prosesini həyata keçirən orqanın qərarı əsasında
tibbi müayinə həmin şəxsin özünün
seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri
tərəfindən də həyata keçirilə bilər. Bu halda tibbi müayinənin xərcləri
tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti
hesabına ödənilir.
22.7.
Tutulmuş və ya həbs edilmiş şəxsin tibbi
müayinəsi zamanı aşağıdakılara xüsusi
diqqət yetirilir:
22.7.1. həkim sirrinin qorunması;
22.7.2. fiziki və psixi xəstəliklərin müəyyən
edilməsi və onların müalicəsi üçün zəruri
olan tədbirlərin görülməsi;
22.7.3. tutulmuş və ya həbs edilmiş şəxsin
zorakılığa məruz qaldığına işarə
edən əlamətlərin təfərrüatı ilə
qeydiyyata alınması və həbs yerinin müdiriyyətinin
nəzərinə çatdırılması;
22.7.4. narkotik vasitələrdən, psixotrop maddələrdən,
dərman preparatlarından və ya alkoqoldan sui-istifadə ilə
əlaqədar absteniya əlamətlərinin müalicəsi;
22.7.5. həbsdə saxlanma ilə əlaqədar
yaranmış hər hansı psixi və ya digər stress
hallarının müəyyən edilməsi;
22.7.6. yoluxucu xəstəliyə tutulması ehtimal
olunan tutulmuş və ya həbs edilmiş şəxsin tibbi rəy
əsasında xəstəlik müddətində digər
şəxslərdən təcrid edilməsi və müvafiq
müalicə alması;
22.7.7. tutulmuş və ya həbs edilmiş şəxsin
yalnız İİV-ə (insanın
immunçatışmazlığı virusu) yoluxması səbəbinə
görə təcrid olunmamasının təmin edilməsi;
22.7.8. həbs edilmiş şəxsin azad edildikdən
sonra cəmiyyətə reinteqrasiyası üçün maneə
törədə bilən fiziki və psixi pozuntuların qeydə
alınması;
22.7.9. həbs edilmiş şəxsin əməyə
və fiziki məşqlərə yararlı olmasının
müəyyən edilməsi;
22.7.10. tutulmuş və ya həbs edilmiş şəxsin
razılığı ilə, onun azad edilməsindən sonra zəruri
tibbi və ya psixiatriya müalicəsinin davam etdirilməsi ilə
əlaqədar müvafiq səhiyyə müəssisələrinə
məlumat verilməsi.
22.8.
Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən
azad edilməzdən əvvəl tibb işçiləri tərəfindən
tibbi müayinədən keçirilir.
22.9.
Tutulmuş və ya həbs edilmiş şəxs ağır xəstəliyə
tutulduqda və ya öldükdə həbs yerinin müdiriyyəti
bu barədə dərhal həmin şəxsin yaxın
qohumlarına məlumat verir.
22.10.
Tutulmuş və ya həbs edilmiş şəxsin meyiti məhkəmə-tibb
ekspertizası keçirildikdən və Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş digər prosessual hərəkətlər
aparıldıqdan sonra onun qohumlarına verilir. Tutulmuş
və ya həbs edilmiş şəxsin öldüyü
vaxtdan 7 gün müddətində meyitin verilməsi barədə
müraciət daxil olmazsa, o, dövlət vəsaiti
hesabına dəfn olunur. Həmin müddətdə
meyitin daha uzun müddət saxlanması barədə müraciət
daxil olarsa, meyit müraciət edən şəxsin vəsaiti
hesabına 30 günədək müddətdə müvafiq
icra hakimiyyəti orqanının meyitxanasında (morqunda)
saxlanılır.
Maddə 23. Ədəbiyyat və yazı ləvazimatının əldə
edilməsi və saxlanması
23.1.
Tutulmuş şəxslər həbs yerinin kitabxanasında olan
ədəbiyyatdan istifadə edə və ya həbs yerinin
müdiriyyəti vasitəsilə ticarət mağazasından
öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat,
qəzet və jurnal əldə edə bilərlər. Həbs edilmiş şəxslər isə
bütün bunlarla yanaşı, həm də öz vəsaiti
hesabına qəzet və jurnallara abunə yazıla bilərlər.
23.2.
Tutulmuş şəxslərə müharibəni,
zorakılığı, ekstremizmi, terroru və qəddarlığı
təbliğ edən, irqi, milli, dini, sosial ədavət və
düşmənçilik oyadan, habelə pornoqrafiya xarakterli nəşrlər
əldə etmək, saxlamaq və ya onları yaymaq
qadağandır. Həbs edilmiş şəxslərə
isə bütün bunlarla yanaşı, həm də belə
nəşrlərə abunə yazılmaq qadağandır.
Maddə 24. Dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan
və ədəbiyyatdan istifadə edilməsi
24.1.
Tutulmuş və ya həbs edilmiş şəxslərin vicdan
və din azadlığına təminat verilir. Onlar
həbs yerində dini ayinləri yerinə yetirə, dini ləvazimatdan
və ədəbiyyatdan istifadə edə bilərlər.
Dini ayinlərin yerinə yetirilməsi
üçün həbs yerinin müdiriyyəti tərəfindən
müvafiq şərait yaradılır. Dini
ayinlərin yerinə yetirilməsi digər tutulmuş və ya
həbs edilmiş şəxslərin hüquqlarını
pozmamalıdır.
24.2.
Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından keçmiş
dini birliklərdən həbs yerinin müdiriyyəti vasitəsilə
dəvət olunan din xadimlərinin iştirakı ilə dini
ayinləri icra edə bilərlər.
Maddə 25. Bağlama, sovqat, banderol, pul baratlarının
alınması və ya göndərilməsi
25.1. Həbs
edilmiş şəxs həftədə bir dəfə,
tutulmuş şəxs isə hər gün bağlama, sovqat və
banderol ala bilər. Bir bağlama və ya
banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri
qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama
üçün müəyyən olunmuş çəkidən
artıq olmamalıdır. Yetkinlik
yaşına çatmayanlar, ağır xəstəlikdən əziyyət
çəkənlər (bu barədə tibbi rəy olduqda), I
və ya II qrup əlillər, hamilə qadınlar, habelə
yanında 3 yaşınadək uşağı olan qadınlar
say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol ala
bilərlər.
25.2.
Qadağan edilmiş əşyaların, yaxud tutulmuş və
ya həbs edilmiş şəxslərin özlərində
saxlamasına icazə verilməyən əşyaların
keçirilməsinin qarşısını almaq məqsədi
ilə bağlama, sovqat və banderollara həbs yerinin
işçiləri tərəfindən baxış
keçirilir.
25.3.
Tutulmuş və ya həbs edilmiş şəxslərin adına göndərilən bağlama, sovqat və
banderollarda qadağan olunmuş əşyalar aşkar edildikdə,
həmin əşyalar müvafiq protokol tərtib edilməklə
götürülür və cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq araşdırma
aparılır. Bağlama, sovqat və
banderollarda tutulmuş və ya həbs edilmiş şəxslərin
özlərində saxlamasına icazə verilməyən əşyalar
aşkar edildikdə həmin əşyalar müvafiq akt tərtib
edilməklə götürülür, tutulmuş və ya həbs
edilmiş şəxs azad olunanadək saxlanılmaq
üçün anbara təhvil verilir və ya bağlama,
sovqat və banderolu göndərmiş şəxsin
hesabına geri qaytarılır, yaxud həbs yerinin müdiriyyətinin
əsaslandırılmış qərarına əsasən məhv
edilir. Bu barədə tutulmuş və ya həbs
edilmiş şəxsə məlumat verilir.
25.4.
Tutulmuş və ya həbs edilmiş şəxslər həbs
yerlərinin müdiriyyətinin razılığı ilə
yaxın qohumlarına bağlama və ya banderol göndərə
bilərlər.
25.5. Həbs
edilmiş şəxslərə daxil olan pul baratları
onların şəxsi hesabına
köçürülür. Həbs edilmiş
şəxslər istintaq təcridxanasının müdiriyyətinin
razılığı ilə öz yaxın qohumlarına
şəxsi hesabından pul baratları göndərə bilərlər.
Maddə 26. Tutulmuş və ya həbs edilmiş şəxslərin
mülki hüquq münasibətlərində iştirakı
26.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər cinayət
prosesini həyata keçirən orqanın
razılığı ilə Daxili intizam qaydalarına uyğun
olaraq şəxsən və ya öz nümayəndələrinin
vasitəsilə mülki hüquq münasibətlərində
iştirak edə bilərlər.
26.2. Həbs
edilmiş şəxslər istintaq təcridxanasında
notariusun xidmətlərindən istifadə edə bilərlər.
Maddə 27. İşgəncənin və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftarın və ya cəzanın tətbiq
edilməməsi
Tutulmuş və ya həbs edilmiş şəxslər
heç bir halda işgəncəyə və qeyri-insani və
ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz
qala bilməzlər. Onlar həbs yerlərində insan ləyaqətini
alçaldan şəraitdə saxlanıla bilməzlər.
Maddə 28. Etik davranışa uyğun rəftar
Həbs yerlərinin işçiləri tutulmuş və
ya həbs edilmiş şəxslərlə münasibətdə
nəzakətli olmalıdırlar. Tutulmuş və ya həbs
edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə
yol verilməsi qadağandır.
Maddə 29. Qadınların həbs yerlərində
saxlanılmasının xüsusiyyətləri
29.1.
Qadınlar həbs yerlərində kişilərdən
ayrı saxlanılırlar. Qadınlar 3
yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər.
Hamilə və ya yanında 3 yaşınadək
uşağı olan qadınlar üçün
yaxşılaşdırılmış maddi-məişət
şəraiti yaradılır, onlar xüsusi tibbi yardım və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş xüsusi yemək normaları ilə
təmin edilirlər.
29.2. Hamilə
və ya yanında 3 yaşınadək uşağı olan
qadınların müəyyən edilmiş gündəlik gəzintisi
4 saatdan az olmamalıdır. Onların
barəsində tənbeh tədbiri kimi cərimə təcridxanasında
yerləşdirmə tətbiq oluna bilməz.
29.3.
Tutulmuş və ya həbs edilmiş qadın həbs yerinin
rejimini müntəzəm olaraq qəsdən pozduqda, yaxud
yanında olan uşağına qayğı göstərmədikdə
həbs yerinin müdiriyyəti məhkəmə
qarşısında onun uşağının qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi,
bu mümkün olmadıqda isə uşaq müəssisələrinə
göndərilməsi barədə vəsatət qaldıra bilər.
Maddə 30. Yetkinlik yaşına çatmayanların həbs yerlərində
saxlanılmasının xüsusiyyətləri
30.1.
Yetkinlik yaşına çatmayan oğlanlar və qızlar həbs
yerlərində bir-birindən və yetkinlik yaşına
çatan şəxslərdən ayrı saxlanılırlar. Yetkinlik yaşına çatmayanlar üçün
yaxşılaşdırılmış maddi-məişət
şəraiti yaradılır və onlar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
xüsusi yemək normaları ilə təmin edilirlər.
30.2.
Yetkinlik yaşına çatmayanların müəyyən
edilmiş gündəlik gəzintisi 3 saatdan az
olmamalıdır. Yetkinlik yaşına
çatmayan şəxslərin barəsində tənbeh tədbiri
kimi cərimə təcridxanasında yerləşdirmə tətbiq
oluna bilməz.
30.3.
Yetkinlik yaşına çatmayanların asudə
vaxtlarında Daxili intizam qaydalarına riayət etməklə
televiziya verilişlərinə baxması, orta təhsilini davam
etdirməsi və idmanla məşğul olması
üçün şərait yaradılır.
Maddə 31. Əmək fəaliyyəti
31.1. Həbs
edilmiş şəxslər istintaq təcridxanalarında
haqqı ödənilən əməyə könüllü
olaraq cəlb edilə bilərlər.
31.2. Həbs
edilmiş şəxslərin istintaq təcridxanalarında əmək
fəaliyyəti Azərbaycan Respublikasının əmək
qanunvericiliyi ilə tənzimlənir.
31.3. Həbs
edilmiş şəxslərin istintaq təcridxanalarında cəlb
olunması qadağan edilən işlərin və vəzifələrin
siyahısı Daxili intizam qaydaları ilə müəyyən
olunur.
Maddə 32. Tutulmuş və ya həbs edilmiş şəxslərin
əsas vəzifələri
32.1.
Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas
vəzifələri aşağıdakılardır:
32.1.1. bu qanunla və Daxili intizam qaydaları ilə
müəyyən edilmiş qaydalara riayət etmək;
32.1.2. həbs yerinin müdiriyyətinin qanuni tələblərinə
əməl etmək;
32.1.3.
sanitariya-gigiyena qaydalarına əməl etmək;
32.1.4. yanğın təhlükəsizliyi
qaydalarına əməl etmək;
32.1.5. həbs yerinin əmlakına qayğı ilə
yanaşmaq;
32.1.6. saxlandığı kameranı növbəlik
qaydasında təmizləmək (süpürmək və
yumaq);
32.1.7. həbs yerinin işçiləri ilə, habelə
digər tutulmuş və ya həbs edilmiş şəxslərlə
nəzakətlə davranmaq;
32.1.8. həbs yerinin işçilərinin xidməti
vəzifələrinin icrasına mane olmamaq;
32.1.9. özünün və ya digər şəxslərin
həyat və sağlamlığı üçün təhlükə
törədən hərəkətlərə yol verməmək.
32.2. Həbs
edilmiş şəxslər tərəfindən
hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların
siyahısı Daxili intizam qaydaları ilə müəyyən
edilir. Bu əşyaların həbs edilmiş
şəxslər tərəfindən hazırlanması,
saxlanılması, gəzdirilməsi, daşınması və
ya istifadəsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə
səbəb olur.
FƏSIL
3
HƏBS YERLƏRINDƏ REJIMIN TƏMIN
EDILMƏSI
Maddə 33. Həbs yerlərinin müdiriyyətinin
vəzifələri
33.1. Həbs
yerlərinin müdiriyyətinin aşağıdakı vəzifələri
vardır:
33.1.1. həbs yerinə gətirilmiş tutulmuş və
ya həbs edilmiş şəxsi qəbul etmək və dərhal
aşağıdakı məlumatları qeydə almaq:
33.1.1.1. adı, atasının adı, soyadı, anadan
olduğu tarix və yer, yaşadığı ünvan;
33.1.1.2. şəxsin tutulmasının və ya həbs
edilməsinin əsası və onun tutulması və ya həbs
edilməsi barədə qərarı qəbul etmiş orqan;
33.1.1.3. həbs yerinə gətirilmənin tarixi və
vaxtı;
33.1.1.4. tutulmuş və ya həbs edilmiş şəxsə
məxsus olan və saxlanılmaq üçün anbara təhvil
verilən əşyaların siyahısı;
33.1.1.5. tutulmuş və ya həbs edilmiş şəxsin
üzərində müşahidə olunan hər hansı bədən
xəsarətləri və onun həbs yerinə daxil olanadək
məruz qaldığı hər hansı işgəncə və
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə
şikayəti;
33.1.1.6. həkim sirrinə aid tələblər nəzərə
alınmaqla, tutulmuş və ya həbs edilmiş şəxsin
özünün və ya digər şəxslərin
saxlanılması şəraitinə təsir göstərə
biləcək psixi və fiziki qüsurları barədə məlumatlar;
33.1.2.
tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə
gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə
alındığı və harada saxlanıldığı
barədə yaxın qohumlarına və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərə telefonla və ya digər vasitələrlə
məlumat vermək imkanının yaradılması (həbs
yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş
şəxsin qocalığı, sağlamlıq və psixi vəziyyəti
ilə bağlı hallar istisna olmaqla, belə məlumatları
öz təşəbbüsü ilə verə bilməz); əgər
tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi,
yaxud vətəndaşlığı olmayan şəxsdirsə,
onun vətəndaşı olduğu və ya daimi
yaşadığı dövlətin Azərbaycan
Respublikasında olan diplomatik nümayəndəliyinə və
ya konsulluğuna bu barədə dərhal məlumat vermək və
bu cür məlumatın verildiyini qeydə almaq;
33.1.3. tutulmuş və ya həbs edilmiş şəxsin
həbs yerinə gətirildikdən sonra təxirə
salınmadan tibbi müayinədən keçirilməsini təmin
etmək;
33.1.4. tutulmuş və ya həbs edilmiş şəxsləri
hüquq və vəzifələri, Daxili intizam qaydaları, həbs
yerində saxlanılma rejimi, təklif, ərizə və
şikayətlərin verilməsi qaydası ilə
tanış etmək və onlara bu barədə izahat vermək;
33.1.5. tutulmuş şəxslərin həbs yerlərində
müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşlərini təmin
etmək;
33.1.6. həbs edilmiş şəxslərin müdafiəçisi,
qanuni nümayəndəsi, yaxın qohumları və ya əlaqə
saxlaması onun üçün qanuni maraq doğuran digər
şəxslərlə görüşlərini təmin etmək;
33.1.7. tutulmuş və ya həbs edilmiş şəxslərin
həbs yerində şəxsi təhlükəsizliyini təmin
etmək;
33.1.8. tutulmuş və ya həbs edilmiş şəxslərin
ünvanına daxil olan prosessual sənədlərin surətlərini
həmin sənədlərin daxil olduğu gün, sənədlər
gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək
onlara vermək;
33.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin
təklif, şikayət və ərizələrini qeydiyyata
almaq;
33.1.10. tutulmuş və ya həbs edilmiş şəxslərin
məktub, teleqram, təklif, ərizə və şikayətlərinin
qanunla müəyyən edilmiş qaydada göndərilməsini
təmin etmək;
33.1.11. tutulmuş və ya həbs edilmiş şəxslərin
cinayət prosesini həyata keçirən orqana vaxtında
çatdırılmasını təmin etmək;
33.1.12.
eyni cinayət işi və ya əlaqəli bir neçə
cinayət işi üzrə barəsində cinayət təqibi
həyata keçirilən tutulmuş və ya həbs
edilmiş şəxslərin ayrılıqda
saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin
digər tutulmuş və ya həbs edilmiş şəxslərlə
ünsiyyətinin qarşısının alınması, habelə
tutulmuş və ya həbs edilmiş şəxslərin
qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd
olmayan digər məsələlər barədə cinayət
prosesini həyata keçirən orqanın yazılı
göstərişlərini yerinə yetirmək;
33.1.13. tutulmuş və ya həbs edilmiş şəxslərin
istintaq və ya digər prosessual hərəkətlərdə
iştirak etməkdən imtina etməsi barədə protokol tərtib
etmək;
33.1.14. cinayət prosesini həyata keçirən
orqanın yazılı göstərişinə əsasən,
tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı
ilə həbs yerində istintaq hərəkətlərinin,
yaxud digər prosessual hərəkətlərin
aparılmasına şərait yaratmaq;
33.1.15. tutulmuş və ya həbs edilmiş şəxsləri
məhkəmənin qərarına əsasən digər həbs
yerinə köçürmək;
33.1.16. həbs edilmiş şəxsin telefonla danışmaq
hüququnun təmin edilməsinə şərait yaratmaq;
33.1.17. həbs edilmiş şəxsin həbsdə
saxlanılma müddətinin başa çatmasına 7 gün
qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurora bu barədə məlumat vermək;
33.1.18. həbs edilmiş şəxsin notariusun xidmətlərindən
istifadə etməsinə şərait yaratmaq;
33.1.19. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi və
bu qanunun 48-ci maddəsi ilə müəyyən edilmiş
hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal
həbsdən azad etmək.
33.2. Həbs
yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş
şəxs həbs yerinə gətirildikdən sonra
keçirilmiş tibbi müayinənin nəticələrinin
onun sağlamlığı barədə qeydə
alınmış məlumatlara əlavə olunmasını təmin
etməlidir.
33.3.
Tutulmuş və ya həbs edilmiş şəxsin prosessual hərəkətlərdə
iştirak etməsi ilə əlaqədar onun barəsində
aşağıdakı məlumatlar qeydə alınır:
33.3.1. prosessual hərəkəti həyata keçirən
orqan;
33.3.2. prosessual hərəkətin yeri və vaxtı;
33.3.3. prosessual hərəkətin keçirilməsindən
əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri
və prosessual hərəkət zamanı yol verilən hər
hansı işgəncə və qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar barədə şikayət.
Maddə 34. Tutulmuş və ya həbs edilmiş şəxslərin
həbs yerində saxlanılması qaydası
34.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər bu
qanunun 29-cu, 30-cu və 35-ci maddələrində nəzərdə
tutulmuş tələblər nəzərə alınmaqla
ümumi və ya birnəfərlik kameralarda
saxlanılırlar.
34.2. Həbs
edilmiş şəxslərin birnəfərlik kameralarda yerləşdirilməsi
istintaq təcridxanasının müdiriyyətinin əsaslandırılmış
qərarı əsasında həyata keçirilir.
34.3.
Tutulmuş və ya həbs edilmiş şəxslər
aşağıdakı hallarda birnəfərlik kameralarda yerləşdirilə
bilərlər:
34.3.1. birnəfərlik kameralarda yerləşdirilməsi
barədə tutulmuş və ya həbs edilmiş şəxslər
yazılı ərizə ilə müraciət etdikdə;
34.3.2. tutulmuş və ya həbs edilmiş şəxslərin
həyat və sağlamlığı üçün
yaranmış təhlükənin qarşısının
alınması məqsədi ilə;
34.3.3. bu qanunun 35-ci maddəsində nəzərdə
tutulmuş ayrılıqda saxlama tələblərinin başqa
cür yerinə yetirilməsi qeyri-mümkün olduqda.
34.4.
Tutulmuş və ya həbs edilmiş şəxsin başqa
kameralarda olan tutulmuş və ya həbs edilmiş şəxslərlə
danışıqları, yazışmaları, onlardan birinin
digərinə hər hansı əşya verməsi
qadağandır.
Maddə 35. Tutulmuş və ya həbs edilmiş şəxslərin
kameralarda ayrılıqda saxlanılması
35.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər
kameralara onların yaşı, cinsi, əvvəlki məhkumluğu,
səhhəti nəzərə alınmaqla yerləşdirilir.
35.2.
Aşağıdakı tutulmuş və ya həbs edilmiş
şəxslər həbs yerlərində ayrı
saxlanılırlar:
35.2.1. qadınlar kişilərdən;
35.2.2. yetkinlik yaşına çatmayanlar yetkinlik
yaşına çatanlardan;
35.2.3. ilk dəfə cinayət törətmiş
şəxslər əvvəllər azadlıqdan məhrum etmə
yerlərində cəza çəkmiş şəxslərdən;
35.2.4. Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, tutulmuş və
ya həbs edilmiş şübhəli və ya təqsirləndirilən
şəxslər, barəsində qanuni qüvvəyə
minmiş hökm olan məhkumlardan;
35.2.5. cinayət prosesini həyata keçirən orqanın
göstərişi ilə eyni cinayət işi, yaxud əlaqəli
bir neçə cinayət işi üzrə barəsində
cinayət təqibi həyata keçirilən tutulmuş və
ya həbs edilmiş şəxslər bir-birindən;
35.2.6. tutulmuş və ya həbs edilmiş məhkəmə
və hüquq- mühafizə orqanlarının işçiləri
və ya həmin orqanların sabiq işçiləri digər
tutulmuş və ya həbs edilmiş şəxslərdən;
35.2.7. tutulmuş və ya həbs edilmiş şəxslər
onların həyat və ya sağlamlığına təhlükə
törədən digər tutulmuş və ya həbs
edilmiş şəxslərdən (həbs yerinin müdiriyyətinin
və ya cinayət prosesini həyata keçirən orqanın
qərarı ilə);
35.2.8. ağır yoluxucu xəstəliyə
düçar olmuş və ya xüsusi tibbi nəzarətə
ehtiyacı olan tutulmuş və ya həbs edilmiş şəxslər
tibbi rəy əsasında sağlam şəxslərdən, zərurət
olduqda isə həm də bir-birindən;
35.2.9. özü və ətrafdakılar
üçün təhlükə törədə biləcək
kəskin psixi vəziyyətdə olan tutulmuş və ya həbs
edilmiş şəxslər onlar üçün nəzərdə
tutulan xüsusi kameralarda təcrid edilməklə digər
şəxslərdən.
Maddə 36. Tutulmuş və ya həbs edilmiş şəxslərin
mühafizəsi və onların üzərində nəzarət
36.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər həbs
yerində mühafizə olunur və nəzarət altında
saxlanılırlar. Həmin şəxslər həbs
yerinin ərazisində həbs yerinin işçilərinin
müşayiəti ilə hərəkət edirlər.
36.2. Nəzarət
həyata keçirilərkən video, elektron və ya digər
texniki vasitələrdən istifadə edilə bilər.
36.3.
Tutulmuş və ya həbs edilmiş şəxslərin
daktiloskopik qeydiyyatı aparılır, fotoşəkilləri
çəkilir və onların barəsində şəxsi
axtarış tətbiq edilir. Tutulmuş və
ya həbs edilmiş şəxslərin
saxlanıldığı yerdə axtarış
aparılır, onların əşyaları,
bağlamaları, sovqatları və banderolları
yoxlanılır.
36.4.
Tutulmuş və ya həbs edilmiş şəxslərin barəsində
sanitariya-gigiyena tədbirləri və ya onların üzərində
şəxsi axtarış həbs yerinin eyni cinsdən olan
işçiləri tərəfindən həyata
keçirilir.
36.5.
Tutulmuş və ya həbs edilmiş şəxslərdə
qadağan olunmuş əşyalar aşkar edildikdə həmin
əşyalar müvafiq protokol tərtib edilməklə
götürülür və cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq araşdırma
aparılır. Tutulmuş və ya həbs
edilmiş şəxslərin özlərində
saxlanmasına icazə verilməyən əşyalar aşkar
edildikdə onlar müvafiq akt tərtib edilməklə
götürülür, tutulmuş və ya həbs edilmiş
şəxs azad olunanadək saxlanılmaq üçün
anbara təhvil verilir və ya həbs yeri müdiriyyətinin əsaslandırılmış
qərarına əsasən məhv edilir. Bu
barədə tutulmuş və ya həbs edilmiş şəxsə
məlumat verilir. Tutulmuş və ya həbs
edilmiş şəxs təhvil verilən əşyaların
siyahısını imzalayır.
36.6.
Tutulmuş və ya həbs edilmiş şəxsdə
aşkar edilən pul onun sahibinin şəxsi hesabına
köçürülür. Tutulmuş və
ya həbs edilmiş şəxsdə aşkar edilən qiymətli
kağızlar və ya özündə saxlanılması icazə
verilməyən digər əşyalar həmin şəxsin vəsatəti
ilə cinayət prosesini həyata keçirən orqanın qərarı
əsasında tutulmuş və ya həbs edilmiş şəxsin
yaxın qohumlarına və ya digər şəxslərə
onların razılığı olduqda verilir.
36.7.
Tutulmuş və ya həbs edilmiş şəxslərdən
götürülüb anbara təhvil verilmiş əşyalar
yaxşı vəziyyətdə saxlanılmalıdır. Anbara təhvil verilmiş əşyaların məhv
edilməsi barədə qərar qəbul edildikdə bu barədə
tutulmuş və ya həbs edilmiş şəxsə məlumat
verilir.
36.8.
Tutulmuş və ya həbs edilmiş şəxs özü ilə
hər hansı dərman preparatları gətirdiyi halda,
onlardan istifadə olunması barədə qərarı həkim
qəbul edir.
36.9. Həbs
yerinin ərazisinə giriş və ya bu ərazidən
çıxış zamanı həbs yerinin əməkdaşları
tərəfindən gələn və gedən şəxslərin
əşyaları və geyimi, o cümlədən daxil olan və
çıxan nəqliyyat vasitələri yoxlanılır,
qadağan olunmuş əşyalar aşkar edildikdə onlar
götürülür və cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq araşdırma
aparılır. Həbs yerinə gələn
şəxslərdə və ya nəqliyyat vasitələrində
tutulmuş və ya həbs edilmiş şəxslərin
özlərində saxlanmasına icazə verilməyən əşyalar
aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət
nəzərdə tutulmamışdırsa, belə əşyalar
onları gətirmiş şəxslərə
qaytarılır.
36.10.
Tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti
saxlama yerindən istintaq təcridxanasına keçirilərkən
onlardan götürülmüş özlərində
saxlanmasına icazə verilməyən əşyalar
siyahıya alınaraq istintaq təcridxanasına göndərilir.
Maddə 37. İstintaq təcridxanalarına bitişik olan ərazilər
İstintaq təcridxanalarına bitişik olan ərazilərin
sərhədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 38. İstintaq təcridxanasında tətbiq edilən həvəsləndirmə
tədbirləri
38.1. Həbs
edilmiş şəxslərə nümunəvi
davranışına görə istintaq təcridxanasında
aşağıdakı həvəsləndirmə tədbirləri
tətbiq edilə bilər:
38.1.1. təşəkkür elan etmək;
38.1.2. verilmiş tənbeh tədbirini vaxtından əvvəl
götürmək.
38.2.
İstintaq təcridxanasında həbs edilmiş şəxslərə
həvəsləndirmə tədbirləri istintaq təcridxanası
rəisinin və ya onu əvəz edən şəxsin qərarı
əsasında tətbiq edilir.
Maddə 39. İstintaq təcridxanasında tətbiq edilən tənbeh
tədbirləri
39.1.
Daxili intizam qaydalarını pozan həbs edilmiş şəxslər
barəsində aşağıdakı tənbeh tədbirləri
tətbiq edilə bilər:
39.1.1. xəbərdarlıq;
39.1.2. töhmət;
39.1.3. 7
günədək müddətə cərimə təcridxanasında
yerləşdirmə.
39.2. Tənbeh
tədbiri həbs yerinin rəisinin və ya onu əvəz edən
şəxsin əsaslandırılmış qərarı ilə
tətbiq edilir. Qərarın surəti həbs
edilmiş şəxsə dərhal təqdim edilir və
şikayət etmək hüququ ona izah olunur. Bu barədə müvafiq qeydiyyat aparılır.
39.3. Bir
pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq
edilir.
39.4. Tənbeh
tədbiri həbs yerlərində müəyyən edilmiş
qaydaların pozulması halları və həbs edilmiş
şəxsin davranışı nəzərə alınmaqla
tətbiq edilir. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi
gündən ən geci 5 gün keçənədək,
pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə
yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi
gündən ən geci 1 ay keçənədək tətbiq
edilir.
39.5.
Daxili intizam qaydalarının pozulmasında təqsirləndirilən
həbs edilmiş şəxsin aşağıdakı
hüquqları vardır:
39.5.1. hansı əməlinin Daxili intizam
qaydalarının pozulması hesab olunduğu barədə dərhal
məlumat almaq;
39.5.2. özünün müdafiəsi
üçün kifayət qədər vaxta və şəraitə
malik olmaq;
39.5.3. şəxsən və ya zəruri hesab etdiyi
hallarda müdafiəçi vasitəsilə müdafiə
olunmaq;
39.5.4. tərcüməçinin köməyindən
pulsuz istifadə etmək;
39.5.5. şahidlərin izahatının
alınmasını tələb etmək və onların
izahatının alınmasında iştirak etmək.
39.6. Tənbeh
tədbiri verilməzdən əvvəl həbs edilmiş
şəxsdən izahat alınır. Həbs
edilmiş şəxs izahat verməkdən imtina etdikdə bu
barədə imtinanın səbəbləri göstərilməklə
akt tərtib edilir.
39.7. Həbs
edilmiş şəxslər tənbeh tədbirindən
yuxarı vəzifəli şəxsə və ya məhkəməyə
şikayət verə bilərlər. Şikayətin
verilməsi tənbeh tədbirinin tətbiqini
dayandırmır.
Maddə 40. Cərimə təcridxanasında yerləşdirmə
40.1. Cərimə
təcridxanası bu qanunun 40.2-ci maddəsində nəzərdə
tutulmuş hallarda həbs edilmiş şəxsin yerləşdirilməsi
üçün nəzərdə tutulan yerdir.
40.2. Cərimə
təcridxanasında yerləşdirmə
aşağıdakı hallarda müstəsna tədbir kimi tətbiq
edilə bilər:
40.2.1. əvvəllər barəsində bu qanunun
39.1.1-ci və ya 39.1.2-ci maddələri ilə müəyyən
edilmiş tənbeh tədbirləri bir il ərzində azı
iki dəfə tətbiq edilmiş şəxs yenidən Daxili
intizam qaydalarını pozduqda;
40.2.2. həbs edilmiş şəxs həbs yerinin
işçilərinin qanuni tələblərinə tabe
olmadıqda və ya onları hədələdikdə;
40.2.3. həbs edilmiş şəxs xidməti vəzifələrini
yerinə yetirən digər şəxsləri hədələdikdə;
40.2.4. həbs edilmiş şəxs digər həbs
edilmiş şəxsləri hədələdikdə;
40.2.5. xırda xuliqanlıq əməli törədildikdə.
40.3. Cərimə
təcridxanasında yerləşdirilən həbs edilmiş
şəxs fərdi çarpayı və yataq ləvazimatı
ilə təmin edilir.
40.4. Cərimə
təcridxanasında olduğu müddət ərzində həbs
edilmiş şəxslərin ərzaq məhsulları əldə
etməsi, bağlama, sovqat və banderol alması,
stolüstü oyunlar oynaması, televiziya verilişlərinə
baxması qadağandır. Bu şəxslərin
ünvanına gəlmiş bağlama, sovqat və banderollar cərimə
təcridxanasından azad edildikdən sonra onlara təqdim
edilir.
40.5. Cərimə
təcridxanasında olduğu müddət ərzində həbs
edilmiş şəxslərin görüşləri və ya
yazışmaları yalnız o halda qadağan edilir ki,
onların cərimə təcridxanasında yerləşdirilməsinə
əsas verən hüquq pozuntusu bilavasitə görüşlərlə
və ya yazışmalarla bağlı olsun.
40.6. Cərimə
təcridxanasında yerləşdirilən şəxslər hər
gün ən azı 1 saat gəzinti hüququna malikdirlər.
40.7. Həbs
edilmiş şəxslər cərimə təcridxanasında
yerləşdirildikdən dərhal sonra və cərimə təcridxanasında
olduğu müddət ərzində hər gün ən
azı bir dəfə tibb işçisi tərəfindən
yoxlanılmalı və zəruri tibbi yardımla təmin
olunmalıdırlar.
40.8. Barəsində
cərimə təcridxanasında yerləşdirmə
növündə tənbeh tədbiri tətbiq edilmiş şəxs
səhhəti ilə əlaqədar cərimə təcridxanasında
saxlanılmasının qeyri-mümkün olması barədə
tibbi rəy olduqda cərimə təcridxanasından azad edilir.
40.9. Cərimə
təcridxanasından azad olunma haqqında müvafiq qeydiyyat
aparılır.
40.10. Cərimə
təcridxanasında yerləşdirmə növündə tənbeh
tədbiri yetkinlik yaşına çatmayan şəxslərə,
hamilə və ya yanında 3 yaşınadək
uşağı olan qadınlara tətbiq edilə bilməz.
Maddə 41. Tutulmuş və ya həbs edilmiş şəxslərin
maddi məsuliyyəti
41.1.
Tutulmuş və ya həbs edilmiş şəxslər həbs
yerində saxlanılan zaman dövlət əmlakına
vurduqları ziyana görə qanunla müəyyən
edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
41.2.
Tutulmuş və ya həbs edilmiş şəxslərin
dövlət əmlakına vurduqları maddi ziyanın məbləği
yoxlama materialları əsasında həbs yerinin rəisinin və
ya onu əvəz edən şəxsin qərarı ilə
müəyyən edilir. Maddi ziyanı ödəmək
barədə qərar tutulmuş və ya həbs edilmiş
şəxsə imza etdirməklə elan olunur. Tutulmuş və ya həbs edilmiş şəxs həmin
qərardan yuxarı vəzifəli şəxsə və ya məhkəməyə
şikayət verə bilər.
41.3.
Tutulmuş və ya həbs edilmiş şəxs vurduğu
maddi ziyanı könüllü olaraq ödəməkdən
imtina etdikdə həmin ziyanın əvəzi ondan məhkəmə
qaydasında tutulur.
41.4. Dəymiş
maddi ziyana görə düzgün tutulmayan məbləğ
geri qaytarılır və tutulmuş və ya həbs
edilmiş şəxsin şəxsi hesabına
köçürülür.
41.5.
Tutulmuş və ya həbs edilmiş şəxsin xahişi ilə
maddi ziyan razılıqları olduqda onun qohumları və ya
digər şəxslər tərəfindən ödənilə
bilər.
41.6. Cəzaçəkmə
müəssisəsinə göndərilərkən ödənilməyən
maddi ziyan cəzaçəkmə müəssisəsinin
müdiriyyəti tərəfindən məhkumun şəxsi
hesabından tutulur.
41.7.
Tutulmuş və ya həbs edilmiş şəxs həbs yerindən
azad edilərkən ödənilməyən maddi ziyanın əvəzi
ondan məhkəmə qaydasında tutulur.
41.8.
Tutulmuş və ya həbs edilmiş şəxsə həbs
yerinin işçiləri tərəfindən vurulan maddi ziyan
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada tutulur.
Maddə 42. Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən
imtina etdikdə görülən tədbirlər
42.1.
Tutulmuş və ya həbs edilmiş şəxs yeməkdən
imtina etdikdə həbs yerinin rəisi və ya onu əvəz
edən şəxs bunun səbəbini
aydınlaşdırmalı, bu barədə dərhal cinayət
prosesini həyata keçirən orqana yazılı formada məlumat
verməlidir.
42.2. Yeməkdən
imtina etmənin səbəbləri əsaslı olduqda həbs
yerinin müdiriyyəti tutulmuş və ya həbs edilmiş
şəxs tərəfindən irəli sürülən
qanuni tələblərin təmin edilməsi üçün
təcili tədbirlər görür. İrəli
sürülmüş tələblərin dərhal təmin
edilməsi mümkün olmadıqda tutulmuş və ya həbs
edilmiş şəxsə müvafiq izahat verilir və həmin
tələblərin təmin edilməsi üçün tədbirlər
görülür.
42.3. Yeməkdən
imtina edən tutulmuş və ya həbs edilmiş şəxs,
həbs yerinin rəisinin və ya onu əvəz edən şəxsin
əsaslandırılmış qərarı ilə digər
tutulmuş və ya həbs edilmiş şəxslərdən
ayrı saxlanılır, onun üzərində həkim nəzarəti
təyin edilir.
42.4. Yeməkdən
imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin
həbs yerində saxlanılma rejimindən irəli gələn
öhdəliklərdən azad edilməsi həkimin tibbi rəyi
əsasında həyata keçirilir.
42.5. Yeməkdən
imtina edən tutulmuş və ya həbs edilmiş şəxsə
Daxili intizam qaydaları ilə nəzərdə tutulan vaxtda
müəyyən edilmiş normalar üzrə bu barədə
müvafiq qeydiyyat aparılmaqla səhər, günorta və
şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif
olunur. Bu təklif rədd edildikdə yeməkdən
imtina yeməklərin gətirilməsi haqqında
qeydiyyatın aparıldığı vərəqədə
qeyd olunur.
42.6. Yeməkdən
imtina edən tutulmuş və ya həbs edilmiş şəxsin
həyatı üçün təhlükə yarandıqda və
o özü haqqında real qərar qəbul etmək qabiliyyətini
itirdikdə həkimin yazılı rəyinə əsasən
və onun iştirakı ilə yeməkdən imtina edən
tutulmuş və ya həbs edilmiş şəxsin səhhətinin
yaxşılaşdırılmasına yönəlmiş tədbirlər,
o cümlədən həmin şəxsin ləyaqətini
alçaltmamaq şərti ilə məcburi qaydada
qidalandırılması həyata keçirilir.
42.7.
Tutulmuş və ya həbs edilmiş şəxsin yemək qəbulundan
imtina etməsi onun digər həbs yerlərinə göndərilməsinə,
istintaq hərəkətlərində və məhkəmə
iclaslarında iştirakına mane olmur. Yemək
qəbulundan imtina edən tutulmuş və ya həbs
edilmiş şəxsin digər həbs yerlərinə
göndərilməsi tibb işçisinin müşayiəti
ilə həyata keçirilir.
Maddə 43. Həbs yerlərində fiziki qüvvənin, xüsusi
vasitələrin və ya odlu silahın tətbiqi şərtləri
və hüdudları
43.1. Həbs
yerlərinin əməkdaşları və ya həbs yerlərində
rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq
icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən
fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah
bu qanunla müəyyən edilmiş hallarda və qaydada tətbiq
edilir.
43.2.
Fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq
edilərkən aşağıdakı şərtlərə
riayət edilməlidir:
43.2.1. insana qarşı fiziki qüvvə, xüsusi
vasitələr və ya odlu silah yalnız son zərurət və
ya zəruri müdafiə vəziyyətində, bütün
digər təsir imkanlarından istifadə lazımi nəticə
vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən
və ya onu törədənin şəxsiyyətindən
asılı olaraq tətbiq edilməlidir;
43.2.2. qrup halında və ya odlu silah işlətməklə
basqın edildiyi, o cümlədən silahlı müqavimət
göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr
və ya odlu silah qadınlara, azyaşlılara, yanında
azyaşlı uşaqlar olanlara, əlilliyi, yaxud digər fiziki
və ya psixi qüsurları aşkar bilinən şəxslərə
qarşı, habelə insanların toplaşdığı və
ya kənar şəxslərin zərər çəkə
biləcəyi yerlərdə tətbiq edilməməlidir;
43.2.3. xüsusi vasitələr və ya odlu silah
yalnız real təhlükənin qarşısı alınarkən
tətbiq edilə bilər;
43.2.4. fiziki qüvvənin, xüsusi vasitələrin
və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə
mütənasib olmalıdır;
43.2.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik
dərəcəsindən, eləcə də göstərilən
müqavimətin gücündən asılı olaraq, vurulan zərərin
minimal olmasına cəhd edilməlidir;
43.2.6. odlu silah tətbiq edilməzdən əvvəl
şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq
atəşi açılmalıdır (qəfil, yəni birdən-birə
gözlənilməz hücum baş verərsə, yaxud
hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən
və ya təhlükə yaradan yırtıcı, vəhşi
və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq
etmədən odlu silah tətbiq edilə bilər);
43.2.7. bədən xəsarəti alan şəxslərə
ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.
43.3.
Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu
silahın tətbiqi haqqında müvafiq qeydiyyat
aparılır. Həbs yerinin əməkdaşları
tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə
tətbiq edildiyi hər bir halda həbs yerinin müdiriyyəti
bu barədə dərhal müvafiq icra hakimiyyəti
orqanına, odlu silahın tətbiq edilməsi barədə isə
habelə prokurorluq orqanlarına yazılı məlumat verməli
və hadisə yerinin dəyişilməmiş
saxlanılmasına çalışmalıdır.
43.4. Həbs
yerinin əməkdaşları tərəfindən fiziki
qüvvənin, xüsusi vasitələrin və ya odlu
silahın tətbiq edildiyi hər bir halda müvafiq icra hakimiyyəti
orqanı tərəfindən xidməti yoxlama aparılmalı
və fiziki qüvvənin, xüsusi vasitənin və ya odlu
silahın tətbiqinin qanunauyğun olub-olmaması barədə
müvafiq rəy hazırlanmalıdır.
43.5. Həbs
yerinin əməkdaşlarının öz səlahiyyətlərini,
zəruri müdafiə və son zərurət hədlərini,
habelə cinayət törətmiş şəxsin
tutulması üçün zəruri olan tədbirlərin həddini
aşaraq fiziki qüvvə, xüsusi vasitələr və ya
odlu silah tətbiq etməsi qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Maddə 44. Həbs yerlərində fiziki qüvvənin tətbiqi
Hazırlanan və ya törədilən cinayətin və
ya digər hüquq pozuntularının qarşısını
almaq, habelə həbs yerinin işçilərinin qanuni tələblərinə
müqaviməti aradan qaldırmaq üçün bunların
başqa üsullarla təmin edilməsi mümkün
olmadıqda, fiziki qüvvə tətbiq edilə bilər.
Maddə 45. Həbs yerlərində xüsusi vasitələrin tətbiqi
45.1. Həbs
yerində xüsusi vasitələr aşağıdakı hallarda
tətbiq edilə bilər:
45.1.1. həbs yerinin işçilərinə və
ya digər şəxslərə tutulmuş və ya həbs
edilmiş şəxslər tərəfindən edilən
hücumları dəf etmək üçün;
45.1.2. kütləvi iğtişaşların və
ya həbs yerində saxlanılma rejiminin qrup halında
pozulmasının qarşısını almaq
üçün;
45.1.3. həbs yerinin işçilərinin və ya həbs
yerində rejimin təmin edilməsinə cəlb olunmuş
müvafiq icra hakimiyyəti orqanı işçilərinin
qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki
müqavimət göstərən tutulmuş və ya həbs
edilmiş şəxslərin qanunsuz hərəkətlərinin
qarşısını almaq üçün;
45.1.4. girov saxlanılan şəxsləri, zəbt
olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat
vasitələrini azad etmək üçün;
45.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin
həbs yerindən qaçması cəhdinin qarşısını
almaq üçün;
45.1.6. tutulmuş və ya həbs edilmiş şəxsin
özünə və ətrafdakılara zərər yetirmək
cəhdinin qarşısını almaq üçün.
45.2.
Tutulmuş və ya həbs edilmiş şəxslərə
aşağıdakı xüsusi vasitələr tətbiq
olunur:
45.2.1. rezin dəyənəklər - bu qanunun 45.1.1-45.1.6-cı
maddələrində göstərilən hallarda;
45.2.2. əl qandalları - bu qanunun 45.1.3, 45.1.5 və
45.1.6-cı maddələrində göstərilən hallarda;
45.2.3. yayındırıcı təsir göstərən
işıq-səs vasitələri - bu qanunun 45.1.1-45.1.4-cü
və 45.1.6-cı maddələrində göstərilən
hallarda;
45.2.4. maneədağıdan vasitələr - bu qanunun
45.1.4-cü maddəsində göstərilən hallarda;
45.2.5. suvuranlar və zirehli maşınlar - bu qanunun
45.1.2-ci və 45.1.4-cü maddələrində göstərilən
hallarda;
45.2.6. xidməti itlər - bu qanunun 45.1.1-45.1.6-cı
maddələrində göstərilən hallarda;
45.2.7. gözyaşardıcı qaz - bu qanunun
45.1.1-45.1.6-cı maddələrində göstərilən
hallarda.
Maddə 46. Odlu silahın tətbiqi
46.0. Həbs
yerlərində odlu silah müstəsna tədbir kimi zəruri
müdafiə və ya son zərurət vəziyyətində
real təhlükənin qarşısı alınarkən
aşağıdakı hallarda tətbiq edilə bilər:
46.0.1. həbs yerinin işçilərini, tutulmuş
və ya həbs edilmiş şəxsləri və ya digər
şəxsləri onların həyatına və
sağlamlığına təhlükə yaradan basqından
müdafiə etmək üçün;
46.0.2. həyatına və sağlamlığına
təhlükə yarandıqda və bu təhlükənin
başqa vasitələrlə aradan qaldırılması
mümkün olmadıqda, girov saxlanılan şəxsləri
azad etmək üçün;
46.0.3. həbs yerinin binalarına, qurğularına və
ya nəqliyyat vasitələrinə edilən silahlı
hücumları dəf etmək üçün;
46.0.4. silahlı müqavimət göstərən,
silahın təhvil verilməsi haqqında qanuni tələbi
yerinə yetirməkdən imtina edərək həbs yerinin
işçilərinin, tutulmuş və ya həbs edilmiş
şəxslərin və ya digər şəxslərin həyatına
və sağlamlığına təhlükə yaradan
silahlı şəxsin tutulub saxlanılması
üçün;
46.0.5. tutulmuş və ya həbs edilmiş şəxsin
həbs yerindən və ya müşayiət zamanı
qaçmasının qarşısının başqa vasitələrlə
alınması mümkün olmadıqda, bu
qaçışın qarşısının alınması
üçün;
46.0.6. həbs yerinin işçilərinin,
tutulmuş və ya həbs edilmiş şəxslərin və
ya digər şəxslərin həyat və
sağlamlığı üçün təhlükə
törədən heyvanların zərərsizləşdirilməsi
üçün;
46.0.7. tutulmuş, həbs edilmiş və ya digər
şəxslər tərəfindən odlu silahın ələ
keçirilməsinin qarşısını almaq
üçün;
46.0.8. odlu silah tətbiq etmək niyyəti haqqında
xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi
və ya kömək çağırılması
üçün.
Maddə 47. Həbs yerlərində xüsusi saxlanılma şəraitinin
tətbiq edilməsi
47.1. Həbs
yerinin işçilərinin, tutulmuş və ya həbs
edilmiş şəxslərin və digər şəxslərin
həyatı və sağlamlığı üçün təhlükə
yaradan kütləvi iğtişaşlar, habelə təbii fəlakət
və ya digər fövqəladə hadisə baş verdikdə,
müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən,
həbs yerində 30 günədək müddətə
xüsusi saxlanılma şəraiti tətbiq edilə bilər.
47.2. Həbs
yerində xüsusi saxlanılma şəraitinin tətbiq
edildiyi müddətdə, tutulmuş və ya həbs
edilmiş şəxslərin iştirakı ilə aparılan
tədbirlər məhdudlaşdırılır və ya
dayandırılır, tutulmuş və ya həbs edilmiş
şəxslərin mühafizəsi, onların üzərində
nəzarət, habelə buraxılış rejimi gücləndirilir,
bağlamaların, sovqatların və banderolların qəbul
edilməsi dayandırılır, həbs yerinin normal fəaliyyətinin
təmin edilməsi məqsədi ilə digər tədbirlər
həyata keçirilir.
47.3.
Tutulmuş və ya həbs edilmiş şəxslərin və
ya digər şəxslərin həyatı və
sağlamlığı üçün real təhlükə
yarandıqda həbs yerinin rəisi müstəqil olaraq bu
qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş tədbirləri
tətbiq edə bilər. Bu halda o, tabeliyində
olduğu müvafiq icra hakimiyyəti orqanına bu barədə
dərhal məlumat verir.
47.4. Həbs
yerində xüsusi saxlanılma şəraitinin tətbiq edilməsi
barədə prokurorluq orqanlarına yazılı məlumat
verilir.
47.5. Həbs
yerində xüsusi saxlanılma şəraiti onun tətbiq
edilməsi barədə qərarı qəbul etmiş
müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv
edilir.
FƏSİL
4
YEKUN MUDDƏALAR
Maddə 48. Tutulmuş və ya həbs
edilmiş şəxslərin həbsdən azad edilməsinin əsasları
və qaydası
48.1. Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
uyğun olaraq, tutulmuş və ya həbs edilmiş şəxsin
azad edilməsi barədə cinayət prosesini həyata
keçirən orqanın qəbul etdiyi qərar həbs yerinin
müdiriyyəti tərəfindən dərhal icra edilir.
48.2.
Aşağıdakı hallarda həbs yerinin rəisi cinayət
prosesini həyata keçirən orqanın qərarı olmadan
müvafiq protokol tərtib etməklə tutulmuş və ya həbs
edilmiş şəxsi dərhal azad edir:
48.2.1. həbs qətimkan tədbirinin məhkəmə
qərarında müəyyən edilmiş müddəti
başa çatdıqda və bu müddət
uzadılmadıqda;
48.2.2. tutma və ya həbsdə saxlamanın Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
nəzərdə tutulan son müddəti başa
çatdıqda;
48.2.3. cinayət prosesini həyata keçirən
orqandan şəxsin həbsdən azad edilməsi
üçün məhkəmənin təyin etdiyi girovun
verilməsi barədə məlumat daxil olduqda.
48.3. Həbs
edilmiş şəxsin həbsdə saxlanması müddətinin
başa çatmasına 7 gün qalmış həbs yerinin rəisi
bu barədə cinayət prosesini həyata keçirən
orqana məlumat verir.
48.4.
Tutulmuş və ya həbs edilmiş şəxsin azad edilməsinin
tarixi və vaxtı qeyd edilir.
48.5.
Tutulmuş və ya həbs edilmiş şəxs azad edildikdə
onun anbara təhvil verdiyi əşyalar və pul vəsaitləri
qaytarılır. Tutulmuş və ya həbs
edilmiş şəxs əmlakın ona
qaytarıldığını imzası ilə təsdiq edir.
48.6. Həbs
yerinin rəisinin və ya onu əvəz edən şəxsin
bu qanunun 48.1-ci və 48.2-ci maddələrində göstərilən
hallarda tutulmuş və ya həbs edilmiş şəxsi dərhal
azad etməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə
səbəb olur.
Maddə 49. Dövlət nəzarəti və ictimai nəzarət
49.1. Həbs
yerlərinə idarədaxili nəzarət qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanı, idarədənkənar nəzarət isə məhkəmə
və prokurorluq orqanları tərəfindən həyata
keçirilir.
49.2. Azərbaycan
Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən
vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq
etmədən həbs yerlərinə daxil olmaq, orada
saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı
verə biləcək istənilən digər şəxslə
təkbətək və ya zəruri saydığı halda
mütəxəssisin və ya tərcüməçinin
iştirakı ilə görüşmək və söhbət
etmək, onların həmin yerlərdə
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə
də həmin şəxslərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə
tanış olmaq və surətlərini almaq, akt tərtib etmək,
həyata keçirdikləri tədbirlərin gedişini və
nəticələrini protokollaşdırmaq, həbs yerlərinin
müdiriyyəti tərəfindən təxirə
salınmadan qəbul edilmək, Azərbaycan Respublikası
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) isə həmçinin həbs yerlərinə
müvafiq tövsiyələr vermək və həmin
tövsiyələrə müəyyən edilmiş müddətdə
cavablar almaq hüququ vardır.
49.3. Həbs
yerlərinin fəaliyyətinə ictimai nəzarət
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
Maddə 50. Bu qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun pozulmasına görə təqsirli şəxslər
qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci
il
Azərbaycan.- 2012.-
15 iyul.- S. 2-3; 4.