Bu yol Kiş kəndinə gedir

 

 ...Bir az aşağıda yarıbulanlıq Kiş çayı kələkötür daşlara çırpıla-çırpıla üzü Şəki  şəhərinə tərəf axıb gedir. Sellər-sular oynayanda bu çayın üzünü görmə - daşdan-kəsəkdən tutmuş qarşısına nə çıxsa "cənginə" almağa  çalışır. Yaxşı ki son vaxtlar bu yerlərdə  sahilbərkitmə, bəndvurma işlərinə diqqət artırılıb. Bu yöndə görülməli işlər də çoxdur.

Bu da Kiş kəndinə gedən yol. Qarşımıza iki körpü  çıxır. Biri təmir olunub, ikinci körpünün də təmirə ciddi ehtiyacı var. Hər iki körpünü keçib kəndə daxil oluruq. Uca Yaradan təbii gözəllik sarıdan bu kənddən heç nə əsirgəməyib - təmiz  havası, uca dağları, könülaçan, gözoxşayan yaşıllığı. Kişin qədirbilən insanları bu yerlərin dəyərini  daha da artırır. Yolboyu rastımıza çıxanlar səmimiyyətlə salamlaşır, çoxdanın yaxınları kimi hal-əhval tuturlar.

Kəndin mərkəzi qələbəlikdir. Alış-veriş üçün buradakı ticarət obyektlərinə gələnlər, dünyanın "gedişatı" ilə bağlı yeni bir şey eşitmək istəyənlər və ya sadəcə, havada dincəlmək üçün yığışanlar da var. Əksəriyyəti  yaşlılardır. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Kiş kəndi üzrə nümayəndəsi Mürvət Yusifov və kənd bələdiyyəsinin sədri Tərlan Nurməmmədovla da burada görüşürük. Qısa söhbətdən sonra kəndarası daş yolla üzüyuxarı qalxırıq. Ənənəvi olaraq kəndin yollarına xırda çay daşları döşənir. Bu, qışda nəqliyyatın təhlükəsiz hərəkəti üçün çox  əlverişlidir.  Elə yayda da bu  daş yolu qalxmağın öz rahatlığı və gözəlliyi  var.

Kəndarası yollara Kiş bələdiyyəsinin və sakinlərin özlərinin dəstəyi ilə daş döşənir. Kənd investisiya layihəsi çərçivəsində isə 3200 kvadratmetr sahəyə daş döşənməsi başa çatdırılıb. Kəndin lap yuxarısında bir qrup fəhlə ilə rastlaşırıq - səliqə ilə yolun qalan hissəsinə daş döşəyirlər. İş avandlığı  arzulayıb, hal-əhval tuturuq. Gün-güzəranlarından, kənddə görülən işlərə dövlət qayğısından razılıq edirlər. Bildirirlər ki, xırda-para çətinliklər də tezliklə aradan qaldırılar. Yoldan keçən bir ağsaqqal da  söhbətimizə qoşularaq əlavə edir ki, Kiş  çayına sel gələndə kəndin aşağı hissəsi  yuyulur,  düzdür, müəyyən tədbirlər görülüb, ancaq davam etmək lazımdır. İcra nümayəndəsi Mürvət Yusifov qeyd edir ki, həmin ərazidə 8 metr hündürlükdə, 1750 metr  uzunluqda bənd tikilib, 200 metrlik beton bəndin tikintisi də nəzərdə tutulub.

Kiş kəndinin 6783 nəfər əhalisi var. 1615 təsərrüfatı olan bu kənddə əsas məşğuliyyət əkinçilik, taxılçılıq, tərəvəzçilik və meyvəçilikdir.

Kənddə 2 ibtidai və 3 tam orta məktəb fəaliyyət göstərir. 910 şagirdin təlim-tərbiyəsi ilə 170-ə yaxın müəllim məşğul olur. Heydər Əliyev adına 640 yerlik 1 nömrəli tam orta məktəb 2005-ci ildə inşa edilib. Digər məktəblərin isə təmirə ehtiyacı var.

Kənddə təzə məscid olsa da,  bir vaxtlar məscid kimi  istifadə, edilən köhnə klub indi heç bir yöndə  istifadə olunmur - bu barədə  düşünülsə yaxşı olardı.

 2011-ci ildə Yaponiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə  uşaq bağçası  tikilib.  Bağçaya 2 qrup üzrə 35 uşaq qəbul  edilib. Bu isə ehtiyacı ödəmir.  M.Yusifovun verdiyi məlumata görə, hazırda Kişdə 500-ə yaxın məktəbəqədər uşaq var.

2006-cı ildən Kişə təbii qaz verilibbu, əhalinin 80 faizini əhatə edir. 4 kilometr uzunluğunda  şəhərdən kəndə gələn qaz  verilişi xətti yeni polietilen borularla əvəz olunub. Hazırda 180 evdə qaz xətti bərpa olunmalıdır. Müvafiq qurumlara müraciət edilib, hazırlıq prosesi gedir. İçməli su məsələsi normaldır -  qaynama bulaqlardan istifadə olunur. 3 minə yaxın elektrik dirəyi dəyişdirilməli, xətlər SİP kabellə əvəz edilməlidir.

Kişdə 67 nəfər sürətli internetə qoşulub. 4 və 1 nömrəli tam orta məktəblər fasiləsiz internetdən istifadə edirlər.

Tərlan Nurməmmədovun verdiyi məlumata görə, kənd bələdiyyəsində  kommunal xidmət şöbəsi də yaradılıb.  Evlərdən məişət  tullantılarının yığılması, daşınması və  zərərsizləşdirilməsi ilə məşğuldurlar. Əlbəttə, bu yerlərin gözəlliyini qorumaq ən əhəmiyyətli işlərdən biridir.

Kiş kəndinin ən başlıca özəlliklərindən biri isə qədim  məbədlər məkanı  olmasıdır. Düzdür, el arasında Qız qalası adlanan "Gələrsən, görərsən" qalası uçuq-sökük vəziyyətdə olsa da, məşhur Kiş Alban məbədinin qonaq-qarası əskik olmur. Tarixi mənbələrdə yazıldığı kimi, Azərbaycan-Alban memarlığının nadir abidəsi, Qafqazda  ən qədim apostol məbədi sayılan bu məbədin öyrənilməsi, bərpası və  muzeyləşdirilməsinə həsr olunmuş birgə Azərbaycan-Norveç layihəsinin icrası 2000-ci ildə görkəmli norveç alimi və səyyahı Tur Heyerdalın xeyir-duası ilə  başlanmış və 2003-cü ildə  tamamlanmışdır.

Kiş Tarixi Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova söhbət zamanı  bildirdi ki, turistlər məbədə, elə kəndin özünə çox maraq göstərirlər. "Eurovision-2012" ərəfəsində paytaxtımızın qonaqlarından bura gələnlər də çox idi. Onlar Bakının möhtəşəm gözəlliyi ilə buranın füsunkarlığı arasında qalmışdılar - həm təcili Bakıya dönmək istəyirdilər, həm də buralardan doymurdular. Əlbəttə, çox qürurvericidir ki, vətənimizin  hər guşəsi haqqında xoş sözlər eşidəsən.

Kişin həyətləri, küçələri, yol qıraqları, hətta Alban məbədinin həyəti çeşid-çeşid qızılgüllərlə doludur.  Bu qızılgüllərin ətri-rayihəsi, göz oxşamağı öz yerində, deyilənə görə, bu gözəl güllər insanda həyatsevərliyi, qurub-yaratmaq əzmini də artırır. Kiş sakinlərinin işgüzarlığının, istiqanlığının və qonaqpərvərliyinin bir səbəbi də bəlkə bu əsrarəngiz güllərlə bağlıdır. Hər halda, Şəkinin Kiş kəndi Azərbaycanın gözəllik ünvanlarından biridir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 10.