Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi Zərdabda qeyd olunmuşdur

 

İyulun 14-də Zərdabda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasimin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Həsən bəy Zərdabinin şəhərdəki abidələrini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar.

Milli mətbuatımızın banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, istedadlı publisist, pedaqoq və təbiətşünas alimin abidəsi önündə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Həsən bəy Zərdabinin xalqımızın tərəqqisi naminə gördüyü əvəzsiz işlərdən söhbət açmış, ölkədə kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısından danışmışdır.

Xüsusi vurğulanmışdır ki, bugünkü tədbir çox əlamətdar bir günə - xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümünə təsadüf edir.

Qeyd edilmişdir ki, ulu öndər 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda mətbuata dövlət qayğısının yeni mərhələsi başlanmışdır. Senzuranı ləğv edən ümummilli lider mətbuata tam yaradıcılıq sərbəstliyi vermiş, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olması istiqamətində çox dəyərli işlər görmüşdür. Bildirilmişdir ki, Prezident İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qanunlar həm mediamızın inkişafı prosesinə dəstəkdir, həm də ümumilikdə mətbuata dövlət qayğısının yeni nümunələridir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli Sərəncamı zərdablılar tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.

Tədbirdə Həsən bəy Zərdabi nəslinin nümayəndələri adından çıxış edən akademik Böyükkişi Ağayev milli mətbuatımızın banisininonun övladlarının ömür yolu barədə ətraflı məlumat vermişdir. O, Zərdabi irsinin öyrənilməsinə göstərilən diqqət və qayğıya, bu irsin yüksək tutulmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev-muzeyinə gələrək buradakı eksponatlarla tanış olmuşlar. Qonaqlara muzey haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.- 2012.- 15 iyul.- S. 6.