Beynəlxalq təşkilatlar
qəbul etdikləri qətnamələrin icrasına nail olmalıdırlar
Ötən illər ərzində ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələri sabitliyin davamlı xarakter almasına və iqtisadi sahədə ciddi nailiyyətlərə gətirib çıxarmışdır. İndi Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu var; Cənubi Qafqazın lider ölkəsi kimi tanınmaqdadır.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumu da bir daha Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, iqtisadi qüdrətindən xəbər verir. Müxtəlif dövlət və hökumət başçılarının, ictimai xadimlərin, parlament nümayəndələrinin, ziyalıların, biznes dairələrinin təmsilçilərinin qatıldığı bu mötəbər tədbir digər məsələlərlə yanaşı, həm də Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə bir daha nəzər salmağa kömək etdi, onun obyektiv cəhətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa yardımçı oldu. Nəzərə almaq lazımdır ki, 1986-cı ildə yaranan bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, UNESCO, İSESCO və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində sivilizasiyaların kəsişdiyi bir məkanda yerləşən, mədəniyyətlərarası dialoqa öz töhfələrini əsirgəməyən Azərbaycan da yaxından iştirak edir. Krans Montana Forumunun da bu il Bakıda keçirilməsi Azərbaycanın durmadan mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsindən xəbər verir.
Forumun təntənəli açılışında iştirak edən dövlət başçısı İlham Əliyev müstəqillik illərində respublikamızın qazandığı uğurlarla yanaşı, qarşılaşdığı çətinliklərdən də danışdı və regional əməkdaşlıq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, onun aradan qaldırılması yolları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi: "Müstəqilliyimizi bərpa etdikdən sonra əsas problemlərdən biri Ermənistan tərəfindən torpaqlarımızın işğalı olmuşdu. Bu, bizə çox böyük zərbə vurmuşdur. Bu, ümumiyyətlə, regionun təhlükəsizliyinə, əməkdaşlığına çox böyük zərbə vurmuşdur. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmıış ərazisidir və Ermənistan bu torpaqları işğal etmişdir. Ermənistan Azərbaycanın bu torpaqlarında etnik təmizləmə aparmışdır. Ümumilikdə 20 faiz torpağımız indi erməni işğalı altındadır. BMT-nin qətnamələri, Helsinki Xartiyası vardır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməmişlər. Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr qəbul etmişlər. Lakin bunlara əməl olunmamışdır. Bundan başqa, bu qətnamələrin uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların bu sahədə işlərinin dəyərini sual altda qoyur."
Daha sonra ölkə başçısı bu münaqişənin tarixi, müxtəlif inkişaf mərhələləri və həlli prosesində ortaya çıxan çətinliklər barədə tədbir içtirakçılarını məlumatlandırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli indi regionun ən mühüm və prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan neçə ildir bu problemin psixoloji və siyasi təsiri altında yaşayır, bir milyondan çox insan qaçqın düşüb, məcburi köçkünə çevrilib.
Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gerçək nəticələri daha ağırdır. Bu münaqişə Azərbaycan xalqı üçün Xocalı faciəsi deməkdir. Bu münaqişə hamının yaddaşında Şuşanın işğalı kimi ağrılı bir məğlubiyyətin acınacaqlı simptomlarını daşıyır. Bu münaqişənin mahiyyəti torpaqların itirilməsi faktından daha böyük bir anlayışı özündə ehtiva edir. Bütün bunlara baxmayaraq, Azərbaycanda Dağlıq Qarabağın hökmən azad olunacağına inanmayan yoxdur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonra bu istiqamətdə apardığı siyasət məhz dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının tələb etdiyi ədalət müstəvisində birləşdirməyə yönəlmişdir. Ötən dövrdə Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, dünyanın qüdrətli dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması, ayrı-ayrı beynəlxalq təşkilatlarla aparılan uğurlu diplomatik iş nəticəsində bu gün Ermənistanın təcavüzkar olması faktı bu və ya digər formada etiraf edilməkdədir. Amma təəssüf ki, "ikili standartlar" amili hələ də mövcuddur. Bu mənada İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin Prezident İlham Əliyevə müraciəti maraq doğurur: "Qeyd olunduğu kimi, Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Nəyə görə biz hamımız öz səsimizi qaldırmayaq? Nəyə görə tələb etməyək ki, həmin qətnamələr icra olunsun, işğal olunan torpaqlar azad edilsin? Bu, axı beynəlxalq ikiüzlülükdür! Yəni ən yüksək beynəlxalq dairələrdə qətnamə qəbul etmək, sonra da onları icra etməmək. Ona görə də mən istərdim ki, bu forum öz işinin sonunda bir bəyannamə qəbul etsin. Bu bəyannamədə Azərbaycanın hüquqlarını dəstəkləsin."
Ölkə başçısı cənab İlham Əliyev bir daha bu problemin təkcə Azərbaycan deyil, bütün region üçün təhlükə mənbəyi olduğunu, Cənubi Qafqaz ölkələri üçün bir təhdid, maneə yaratdığını, gələcəkdə birlikdə inkişafın qarşısını aldığını bəyan etdi: "Əlbəttə ki, buna baxmayaraq, Azərbaycanda son illər ərzində böyük nailiyyətlər qazanılmışdır. Biz bununla çox böyük qürur hissi keçirirk. Bu qətnamələrin icrası, mənə elə gəlir ki, Ermənistanın marağında olmalıdır. Mən əminəm ki, Ermənistan bu işğaldan heç nə qazanmır. Birincisi, bu, tarixi nöqteyi-nəzərdən ədalətsizlikdir. Biz tarixdən bilirik ki, ermənilər qonşu ərazilərdən Dağlıq Qarabağa XIX əsrin əvvəlində köçürülmüşlər. "Qarabağ" sözü Azərbaycan mənşəli sözdür. Dağlıq Qarabağ inzibati ərazi vahidi inqilabdan sonra sovet dövründə Azərbaycanın tərkibində yaradılmışdır. Onun Ermənistanla heç bir inzibati sərhədləri yox idi. Bu məkan Azərbaycanın daxilində, mərkəzində yerləşir".
Azərbaycanın sülhsevər siyasəti ilə Ermənistanın qeyri-konstruktiv mövqeyi illərdir davam edir. Bu siyasət gələcəkdə də davam edəcəkdir. Aktual olan müharibə variantının reallaşacağı təqdirdə belə bu, Azərbaycana çox lazımdır. Çünki hərbi əməliyyatlara başlamazdan əvvəl atılacaq istənilən addımın ədalətli olduğuna dünyanı inandırmaq lazımdır. Nə qədər ağır, nə qədər çətin olsa da, bu, tarixi reallıqdır və onun diktə etdiyi şərtlərdən kənara çıxmaq mümkün deyil.
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 15 iyul.- S. 6.