Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Nazirliyin İctimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, tədbirdə MTN-in rəhbər heyəti, təhlükəsizlik orqanlarının veteranları və məzunların valideynləri iştirak etmişlər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış, abidəsi önünə gül dəstəsi qoyulmuşdur.
Sonra akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmişdir.
Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik etmişdir. Bildirilmişdir ki, təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri məzunların vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaqdır.
Ulu öndərin adı və fəaliyyəti ilə bağlı hər bir amilin əziz olduğu, nümunə və örnək xarakteri daşıdığı, 14 iyulun bütün Azərbaycan xalqı və dövlətçilik tarixi üçün əlamətdar gün olduğu qeyd edilmişdir. Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin ilk dəfə 1969-cu il iyulun 14-də respublikaya rəhbərlik etməyə və böyük siyasət aləmində fəaliyyətə başlaması ilə Azərbaycan özünün yeni tarixi epoxasına qədəm qoymuş, daha geniş miqyasda gələcək müstəqil dövlətçiliyin əsaslarının formalaşmasına start verilmişdir.
Qeyd olunmuşdur ki, milli təhlükəsizlik orqanlarında hərbi xidmətə başlayacaq gənc zabitlər üçün buraxılış günü xüsusilə unudulmazdır. Gənc zabitlər ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağını bitirməkdən qürur duymalıdırlar. Bu xüsusi təyinatlı ali təhsil müəssisəsində qazanılan nəzəri və praktiki biliklər gənc zabitlər üçün gələcək fəaliyyətdə yaxşı təməl olacaqdır. Akademiya gənc zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəlir, təlim-tədrisin, xidmət və istirahət şəraitinin təşkili baxımından müasir tələblərə tam cavab verir.
Vurğulanmışdır ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təhlükəsizlik orqanları əməkdaşlarının ən ümdə borcudur. Bu sahədə bütün mövcud imkanların səfərbər edilməsi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bir nömrəli vəzifədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu ilin iyun ayında hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə dediyi kimi: "Həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir".
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirən nazir, gənc zabitlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Heydər Əliyev adına Akademiyanın rəisinin 1-ci müavini general-mayor Şahin Sultanov çıxış edərək Prezident İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan yüksək diqqət və qayğısından, akademiyanın əldə etdiyi nailiyyətlərdən və inkişafından danışmışdır.
Akademiyanın məzunu leytenant Vüsal Məmmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildirmişdir. Gənc zabit akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, MTN-in və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq etmiş, bütün məzunlar adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildirmişdir.
Sonra nazir akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim etmişdir.
Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçmişlər.
Tədbir akademiyadakı "Şöhrət" Muzeyində davam etdirilmiş, bu ali təhsil ocağını fərqlənmə ilə bitirən zabitlərə qiymətli hədiyyələr verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 15 iyul.- S. 7.