Ömrün 45
ili
Hər gün neçə-neçə qəzet redaktoru "Azərbaycan" nəşriyyatının birinci mərtəbəsində yerləşən "Qəzet-ofset sexinin rəisi" sözləri yazılmış kabinetə girib salam verdikdən sonra "necəsiniz, Elman müəllim?" - deyib öz redaksiyaları üçün ayrılmış və səliqə ilə uzun masanın üstünə düzülmüş qəzet bağlamasını götürüb xudahafizləşirlər. Rəis hamını gülərüzlə qarşılayıb yola saldıqdan sonra növbəti gecə çap olunacaq qəzetlərin siyahısına nəzər salır və işçilərinə - qəzetlərin çapına nəzarət edənlərə, çapçılara öz tapşırıqlarını, tövsiyələrini verir.
Bu cümlələri oxuyan mətbuat, mətbəə işçiləri söhbətin ömrünün 45 ildən çoxunu "Azərbaycan" nəşriyyatında qəzet çapına həsr etmiş, poliqrafiya üzrə respublikanın ilk əməkdar mühəndisi Elman Kərimovdan getdiyini o dəqiqə duyacaqlar.
Elman
müəllim sənətinin vurğunu, bilicisidir. Onun adı,
necə deyərlər, birincilər sırasında ilk çəkilənlərdəndir.
Bu insan nəşriyyatın ən böyük istehsalat sahələrindən
birinə rəhbər vəzifəsinə birdən-birə gəlib
çıxmamışdır. O, pillə-pillə yüksəlmişdir.
Kağız hazırlayıcısı kimi işə qəbul
olunan Elman Kərimov sonralar çapçı köməkçisi,
çapçı işləmişdir. 20 ildən çoxdur
ki, rəis işləyir. Təvazökarlığı, sadəliyi
ilə fərqlənən bu insanı iş prosesində, qəzetlərin
çapında həmişə fəhlələr arasında,
aqreqatların ətrafında görmək
mümkündür. Hər bir işçi ilə nümunəvi
davranışı diqqət çəkir.
Elman Kərimov
öz bilik və bacarığı, təşkilatçılıq
qabiliyyəti ilə həm kollektivin, həm də yuxarı əlaqədar
təşkilatların rəhbərlərinin rəğbətini,
hörmətini qazanmışdır.
Sovetlər
dönəmində mərkəzi qəzetlər ittifaqın
bütün müttəfiq respublikalarında çap olunurdu.
"Pravda" qəzetinin və bir neçə başqa qəzetlərin
Azərbaycanda çapı məhz Elman Kərimova həvalə
edilmişdir. Qəzetlərin keyfiyyətli çapı
uğrunda yarışlar təşkil edilirdi. "Azərbaycan"
nəşriyyatında Elman müəllimin çap etdiyi qəzetlər
keyfiyyətinə görə bütün respublikalar
arasında birinci yeri tuturdu. E.Kərimovun məsuliyyətli və
keyfiyyətli işinin nəticəsində Keçici
Qırmızı Bayraq beş il dalbadal respublikamızda
saxlanılmışdır. Mətbuatla, poliqrafiya məsələləri
ilə bağlı respublikamızın paytaxtında
keçirilən tədbirlərdə, "Mətbuat
günü"nə həsr olunmuş toplantılarda ilk
söz, ilk çıxış məhz öz sənətini
dərindən bilən, təcrübəli poliqrafçı
Elman Kərimova verilirdi. Sonra başqa adlı-sanlı adamlar, mətbuat
işçiləri, ictimaiyyət nümayəndələri
çıxışlar edərdilər. Bu hörməti o
öz qabiliyyəti, mədəniyyəti ilə
qazanmışdır.
Bəli,
Elman Kərimov hörmətə layiq mütəxəssisdir.
O, bilik və bacarığını əsirgəməyən
adamdır. Sənətinin incəliklərinə yiyələnmiş
bu xeyirxah insan neçə-neçə gəncə sənət
bəxş etmiş, onların kamil mütəxəssis kimi
yetişmələrində böyük rol
oynamışdır. Hazırda onun yetirmələri
respublikamızın müxtəlif nəşriyyat və mətbəələrində
çalışırlar. Davamçılarından onunla çiyin-çiyinə
işləyənlər də az deyildir. Söz düşəndə
onun yetirmələri öz hamiləri haqqında
ağızdolusu danışırlar.
Hazırda
özü də mahir çapçı kimi ad-san
qazanmış Akif Rüstəmov deyir:
- "Azərbaycan"
nəşriyyatına işə gələndə ilk
qayğını Elman müəllimdən görmüşəm.
Onun gənclərə münasibəti həmişə
müsbət olub. Çap işinin incəliklərini,
çap maşınlarının sirlərini bizə dəqiqliyi
ilə öyrətmişdir. İndi bizim hər birimiz müstəqil
işçilərik, biliyimizi, təcrübəmizi
başqalarına öyrədirik. Bunun üçün Elman
müəllimə daim minnətdarıq.
E.Kərimovun
bütün şagirdləri, bütün yetirmələri bu
fikirdədirlər və öz hamilərinə həmişə
mehriban münasibət bəsləyirlər. Onun təcrübəsindən,
bilik və qayğısından bəhrələnirlər,
hazırda harada işləmələrindən asılı
olmayaraq, imkan daxilində Elman müəllimə baş çəkir,
məsləhətlərini, tövsiyələrini dinləyirlər.
Peşəkar poliqrafçı bundan qürur duyur, biliyini həmkarlarından
əsirgəmir.
Elman Kərimov
həmişə öz üzərində işləməyi,
çalışdığı sahəyə yenilik gətirməyi
sevən insandır. O, demək olar ki, keçmiş
SSRİ-nin bütün respublikalarının aparıcı nəşriyyatlarında
dəfələrlə olmuş, həmkarlarının zəngin
təcrübələrindən bəhrələnmiş və
onu özünün doğma iş yerində - "Azərbaycan"
nəşriyyatında tətbiq etmişdir. Elman müəllim
qənaətlə işləməyi, doğma müəssisəsinə
mənfəət gətirməyi bacaran mütəxəssisdir.
O, qəzet çapında kağıza, digər çap
materiallarına kifayət qədər qənaət etdiyinə
görə dəfələrlə pul mükafatı
almış, müxtəlif diplomlarla, "Fəxri fərman"larla
təltif olunmuşdur.
Elman Kərimovun
bir yüksək keyfiyyətini müqayisəli şəkildə
diqqətə çatdırmaq istəyirəm. Hələ tələbəlik
illərindən görkəmli jurnalist və pedaqoq Nəsir
İmanquliyevin seçimi ilə özünün
yaratdığı "Bakı" axşam qəzetinin ilk
nömrəsindən işə götürülən və
müəlliminin ideyalarını, ənənələrini
layiqincə davam etdirərək redaktor vəzifəsinədək
yüksələn, sonralar isə AzərTAc-ın baş
direktoru işləyən "Şöhrət" ordenli,
Prezident təqaüdçüsü Şamil Şahməmmədov
kimi Elman Kərimovun da gözündən adi səhv belə
yayına bilməz. 20 illik birgə təcrübəmizə əsaslanaraq
demək istəyirəm ki, elə bil Şamil müəllimin
gözlərində maqnit var idi. Gözlərini mətnin
üzərində gəzdirən kimi qələmi istər
orfoqrafik, istərsə də ifadə səhvi olsun, onun
üstündə dayanardı. Elman Kərimovda da bu qabiliyyət
güclüdür. Çap maşınının
barabanından (silindirşəkilli hissə) yenicə elevatora
düzənlənən ilk qəzetin səhifələrini
gözdən keçirəndə hansı şəklin
cüzi belə keyfiyyətsiz, hansı mətnin azca solğun
çap olunduğunu seçir və qüsurların aradan
qaldırılmasına göstərişlər verir,
özü həmçinin bu işlə məşğul
olmağa başlayır. Beləliklə, nəticədə
keyfiyyətli məhsul alınır.
Yeri gəlmişkən
bir faktı nəzərə çatdırmaq istəyirəm.
"Bakı" qəzetinin 80-90 min nüsxə ilə
gündəlik çap olunan vaxtı idi. Qəzetin çap
növbətçisi idim. Onun müəyyən faizi çap
olunmuşdu. İş guya öz axarı ilə gedirdi. Elə
bu vaxt Elman müəllim çap maşınının
yanına yaxınlaşıb elevatorla büküm sahəsinə
ötürülən qəzetin bir nüsxəsini
götürüb səhifələrinə baxdı və tez
çapçıya maşını saxlamağı göstəriş
verdi. Sən demə, rəsmi dövlət tədbirindən
olan şəkil qüsurlu imiş. Üstəlik rəsmi
materialın sərlövhəsinin, mətninin bir hissəsinin
solğun çap olunduğunu sezmişdi. Qəzetin
çapı bir az ləngisə də, Elman müəllim bu
qüsurları tam düzəltdirmədən onun
buraxılışına icazə vermədi. O bu cür və
daha ciddi nöqsanları, ayrı-ayrı qəzetlərdə
demək olar ki, hər gün aradan qaldırır, yuxarı təşkilatlarda,
redaksiyalarda söz-söhbət yaranmasının
qarşısını alırdı. Bu, indi də belədir.
Təbiətən
sakit, zahirən səliqəli, daxilən narahat olan, sənətinin
zirvəsinə yüksələn Elman Kərimov bu pilləyə
qalxmasında öz hamisi və yolgöstərəni Ələsgər
Zeynalova təşəkkürünü bildirir. Bu isə onun
mədəniyyətinə, özündən böyüklərə,
qayğısını hiss etdiyi insanlara sədaqətliliyinə
dəlalət edir.
E.Kərimov
bütün qəzet redaksiyaları ilə daim ünsiyyət
yaradır. Mətbəəyə göndərilən qəzet
plyonkalarının, şəkillərin, əsasən də rəsmi
tədbirlərdən olan şəkillərin keyfiyyətinə
diqqətin artırılmasını tövsiyə edir.
Biz Elman Kərimovun
iş prinsipinin bəzi məqamlarına nəzər yetirdik.
Belə məqamlar isə lap çoxdur. Onun fəaliyyəti,
keçdiyi şərəfli həyat yolu,
yaradıcılığı barədə qalın kitablar
yazmaq olar.
Respublikanın
əməkdar mühəndisi, böyük jurnalistlər və
poliqrafçılar ordusunun yaxın dostu, sadə və
mehriban insan Elman Kərimov ömrünün 70-ci
baharını başa vurur. Ona həyatında möhkəm
cansağlığı, yaradıcılığında
uğurlar arzulayırıq.
Ənvər MƏŞƏDİYEV
Azərbaycan.- 2012.- 1 iyul.- S. 11.