Azərbaycan
Respublikası Tarif Şurasının
növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
Tarif Şurasından AzərTAc-a bildirmişlər ki, iclasda küçə reklamı yayımı tariflərinə baxılmış, Şuranın bəzi qərarlarına redaktə xarakterli dəyişikliklər edilmişdir. Tarif (qiymət) Şurasının yeni qəbul edilmiş qərarı ilə küçə reklamı sahəsində tariflərin tətbiqinin sadələşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə reklam yayımı kateqoriyalarının sayı 17-dən 5-ə, zonalar üzrə tariflərin sayı 51-dən 15-ə endirilmiş və bir sıra əmsalların tətbiqi isə ləğv edilmişdir.
Şuranın qərarına əsasən, Bakı şəhərində küçə reklamının (səyyar və ya stasionar) yayımı məqsədi ilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər bir kvadratmetr üçün zonalar üzrə müxtəlif olmaqla yerüstü keçidlərdə, körpü və estakadalarda 16-24 manat, küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında 12-20 manat, damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində 8-16 manat, yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində 6-8 manat, hasarlarda, vitrin və pəncərələrdə isə 4-6 manat arasında müəyyənləşdirilmişdir. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər Bakı şəhəri üçün müəyyən edilmiş tariflərə 0,7, digər regionlar üzrə 0,5 əmsalı tətbiq edilməklə, sosial reklam tarifləri isə müvafiq küçə reklamı tariflərinə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilir.
Yeni tariflər avqustun 1-dən qüvvəyə minəcəkdir.
İclasda, həmçinin
Bakı Metropoliteninin metroda
sərnişindaşıma xidməti üzrə 2011-ci il noyabrın 24-də aparılmış son tarif dəyişikliyinin
qurumun maliyyə-təsərrüfat fəaliyyətinə
təsiri barədə hesabatı dinlənilmişdir.
Azərbaycan.- 2012.- 15 iyul.- S. 7.