Səhnəmizin
iftixarı
Gəncə Dövlət Dram
Teatrında respublikanın xalq artisti, Prezident təqaüdçüsü
Ələddin Abbasovun 90 illik yubileyi qeyd edilib
Ələddin Abbasov 1922-ci il may ayının 5-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. İkinci Dünya müharibəsində ağır yaralanıb. Sənətə erkən yaşlarından gəlib. Gəncə Dövlət Dram Teatrının səhnəsində epizodik rollarda, kütləvi səhnələrdə çıxış edib. İlk böyük rolu 1947-ci ildə Zeynal Xəlilin "Qatır Məmməd" tamaşasındakı Qatır Məmməd obrazı olub. İllər keçdikcə onun istər səhnədə, istərsə də kino sahəsində sənət qalereyası yeni-yeni obrazlarla zənginləşib. "Dəli Kür" əsərində Ə.Abbasovun ifasında Cahandar ağa mərd-mətin Azərbaycan kişisi kimi dillər əzbəri oldu. 1956-cı ildə əməkdar artist, 1981-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Mahnı dağlarda qaldı" tamaşasında Böyük bəy obrazına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Ələddin Abbasov Prezident təqaüdçüsüdür.
Səhnəmizin iftixarı Ə.Abbasovun 90 illik yubiley təntənəsində xalq artisti Pərvanə Qurbanova müxtəlif foto və kino sənədlərinin müşayiətilə Cahandar ağanın həyat və sənət yolu haqqında ətraflı məlumat verdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, əməkdar elm xadimi Mirdaməd Sadıqov, Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev, Bələdiyyə Teatrının direktoru və bədii rəhbəri, xalq artisti Amalya Pənahova, tanınmış aktyor və rejissor, xalq artisti Şeyx Əbdül, Gəncə teatrının yetirməsi, əməkdar artist Telman Əliyev və başqaları qocaman yubilyarı təbrik edərək onun sənət yolundan danışdılar, maraqlı xatirələr söylədilər.
Gəncə Şəhər İcra Hakimiyyəti adından yubilyara üçotaqlı mənzil bağışlandı. Sonda xalq artisti Ələddin Abbasov çıxış edərək əməyinə verilən yüksək qiymətə görə dərin təşəkkürünü bildirdi.
Biz də böyük sənətkardan eksklüziv müsahibə götürdük.
- Ustad,
özünüzü necə hiss edirsiz? Əhvalınız
necədir?
-
Çox əla! Köhnə dostlarla, pərəstişkarlarla
görüşdüm. Şükürlər olsun, heç nədən
şikayətim yoxdur. Bir az ayaqlarımda narahatlıq var,
çətin yeriyirəm. Amma nə olsun? Ağasadıq Gəraybəyli
son dəfə səhnəyə çıxanda yaşı
90-ı keçmişdi, gözləri də
görmürdü. Səhnə doğma yerdir. Orada hərəkət
etmək üçün heç göz də lazım deyil.
Özümü gümrah hiss edirəm. Səs yerində,
yaddaş yerində... "Özgə vaxt" filmində
atanı oynamışam, ona heç yerimək lazım
olmayıb, əlil arabasına sığınmış bir
obraz idi... Səhnəyə də çıxa bilərəm,
kinoya da...
-
Böyük sənətə nə vaxt
başlamısınız?
- Hələ
orta məktəbdə oxuyanda Məmmədrza Şeyxzamanovun dərnəyinə
gedirdim. Düzünü desəm, dərslərimə o qədər
də ciddi yanaşmırdım. Ata-anam məni danlayır, hərbi
hospitalda həkim işləyən, Kənd Təsərrüfatı
İnstitutunda dərs deyən qardaşlarımı və digər
yaxınlarımı misal göstərib oxumağımı məsləhət
görürdülər. Məktəbi bitirəndə sənədlərimi
Kənd Təsərrüfatı İnstitutuna vermək istədim.
Getdim, götürmədilər. Sevincək qayıtdım və
bir də oralara üz tutmadım. Müntəzəm surətdə
dram dərnəyinə gedir, kütləvi səhnələrə
çıxır, xırda rollar oynayırdım. Sonra
müharibə başladı. Yaralanıb gələndə
biryolluq teatra qayıtdım.
- Sənət
müəlliminiz kim olub?
- Əslində
hər aktyordan nəyi isə öyrənirdik. Amma mən sənətə
Məmmədrza Şeyxzamanovun dərnəyindən gəlmişəm
və o, mənim ilk müəllimim olub. Ələsgər Ələkbərova
isə həmişə pərəstiş etmişəm, həm
sənətinə, həm də insanlığına,
kişiliyinə görə. Qadın tərəf-müqabillərindən
Rəmziyyə xanım Veysəlovanı və Sədayə
xanım Mustafayevanı həmişə hörmətlə,
ehtiramla xatırlayıram.
-
Dostlarınız sizi Cəfər Cabbarlı sənətinin
vurğunu kimi tanıyırlar.
- Tamamilə
doğrudur. Cəfər Cabbarlının bütün əsərləri
Gəncə teatrında səhnəyə qoyulub.
Hamısında da baş rolları mən ifa etmişəm.
Yeri gəlmişkən onu da deyim ki, övladlarıma bu qəhrəmanların
adlarını qoymuşam. Oğlumun birinin adı Aydın, o
birininki Oqtaydır. Nəvəmin adı Gültəkin, digər
nəvəmin adı Ziyad ("Atayevlər ailəsi"ndə
oynamışdım), Aydının oğlunun adı isə
Cahandardır. Cahandar adı mənim üçün çox
əzizdən əzizdir. O, məni şöhrətin ən
ali zirvəsinə qaldırdı.
- Necə
olub ki, siz o əsərə çəkilmisiniz?
- Bunun
maraqlı tarixçəsi var. Günlərin birində
Bakıdan mənə teleqram vurdular ki, təcili kinostudiyaya gəl.
Getdim. Sən demə, "Dəli Kür"ün çəkilişinə
başlayırlarmış, Cahandar ağa rolunda ilişib
qalıblar. Beş-altı aktyoru sınaq çəkilişinə
dəvət ediblər, heç biri alınmayıb,
kinostudiyanın direktoru Adil İsgəndərov filmin rejissoru
Hüseyn Seyidzadəyə deyib ki, Gəncə teatrında Ələddin
adlı bir aktyor var, onu da çağırıb yoxlayın.
Rejissor məni görüb şübhə ilə çiynini
çəkdi. Adil müəllim "Qada, siz bir
yoxlayın", - dedi. Geyindirdilər, qrim elədilər və
Cahandar ağanın oğlu ilə qarşılaşması səhnəsini
çəkdilər. Güllə ilə oğlunun xəncərini
vurduğu yeri. Bir neçə dəqiqəlik səhnə
idi.
- Bəs
sonra?..
-
Rejissorun otağında oturub çəkilişin nəticəsini
gözləyirdik. Birdən İsmayıl Şıxlı
içəri girdi. "Ay Hüseyn, - dedi, - Cahandarın axırı
nə oldu? Rejissor fərəhlə tapmışıq, - deyib
məni göstərdi. İsmayıl müəllimin
ağlı bir şey kəsmədi, inamsız xəbər
aldı: "Budur, Cahandar ağa?" "İsmayıl
müəllim, tələsmə, gəlin çəkdiyimiz
epizoda baxaq, sonra danışarıq". Epizoda baxdıq.
Çox uğurlu alınmışdı. İsmayıl müəllim
sevinclə əlimi sıxdı:
"Əyə, ay Hüseyn, bu ki, əsl Cahandar ağa
imiş. A qadan alem, sən nətəri babama
oxşuyursan".
Elə o
gündən çəkilişlər başlandı.
Deyirlər,
Cahandar ağa obrazının səsləndirilməsi
zamanı da bir maraqlı məqam olub.
- Film
çəkilib qurtarandan sonra Gəncəyə döndüm.
Bir müddətdən sonra dublyaj üçün Bakıya
çağırdılar. Teatrda işlərin
qızğın vaxtı idi. Hər axşam tamaşa göstərirdik.
Baş rolları da mən oynayırdım. Getsəydim,
tamaşalar dayanmalı olacaqdı. Odur ki, Həsənağa
Salahovla danışdıq, rolu o səsləndirdi. Səsimizin
ahəngi, tembri də çox oxşayır. Dublyaj uğurlu
alınıb. Çox adam hələ də elə bilir ki, mənim
səsimdir.
- Ələddin
müəllim, ömür yolunuz bir növ ulu Nizaminin taleyinə
bənzəyir. O da Gəncəni heç vaxt tərk etməyib.
- Mən
Gəncədən kənarda yaşaya bilmirəm. Neçə
yol Bakıya dəvət ediblər. Elə rəhmətlik Adil
İsgəndərovun özü dəfələrlə
çağırıb dedi ki, sən mütləq Bakıya gəlməlisən.
Demişəm, çəkilişə gələrəm,
yaşamağa yox. Doğma ocağın
rahatlığını heç yerdə tapmaq olmaz.
Əhməd İSAYEV
Azərbaycan.- 2012.- 15 iyul.- S. 8.