Bölgədə start, paytaxtda final
Milli teatr festivalı
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı əsasında unudulmaz dramaturqa həsr olunmuş milli teatr festivalı başa çatdı. İyun ayının əvvəlində "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" adlı milli teatr festivalına Mingəçevirdə start verildi. İki mərhələdən ibarət olan festivalın açılış mərasimi Mingəçevir Dövlət Dram Teatrında keçirildi. Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən dövlət sifarişi əsasında festivalda 21 teatr 24 tamaşa ilə təmsil olunurdu. Açılış günü Şəki Dövlət Dram Teatrı "Hacı Qara" tamaşasını təqdim etdi. Birinci mərhələdə Qax, Gəncə, Füzuli, Ağdam, Lənkəran, Qazax və Mingəçevir teatrları Mirzə Fətəli Axundzadənin komediyaları əsasında hazırladıqları tamaşaları böyük həvəslə təqdim etdilər.
Bu, həm də mahiyyət və formatına görə Azərbaycan teatr məkanında keçirilən ilk festival idi ki, yalnız bir müəllifə - dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadəyə həsr olundu. Belə tematik festivalların hazırlanması elə də asan deyil. Eyni əsərləri müxtəlif teatrların təqdim etməsi yaradıcı heyətdən, əsasən rejissordan xüsusi istedad və quruluş vermək qabiliyyəti tələb edir. Fərəhlidir ki, festivalda eyni əsəri təqdim edən teatrlar məhz səriştəli rejissorların yozumu sayəsində fərqli yarada bildilər. Həm Mingəçevirdə, həm də Bakıda baş tutan bu sənət bayramı, əslində böyük bir mədəniyyət aksiyası idi. Bu, Mədəniyət və Turizm Nazirliyinin "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na uyğun hazırladığı ən dəyərli tədbir kimi səciyyələndirildi.
Bölgədə başlanan sənət bayramı paytaxtda da davam etdi. İlk olaraq Akademik Milli Dram Teatrının səhnəsində festivalın ikinci mərhələsinə başlanıldı. Paytaxt teatrsevərləri "Hekayəti-Molla İbrahim Xəlil" komediyası əsasında hazırlanan tamaşanı maraqlı izlədilər. Sonrakı günlərdə Bakı teatrları festivalın yaratdığı xoş təntənənin ahəngində yaşadılar. Milli Dram, Gənc Tamaşaçılar, Kukla, İrəvan teatrlarında Mirzə Fətəli Axundzadənin komediyaları əsasında hazırlanan tamaşalar sənətsevərlərin zövqünü oxşadı.
Dövlət Gənc Tamaşaçılar Teatrında isə iyunun sonunda "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" milli teatr festivalının təntənəli bağlanış mərasimi oldu. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 138-ci teatr mövsümünün yaddaqalan bir məqamla başa çatdığını bildirdi. Nazir ölkə başçısının sərəncamı ilə əlaqədar 200 illik yubileyi qeyd edilən unudulmaz dramaturqun şərəfinə düzənlənən "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" milli teatr festivalının uğurla başa çatdığını tamaşaçılara bildirdi.
Festival çərçivəsində teatrların ən çox təqdim etdiyi tamaşa Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri xani-Lənkəran" komediyası oldu. Milli teatr tariximizin yarandığı gündən bu ölməz əsər, kim bilir, neçənci dəfə öz səhnə həyatını yaşadı. Böyük dramaturqun komediyalarının səhnəyə ayaq açdığı gündən həmişə yeni təravətdə, quruluşda, təsir gücündə təqdim edilməsi bir daha təsdiqləyir ki, Mirzə Fətəli Axundzadənin əsərləri zamanın fövqündə dayanır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin maraqlı və yaddaqalan alınmasında əməyi olan bütün yaradıcı insanlara razılığını bildirdi: "Ölkənin əksər teatr kollektivləri bu festivalda iştirak etdilər. Bununla da Axundzadə yaradıcılığına yenidən nəzər salındı. Dramaturqun irsi müasir dövrün nəzər-nöqtəsindən təhlil edildi. Komediyaların bugünün gözü ilə yeni yozumda, yeni düşüncə tərzində tamaşaçılara təqdim edilməsi festivala uğur gətirdi. İl ərzində yeni rejissorların, gənc kadrların teatra cəlb edilməsi üzrə xeyli ürəkaçan işlər görüldü. Bir sıra mütəxəssislərin xaricdə təhsil almalarına imkan yaradıldı. Nəticədə teatr aləminə yeni bir nəfəs gəldi. 138-ci mövsümü böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş milli teatr festivalı ilə sona yetirdik. Yaradıcı heyətlər də, tamaşaçılar da bu festivaldan məmnun qaldılar. Bu təəssüratlar bizdə o inamı yaradır ki, Azərbaycan teatrı yaşayır və inkişaf edir. Onun gələcəkdə də var olacağına həmişə əminik".
İstər teatr
mövsümünə, istərsə də milli
teatr festivalına Şuşa
Dövlət Musiqili Dram
Teatrının tamaşası ilə yekun
vuruldu. Çıxış edənlər
vurğuladılar ki, növbəti teatr mövsümləri işğal
altında olan torpaqlarımız azad edildikdən sonra məhz
Qarabağda - Şuşada, Füzulidə, Ağdamda
keçirilsin...
F.XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 1 iyul.- S. 11.