“Mülki dövriyyədə
olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların
siyahısı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun
tarixli 409-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 409-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. üç
ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Mülki dövriyyədə olmasına
yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların
siyahısı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. üç
ay müddətində Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə
beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 17 iyul.- S. 3.