Azərbaycan ilə
Gürcüstan arasında əlaqələr
müxtəlif sahələrdə uğurla
inkişaf edir
İyulun 16-da Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri Vano Merabişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilmiş, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilmişdir.
Gürcüstanın Azərbaycan üçün dost ölkə olduğunu xatırladan Baş nazirin birinci müavini Y.Eyyubov ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini vurğulamışdır. Azərbaycan ilə Gürcüstanın bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birlərini dəstəklədiyini qeyd edən Y.Eyyubov bu cür səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına zəmin yaratdığını və bunun mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edən Gürcüstanın Baş naziri V.Merabişvili hazırda ölkələrimiz arasında ticarət, nəqliyyat, energetika, mədəniyyət və digər sahələrdə geniş əlaqələrin olduğunu vurğulamışdır. Azərbaycanın qardaş Gürcüstanı hər zaman dəstəklədiyini deyən V.Merabişvili ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd etmişdir.
Gürcüstanın Baş naziri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daim inkişaf etdiyini vurğulamışdır.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.