Təbiətə naxışlanan adlarımız

 

 Bu dilbər guşədə dillər əzbəri olan elə yer adları var ki, onlar həm çoxluq təşkil edir, həm də adları bizim orfoqrafiya lüğətimizdəki sözlərdən ibarətdir. Bu toponimləri araşdırdıqca bir daha duyursan ki, bineyi-qədimdən bu ərazilər tamamilə azəri türklərinə məxsus olub. Dağının, meşəsinin, kahasının, dərəsinin, bağının, meydanının adlarına diqqətlə fikir versəniz, yad bir ifadəyə, anlaşılmaz kəlməyə rast gəlmək mümkün deyildir. Bu yerlərin bizlərə məxsusluğunu təsdiqləyən Şuşa toponimləri kağıza, dəftərə, hansısa bir sənədə yox, məhz təbiətin özünə naxışlanıb.

Cıdır düzü - vaxtilə Qafur düzü kimi məşhurlaşan bu yer Qafur adlı bir şəxsin torpaq sahəsi olub. XIX əsrin əvvəllərində şuşalılar, əsasən də Cəfərqulu xan (İbrahim Xəlil xanın nəvəsi) Qafur düzündə Cıdır yarışları keçiriblər. Elə o vaxtdan da bura Cıdır düzü adlanıb.

Topxana - təbiətin bu zümrüd guşəsinin - meşəsinin belə adlandırılmasının tarixi bir mənası var. İran hökmdarı Ağa Məhəmməd şah Qacar 1795-ci ilin yayında Şuşaya hücum edərkən öz qoşununu və topxanasını burada yerləşdirərək qalanı atəşə tutmuşdur. Elə o vaxtdan da həmin yerə xalq arasında "Topxana" deyilib. 1988-ci ildə ermənilər Qarabağ münaqişəsinə məhz bu meşədən başladılar. Ermənilər səngər qurub silah-sursatını yerləşdirərək Şuşanı müxtəlif silahlardan atəşə tutdular. Tarix beləcə təkrarlandı...

Ərimgəldi qayası - onun əvvəlki adı Çanaqqala olub. Ağdamdan Şuşaya gedəndə yeddi qat dolamanı keçdikdən sonra yolun sağ qanadında yerləşir. Çox səfalı bir mənzərəli yer idi. Vaxtilə Şuşada belə bir dəb vardı. Yaz aylarında şuşalı bəylər öz faytonları ilə Aran Qarabağa gedərək əkin-biçinlə məşğul olanlara baş çəkərdilər. Bəylərin xanımları da bu qayanın ətrafına yığışaraq həm istirahət edər, həm də ərlərinin yolunu gözləyərdilər. Hər kəs də öz ərinin faytonunu yaxşı tanıyardı. Elə ki tanış atlını görərdilər, tez xanımların biri qaraltıdan öz həyat yoldaşını tanıyar və bərkdən deyərdi: "Ərim gəldi, ərim gəldi" və sevinə-sevinə də evinə dönərdi. Beləliklə, Çanaqqala getdikcə öz əzəlki adını itirib Ərimgəldi qayası oldu.

Xəzinə qayası - Daşaltı çayının sağ kənarında cıdır düzünün yanında meşə və qayalıqların içində yerləşir. Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra həmin gün İbrahim Xəlil xanın qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy saraya gələndə görüb ki, İran qoşunlarının sərkərdələri şahın qənimət kimi topladığı xəzinəni dağıdırlar. Batmanqılınc Məhəmməd bunun qarşısını alır. Müəyyən varidat ələ keçirərək öz xəzinəsi ilə birlikdə (İbrahim Xəlil xan Balakəndən qayıdanadək) qayalıqda basdırır. Təəssüf ki, bu xəzinə sonra nə onun özünə qismət olur, nə də başqalarına. Belə danışırlar ki, hətta bu hadisənin üstündən uzun illər keçdikdən sonra da ermənilərin fitvası ilə rus səyyahları, alimləri, əsgərləri bu qayada xəzinəni çox axtarıblar, amma tapa bilməyiblər. Elə o vaxtdan da bu yerlər Xəzinə qayası adlanıb.

Üçmıx dağı - əslində təpədir. Onun ətrafında daha uca dağlar - Kirs və Sarıbaba dağları var. Cıdır düzünün ən yüksək zirvəsidir (qövsvaridir). Üç təpədən ibarətdir. Sanki torpağa mıx kimi sancılıb. El arasında Üçmıx dağı kimi məşhurlaşıb.

Xan bağı - Şuşa yaxınlığındakı Qarqar çayının hər iki sahilində Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşirin dövründə salınmış böyük bağdır. El arasında xanın şərəfinə bu zümrüd guşəni "Xan bağı" adlandırmışlar. Sonralar burada müxtəlif binalar tikilmiş, bağ sahələri genişləndirilmiş, hətta buzxana, zorxana da yaradılmışdı. Deyilənə görə, İbrahim Xəlil xan bu bağı çox sevərmiş. Tez-tez ora gəlib istirahət edərmiş. Hətta müxtəlif əyləncələrlə də məşğul olurmuş: at çapar, ov ovlayar və s. "Kürəkçay" müqaviləsindən sonra (1805) rus mayorunun başçılığı ilə 500 nəfərlik polk öz silah-sursatı ilə birlikdə Xan bağında yerləşdirilib. 1826-cı ildə İran şahzadəsi Abbas Mirzənin qoşunlarının Qarabağa hücumu zamanı buradakı binalar dağıdılmış, bəzi yerlər tamamilə sıradan çıxmışdır. Sonralar Mehdiqulu Cavanşir xan tərəfindən Xan bağı bərpa edilərək yenidən əvvəlki halına qaytarılmışdır.

Xarıbülbül - deyilənə görə, Şuşadan savayı heç yerdə bitmir. Əslində Şuşa dağlarında 400-ə qədər gül növü bitir. Xarıbülbül isə təbiətin möcüzəsidir. Bu nadir çiçəyə Cıdır düzündə, Topxana meşəsində, Şuşanın ətraf kəndlərində rast gəlmək olur.

İsa bulağı - İsa adlı kişinin Sarıbaba dağının ətəyindən Şuşanın ən səfalı guşəsinə - meşənin içinə çəkdirdiyi çeşmədir. XIX əsrin birinci yarısından bu yerlərdə qaynayan bulaq onu çəkdirənin adı ilə məşhurlaşıb. Əsrlərdir ki, öz adını yaşadan bulağın başı həmişə qonaq-qaralı olub. Belə bir rəvayət də danışırlar ki, Şuşaya gələn qonaqları həmişə İsa bulağına gətirmək, orada onlara yaxşı məclis qurmaq bir ənənəyə çevrilib. Vaxtilə Üzeyir Hacıbəylinin böyük dayısı Mustafa bəy qonaqlarını başına yığaraq İsa bulağına gəlib. Bu o zaman imiş ki, Xan qızı Natəvan ikinci dəfə ailə həyatı qurubmuş. Onun Şuşa bəylərinə yox, Cənubi Azərbaycandan gələn kasıb Seyid Hüseynə ərə getməsi çoxunun izzət-nəfsinə toxunub. Bu səbəbdən də Xan qızını hədəfə götürərək onu tənqid edən paxıllar ağzıgöyçəklikdən qalmırdılar. Həmin qonaqlardan biri də süfrə başında Xan qızının ünvanına nalayiq ifadə işlədib. Şər sözə dözüm gətirə bilməyən Mustafa bəy qılıncını çəkərək qonağının sinəsinə saplayıb. Qonaq da həmin anda tapançası ilə Mustafanı vurub. Nəticədə hər ikisi həlak olub. Bu, sadəcə bir ölüm hadisəsi deyildi. Bu, şuşalı bəyin qeyrət savaşı idi.

Ağzıyastı kaha - Cıdır düzünün yaxınlığında səfalı bir yerdə sıldırım qayalar arasında yerləşən mağara. Bu kahanı şair və musiqişünas-alim Mir Möhsün Nəvvab öz xərcinə düzəltdirib. Kahanın içərisindəki daşa adını və bu yerin tarixini yazdırıb. Otuz-qırx adam tuturdu. Mir Möhsün Nəvvab adətən yay aylarında burada ədəbi musiqili məclislər təşkil edərdi. İsti yay günlərində kahanın əvəzi yox idi. Çox sərin və gözəl havası olardı. Bir qayda olaraq Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi "Məclisi-fəramuşan" adlı şairlər məclisinin üzvləri, eləcə də xanəndələr, çalğıçılar bura yığışardılar. Hətta şəhərdən qonaqlar da dəvət edilərdi. Əsl şeir gecəsi keçirilərdi. Şairlər yeni şeirlərini oxuyar, ustadlar onları təhlil edər, məclisin sonunda isə muğam və xalq mahnıları səslənərdi.

Qızxanım dərəsi - Şuşadan 18 kilometr aralıda səfalı və mənzərəli bir dərədir. Bu dərə Molla Pənah Vaqifin həyat yoldaşı Qızxanımın adı ilə bağlıdır. Deyilənə görə, Qızxanım bu yeri çox sevərmiş. Tez-tez rəfiqələrini başına yığaraq dərəyə gəzməyə gələrmiş. Saatlarla burada əyləşər, gül-çiçək yığar, istirahət edərmişlər. Turşsu mədən suyu da həmin dərədən çıxır.

İbrahim Xəlil xanın kahası - bu kaha da Cıdır düzünün qarşı tərəfindəki sıldırım qayanın içərisində yerləşirdi. Deyilənə görə, İbrahim Xəlil xan bu kahanı düşmən hücumundan müdafiə olunmaq, həm də müəyyən qiymətli əşyaları gizlətmək üçün tikdirmişdi. Şuşanın işğalına qədər həmin kaha dururdu.

Ağa körpüsü - XIX əsrin tarixi abidəsi sayılır. Şuşadan Xankəndiyə gedən daş yolda, Xəlfəli və Daşaltı çaylarının qovuşduğu yerdə qədim körpüdür. Deyilənlərə görə, bu körpünü Cövhər ağa Cavanşir saldırıb. Bu səbəbdən də el arasında onu "Ağa körpüsü" adlandırıblar. 1762-ci ildə Qarabağa basqın edən Urmiya hakimi Fətəli xan Əfşar məğlub olduqdan sonra Qarabağ hökmdarı Pənahəli xan Cavanşirlə birlikdə həmin yerdə görüşərək barışıq imzalayıblar. 1989-cu ildə Ağa körpüsü ermənilər tərəfindən dəfələrlə dağıdılsa da, yenidən bərpa olunmuşdu.

Kəhər atın yoxuşu - Ağa körpüsündən təxminən iki kilometr aralıda Şuşanın məşhur dağ dolamalarının başlandığı yerdir. El arasında onu "Kəhər atın yoxuşu" adlandırırdılar. Buna da səbəb yeddi dolamanı faytonun iki saata qət etməsi idi.

Kəhrad yolu - Şuşanın şimal-şərq tərəfindəki qədim torpaq yoludur. XVIII əsrin ikinci yarısında çəkilib. Qarabağ paytaxtını Gəncə ilə birləşdirən bu karvan yolu boyunca körpülər salınmışdı. Çaylar üzərində bu körpüləri tikməkdə məqsəd məsafəni qısaltmaq idi.

Fətəlixan səngəri - el arasında bu yerin belə adlandırılmasının tarixi var. Urmiya hakimi Fətəli xan Əfşar 1762-ci ildə Şuşaya hücum ərəfəsində Ballıca və Xocalı çayları arasındakı geniş düzənlikdə səngər qazaraq ordugahını həmin yerdə yerləşdirib və altı ay burada məskən salaraq döyüşə hazırlaşıb. Xocalının yaxınlığında yerləşən Fətəli xanın səngərinin divarlarının xarabalıqları və nişanələri hələ ötən əsrin sonlarına qədər qalırdı.

Gövhər ağalıq - Şuşanın ən gözəl yerində, Üçmıx ətrafında əzəmətli malikanədir. İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağa bu malikanə ilə şəhər arasında daş körpu saldırmışdı. Həmin ərazi ona məxsus olduğuna görə o yerə "Gövhər ağalıq" deyilirdi.

Molla Nəsrəddin yolu - Şuşadan İrana meşələrin arası ilə gedən kəsə karvan yoludur. Araz çayının yaxınlığındakı eyniadlı körpünün adı ilə həmahəngdir. Uzunluğu 60 kilometrə yaxındır. XVIII əsrin ikinci yarısından başlayaraq Qarabağ tacirləri mallarını İrana və digər Yaxın Şərq ölkələrinə aparmaq üçün Molla Nəsrəddin yolundan istifadə edərdilər.

Rastabazar küçəsi - Şuşanın ən böyük küçələrindən biri idi. Mərkəzdən keçən və eni-boyu uzanan bu düz küçə həm də ən böyük və yeganə ticarət mərkəzi sayılırdı. Şuşanın ən məşhur tacirlərinin arşın malı, ayaqqabı, paltar, dərzi, çəkməçi, qəssab, tərəvəz, bəzzaz, nüsxəbənd, papaq, əttar və s. dükanları burada yerləşirdi. Küçənin həm başlanğıcında, həm də qurtaracağında kiçik meydança vardı. Rastabazarın başlanğıcındakı sahə "Bazarbaşı", yəni bazarın başlanğıcı, sonundakı sahə isə "Meydan" adlanırdı.

Meydan - Şuşanın Rastabazar küçəsinin qurtaracağındakı geniş bir sahə idi. Tən ortasında bulaq (Meydan bulağı), yuxarı tərəfində karvansara, sol tərəfində isə böyük məscid - Gövhər ağa məscidi yerləşirdi.

Şeytanbazar - Meydandakı karvansaranın qarşısından başlayaraq Cıdır düzü istiqamətində uzanan ikinci düz küçə sayılırdı. Bu küçədə də əsasən dəmirçilərin və nalbəndlərin dükanları yerləşirdi.

Qapandibi -  XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Şuşanın şərq hissəsində satış bazası rolunu oynayan meydan. Meydanın ətrafında karvansara və əllaf dükanları var idi. Burada həmişə qələbəlik olardı. Şərq və Avropa ölkələrindən, Rusiyadan, Qafqazın müxtəlif şəhərlərindən, Qarabağın kəndlərindən gətirilən mallar bura toplanar və qapanda (tərəzidə) çəkiləndən sonra dəllallara (satıcılara) paylanardı.

Həftəbazarı - Şuşada bazar günləri fəaliyyət göstərən, müasir dillə desək, yarmarka tipli bazar. Həftəbazarları arasında ticarət işlərini çarvadarlar və xırdavatçılar yerinə yetirirdilər.

Meydan bulağı - Şuşa şəhərinin ən gözəl, izdihamlı bir yeri idi. Nələr olmurdu orada? Ticarət də vardı, sadəcə söz-söhbət üçün bir yerə yığışan da, tanış olmaq istəyən də, qonaq da, yerli sakin də. Qəribə bir mənzərə yaranardı. Bura gələnlər üç-üç, beş-beş bir yerdə oturaraq öz aralarında söhbət edərdilər. Əsl Şərq görüntüləri idi. Kimsə nəsə satardı, malını haraylayaraq tərifləyərdi. Bir sözlə, burada alan da var idi, satan da, təzə xəbərlərə müştaq olan da.

Xan qızının Bağı - bəllidir ki, 1873-cü ilin avqustunda Xan qızı Natəvan Şuşaya bulaq çəkdirməklə şəhərin su problemini qismən həll edib. Məhz onun sayəsində Şuşada iri su anbarı, hovuz, hamam, buzxana tikildi. Xan qızı Natəvan şəhər əhalisinin istirahəti və gəzintisi üçün evinin yaxınlığında ən səfalı yerdə bağ saldırdı. Burada küknar, qovaq, çinar və müxtəlif meyvə ağacları əkdirdi. Tezliklə bağ öz yaşıllığı ilə şəhərə xüsusi gözəllik gətirdi. Hətta bağın bir istirahət guşəsi kimi açılış mövsümündə Natəvan xanım bağa gəzməyə gələndə şəhər camaatına qonaqlıq da verib. Xan qızının bağı son dövrlərə qədər şuşalıların və qonaqların ən sevimli istirahət yeri kimi məşhur idi. El arasında "Xan qızının bağı" adlanan bu dilbər guşənin indiki vəziyyəti ürək parçalayandır.

Şəmilin bağı - Yuxarı Daşaltıda kiçik düzənlik, tut ağaclarından ibarət istirahət guşəsidir. Bu yer onu yaradan bağbanın adı ilə dillər əzbərinə çevrilib. Daşaltı çayının üstündə Üçmıx dağının ətəyində, bulaq kənarında yerləşirdi. Yay aylarında bu bağın özgə bir hüsnü olardı. Musiqiçilər, xanəndələr, çalğıçılar Şəmilin bağına toplaşardılar. Xüsusilə də Şuşanın bu baməzə adamları bağın daimi qonaqları olardı. Deyər, gülər, çalar, oxuyar, istirahət edərdilər. Kim bilir, indi bu bağın ağacları da yəqin ki quruyub...

Şuşa qapıları -  məlumdur ki, bu şəhərin iki qapısı olub. Bu barədə "Qarabağnamələr"də, Nəvvabın, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin və başqalarının əsərlərində, arxiv materiallarında, xatirələrdə dəfələrlə söz açılıb. Doğrudur, bəzən Şuşanın üç-dörd qapısı olduğunu yazanlar da var, amma bu, mümkün deyil. Çünki Şuşanın sol və sağ tərəfi tamamilə sıldırımdır. Bir də adlar xanlığa görə müəyyənləşib. O zaman Gəncə xanlığından Şuşaya giriş Gəncə qapısı adlanıb.

Şəhərin yuxarı hissəsindən İrəvan xanlığı istiqamətinə yol gedildiyinə görə burada da İrəvan qapısı olub. Birbaşa buradan Gorus, Qafan istiqamətinə yol uzanırdı. Bəs niyə bu şəhərlərin adı ilə yox, məhz İrəvan qapısı? Çünki xanlıq İrəvanda yerləşirdi. Bu ərazilər də İrəvan xanlığına məxsus idi. Qarabağda baş verən müharibələr nəticəsində qapılar dağıdılıb, ondan heç bir əsər-əlamət qalmayıb.

Doğrudur, Şuşanın müəyyən cığırları, yeraltı yolları da vardı. Məsələn, Şuşa həbsxanası istiqamətinə Mıxətər, eləcə də Xəlfəli cığırları. Qapılarla bu kiçik yolların fərqi onda idi ki, hər iki qapıdan qonaqlar, əyanlar, karvanlar, böyük dəstələr gəlib keçərdi. O cığırlardan isə olsa-olsa ətrafı yaxşı tanıyan kimsə ötərdi. Yəni, geniş kütlə üçün nəzərdə tutulan yol deyildi. Bəzən də yazırlar ki, Şuşanın Ağoğlan adlı qapısı olub. Lakin bütün tarixi faktlar təsdiqləyir ki, Şuşanın iki qapısı varmış. Ağoğlan isə Laçın ərazisində yerləşən qəsrin adıdır. Ümumiyyətlə, Şuşa qapıları dediyimiz kimi, xanlıqla bağlı idi. Ağoğlan adlı xanlıq isə olmayıb.

...Ad sadəcə bir müraciət forması, çağırış və xitab deyil. Hər bir yerin, ərazinin, dağın, dərənin... adının arxasında tarix var. Bu tarixin da açılmamış səhifələrində onu yazan və yaradan xalqın milli təfəkkürü, yaşam tərzi və mübarizəsi, taleyi əks olunub. Onu üzə çıxarmaq, oxumaq isə bizim borcumuzdur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 1 iyul.- S. 11.