Almaniyanın Die Welt qəzetində Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məqalə dərc olunub

 

Almaniyanın "Die Welt" qəzetinin 13 iyul sayının iqtisadiyyat bölməsində "Xəzər sahillərində qlobal oyunçu: Azərbaycan iqtisadi artımı mədəniyyətə rəğbətlə birləşdirir" başlıqlı yazıda Heydər Əliyev Fondunun fəaliyyəti haqqında söhbət açılır.

Məqalənin əvvəlində Azərbaycanın iqtisadi inkişafı haqqında qısa arayış verilir. Qeyd olunur ki, Azərbaycan keçmiş sovet respublikasından Avropa ilə Asiya arasında körpü olan və eyni zamanda dünyada artan nüfuza malik olan müasir və güclü iqtisadi qüvvəyə çevrilmişdir. Azərbaycan təkcə böyük şirkətlərin fəaliyyət zonası deyil, həm də müxtəlif mədəniyyətlərin görüş yeridir. Bu iqtisadi dinamikanı cəmiyyətdə müxtəlif sahələrdə davamlı inkişafla balanslaşdırmaq lazımdır. Bu, Heydər Əliyev Fondunun prioritetlərindən biridir.

Məlumat verilir ki, Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verir, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsəd müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur. Fondun xaricdəki layihələrinə Strasburqda kilsənin restavrasiyasına 1,5 milyon avro ayrılması və Vatikanla Romadakı bəzi abidələrin restavrasiyası üçün imzalanan memorandum misal gətirilir.

Bildirilir ki, fond xeyriyyə işləri ilə yanaşı, çoxtərəfli layihələrə də dəstək verir, məsələn, BMT, İKT və sair beynəlxalq təşkilatların savadsızlıqla mübarizə, uşaq, qadın hüquqlarının təmin olunması, ayrı-seçkiliyin aradan qaldırılması və digər mövzularda tədbirlərinin həyata keçirilməsində iştirak edir. Məqalədə fondun prezidenti Mehriban xanım Əliyevadan sitat gətirilir: "Dünyada ən ağrılı problemlərdən biri mənəvi ideyaların saxta ideyalar vasitəsilə sıxışdırılmasıdır". Qeyd olunur ki, Mehriban xanım eyni zamanda UNESCO və İSESCO təşkilatlarının xoşməramlı səfiri kimi də fəaliyyət göstərir.

Məqalənin sonunda qeyd olunur ki, Azərbaycan daim inkişafdadır. Bu ölkə insanların mehribanlığı, yeni abidələrlə tarixi binaların harmoniya yaratdığı, mədəni irsin qorunduğu paytaxt Bakının gözəlliyi ilə məşhurdur.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 17 iyul.- S. 4.